Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-420/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə cavabdehin və 03.10.2003-cü il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X3 və 14.11.2012-ci il təvəllüdlü X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək 15000 manat kompensasiya ödənilməklə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzildən cavabdehin mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat verən Vəkil iddia tələbini onunla əsaslandırdı ki, iddiaçının oğlu X6 17.12.2002-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 03.10.2003-cü il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X3 və 14.11.2012-ci il təvəllüdlü X4 anadan olmuşlar. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4976/2018 saylı 28.12.2018-ci il tarixli qətnaməsilə onların arasında bağlanmış nikaha xitam verilərək birgə nikahdan anadan olmuş 03.10.2003-cü il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X3 və 14.11.2012-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində qalmaları qət edilmişdir. İddiaçı Abasova Qalina İvanovna 01.07.2005-ci il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən mənzilini sataraq əldə olunmuş pula Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda rəsmləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısında 200 kv. metr torpaq sahəsi almış və 17.09.2005-ci il tarixdə həmin torpaq sahəsinə dair adına şəhadətnamə almışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində yaşayış evi tikmiş və ailə üzvləri ilə birlikdə həmin evə köşmüşdür. Yaşadığı ünvan 1 ünvanda yerləşən ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi vahid əmlak olaraq 10.09.2019-cu il tarixdə mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının oğlu ilə nikahı pozulduğu vaxtdan artıq iddiaçının ailə üzvü sayılmır, onlar hazırda ayrı-ayrı təsərrüfat aparırlar. İddiaçının cavabdehlə tez-tez münaqişələri olur, bununla bağlı dəfələrlə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciətlər edilmişdir. Cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus evində yaşaması sonuncunun qanunla qorunan hüquqlarını mülkiyyət hüquqlarını pozur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4 maddısinə əsasən cavabdeh və onun himayəsində olan 3 nəfər yetkinlik yaşına çatmayan övladlarının iddiaçının mülkiyyətində olan evindən 15000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iclasında izahat verərək iddia tələbi ilə razılaşmadığını onunla əsaslandırdı ki, onun və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının başqa yerdə yaşayış yerləri yoxdur. Bu səbəbdən hesab edir ki, iddiaçının kompensasiya qismində təklif etdiyi 15000 manat ona torpaq sahəsi almaq və həmin torpaq sahəsi üzərində ev tikməyə kifayət etmir. Belə olduğu halda hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsi notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, 31.08.2005-ci il tarixdə, İddiaçı Bakı şəhəri, Əmircan qəs., Rəng Emalı zavodunun qarşısında 200kv.m. torpaq sahəsini almış və sonuncunun adına 17.09.2005-ci il tarixdə torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 sentyabr 2020-ci il tarixli **********37 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi vahid əmlak olaraq 10.09.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış və hazıda mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının oğlu X6 arasında 17 dekabr 2002-ci il tarixdə bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, 03.10.2003-cü il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X3 və 14.11.2012-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində qalmaları qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayşdan görünür ki, ünvan 1 ünvanda yerləşən ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsinin 09.08.2019-cu il tarixinə bazar dəyəri 74000 manat təşkil edir. İş materiallarında olan 07.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X2, X3 və X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi İddiaçı tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni ilə müəyyən olunur ki, Cavabdeh 2005-ci ildən torpaq sahəsi üzərində tikilmiş və 2019-cu idən mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşayır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk olaraq cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olub-olmadığını müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını, yəni iddiaçının oğlu ilə cavabdeh arasında 17.12.2002-ci il tarixdə nikahın bağlanıldığını və cavabdehin 2005-ci ildən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi evində yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunan mövqeyə görə iddiaçı və onun azyaşlı uşaqlarının mübahisəli mənzilə istifadə hüquqlarının yaranıbyaranmadığı məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Bunlar isə ona dəlalət edir ki, cavabdeh və onun himayəsində olan azyaşlı övladları mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh himayəsində olan azyaşlı uşaqları ilə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən mübahisəli evə istifadə hüququ əmələ gəlmədiyinə görə və xüsusi mülkiyyət istər daxili qanunvericilik, istərsə də beynəlxalq hüquq normaları tərəfindən geniş şəkildə tanındığından və qorunduğundan iddiaçının hüquqlarının bərpa edilməsi zəruridir. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. “İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə edilən 1 saylı protokolun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə olan halda cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının mülkiyyət hüququna edilən qeyri-qanuni müdaxilə hesab olunur və onun əsassız mənafeyinə xidmət edir. İddiaçı yuxarıda göstərilən qaydada tələbinin əsası kimi istinad olunan halları, cavabdeh tərəfindən ona məxsus pozulmuş hüququnun mövcudluğunu sübut edə bilmişdir. Cavabdeh mübahisəli bağ sahəsində yaşamaqda davam etməklə iddiaçının mülkiyyət hüququnu pozmuş olur və onun mülkiyyət hüququnu realizəsini məhdudlaşdırır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh himayəsində olan yetkinlik yaşına çalmamış - 03.10.2003-cii il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X5 və 14.11.2012-ci il təvəllüdlü X4 ilə birlikdə iddiaçıya məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdılar. Bu baxımdan qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda şərh olunan normaları baxımından iddiaçı hər hansı kompensasiya ödəmədiyi halda da cavabdehin onun evindən çıxarılmasını tələb edilməsi əsaslı hesab olunur. Bununla belə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə 15000 manat kompensasiya ödəmək niyyəti məhz sonuncunun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evdən çıxarılması ilə bağlı irəli sürülmüşdür. Belə olduğu halda məhkəmə həmin məbləğdə pulu ödəməklə cavabdehə qarşı iddia tələbinin təmin olunmasını mümkün hesab edir. Eyni ilə qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Cavabdehin isə azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, cavbadehin istifadə hüquqlarına xitam verilməsi tələbi əsassız hesab olunur, çünki yaranmayan hüquqa xitam verilə bilməz. Evdən çıxarılma ilə bağlı iddianın əsassız olmasına dair cavabdehin məhkəmə iclasında gətirdikləri dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir, çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Cavabdeh yetkinlik yaşına çatmamış 03.10.2003-cii il təvəllüdlü X2, 15.12.2009-cu il təvəllüdlü X5 və 14.11.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Əmircan qəs., Ə.Qarayev küçəsi, döngə 2, 6A№li evdən İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə çıxarılsınlar. İddia qalan hissədə rədd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-420/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-420/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver