Məhkəmə qərarları › İş №2(010)-4205/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4205/2025

19.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4205/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlu onun oğludur. Oğluna “X2” diaqnozu qoyulmuş və ona İİ dərəcəli əlillik verilmişdir. Oğlu müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı var. Vəliyev Rüfət Əli oğlu əqli qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, oğlu artıq 36 yaşına çatmış, lakin Konstitusiyanın ona verdiyi hüquqlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasın belə dərk etmir. Bu səbəbdən də, o, oğlunun bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, oğlunun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, onun üzərində qəyyum təyin edilmədən oğlunun bəzi hüquqlarını həyata keçirə bilmir. Ona görə də, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan (əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair) görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlunun sağlamlıq vəziyyəti müayinə edilmiş, sonuncuya “F20.0 Paranoid şizofreniya, X2” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3354 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs – Vəliyev Rüfət Əli oğlunda “X2, psixi qüsur əlamətləri ilə” (F20.0) xroniki psixi xəstəliyi qeyd edilir. Bunu anamnestik məlumatlar (uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “X2” diaqnozu ilə ikinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə çətinliklə daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs Vəliyev Rüfət Əli oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

İşin faktiki halları.

8. xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlu Ərizəçi oğludur. Belə ki, ərizəçi oğlu xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı əvvəlcə ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş, lakin müraciəti müsbət nəticələnmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Şəxsin tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilib-edilməməsi məsələsinin həlli baxımından psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3354 nömrəli ekspert rəyindən görünür ki, Vəliyev Rüfət Əli oğlunda “X2, psixi qüsur əlamətləri ilə” (F20.0) xroniki psixi xəstəliyi müəyyən edilir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

12. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Vəliyev Rüfət Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmənin gəldiyi nəticə.

13. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

14. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü Vəliyev Rüfət Əli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar