Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4159/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi “Qarabağ müharibəsində iştirak etmə faktının tanınması”na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdə keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi “Qarabağ müharibəsində iştirak etmə faktının tanınması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1992- ci ilin yanvar ayının əvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şüşa şəhərinin Kosalar kəndində iştirak etməyinə dair faktın tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, ərizəçinin ərizəsinin məzmunundan məlum olur ki, o, döyüş əməliyyatlarında iştirak etmək faktının müəyyən edilməsi niyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi X1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, itmiş vəsiqənin bərpa edilməsi arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ərizəçi inzibati orqanın imtinasından inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, Ərizəçi “Qarabağ müharibəsində iştirak etmə faktının tanınması”na dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi “Qarabağ müharibəsində iştirak etmə faktının tanınması”na dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, o, inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4159/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4159/2020
15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver