Məhkəmə qərarları › İş №2(010)-4160/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4160/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4160/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 46 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun atası Əlinağı Əliyevə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə vəfat etmiş Əlinağı Əliyev onun atasıdır. Atası vəfat etdikdən sonra mərhum atasının adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 46 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətinin təqdim olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin atasının adına həmin sənədin mövcud olmadığını, həmin ünvana məxsus 1975-ci ildə tərtib edilmiş texniki pasportun X2 adına olduğu cavabını vermiş, təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğunu bildirmişlər. Nəzər yetirəndə anlamışdır ki, həmin texniki sənəd atasının adına olsa da, həmin sənəddə ad, soyad və ata adı rus əlifbasına uyğun yazıldığı üçün azərbaycan qrafası ilə təqdim etdiyi sənədlər arasında uyğunsuzluq yaranmışdır. Onun doğum haqqında şəhadətnaməsindən, şəxsiyyət vəsiqəsindən görünür ki, həmin sənədlərdə atasının adı Əlinağı, soyadı isə Əliyev olaraq qeyd olunmuşdur. Mərhum atası Əlinağının göstərilən ünvanda yaşamasına şahid olmuş, bu barədə kifayət qədər məlumatı olan şəxslər şahid kimi dindirilərsə, bu hal tam sübut olunar. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 46 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun mövcudluğu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubundan da görünür. Sadəcə olaraq, atasının adı rus qrafalarına uyğun olaraq “X5” olaraq göstərildiyindən onun həmin sənədi əldə etməsi mümkün olmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə etdi ki, bu faktın təsdiq edilməsi ona atasından miras qalmış fərdi yaşayış evinə “sənəd düzəltmək” üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, mərhum Əlinağı Əliyevin adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsinə dair müraciətə cavab olaraq bildirilmişdir ki, X3 (sənəddə olduğu kimi) adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 46 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş 1975-ci il tarixli texniki pasport İdarənin arxivində mövcuddur. Təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olduğundan sənəd surətlərinin verilməsi mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, X3 mərhum Əlinağı Əliyev ilə eyni şəxs olduğunu təsdiq edən sənəd (məhkəmə qərarı) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər.

6. Bakı şəhəri Əzizbəyov rayon kənd soveti tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 441448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası Əliyev Əlinağı, anası X4) xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.1958-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 310318 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Əlinağı xx.xx.1992-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair 1975-ci ildə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, texniki pasport X3 adına tərtib edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 898 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. Hal-hazırda Baxça 38 ünvanı Baxça 46-dır.

İşin faktiki halları.

10. Ərizəçi atası Əliyev Əlinağı xx.xx.1992-ci ildə ölmüşdür.

11. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair texniki pasport X3 adına tərtib edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair texniki pasport X3 adına tərtib edilmişdir. Hazırda həmin evdə yaşayan Ərizəçi atasının adı isə Əlinağı Əliyev olmuşdur. Belə ki, həm mərhumun ölüm haqqında şəhadətnaməsində, həm ərizəçinin doğum haqqında şəhadətnaməsində, eləcə də şəxsiyyət vəsiqəsində ata adı Əliyev Əlinağı şəklində qeyd edilmişdir.

15. Məhkəmə, müvafiq evdə yaşayanın məhz Ərizəçi olduğunu, ərizəçinin atasının adının Əlinağı Əliyev olduğunu, 1975-ci ildə tərtib edilmiş texniki pasportda əlyazısı ilə yazılmış bütün yazıların, eləcə də adına texniki pasport tərtib edilmiş şəxsin adının rus dilində, kiril əlifbası ilə yazıldığını nəzərə alaraq hesab edir ki, sözügedən texniki pasportun mərhum Əlinağı Əliyevə məxsus olması işin halları əsasında müəyyən edilir.

16. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair 1975-ci ildə tərtib edilmiş texniki pasportun ərizəçinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş atası Əliyev Əlinağıya məxsus olması faktı müəyyən edilməlidir.

18. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 46 saylı fərdi yaşayış evinə dair 1975-ci ildə tərtib edilmiş texniki pasportun ərizəçinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş atası Əliyev Əlinağıya məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar