Məhkəmə qərarları › İş №2(010)-4218/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4218/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4218/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” dair ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1836 saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin şəxslər qrafasında 1-ci sırada olan “X9”nun o, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi, xx xxxxx 1956-cı ildə Yevlax şəhərində anadan olub. Hazırda da ailəsi ilə birlikdə Yevlax şəhəri Nüşəbə küçəsi ev 30-da yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasinin 17 fevral 2006-cı tarixli 10 №-li qərarı ilə ona, yəni Ərizəçi 0,05 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı ona JN-1836A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Məhz şəhadətnamənin 1-ci sırada olan ad səhv yazılmışdır. Belə ki, şəhadətnamədə 1-ci sırada “X9” yazılsa da, əslində “Ərizəçi” yazılmalı idi. Yəni “Zahid” yazılmalı olmasına baxmayaraq səhvən “Vahid” yazılmışdır. Ona görə də o, hazırda həmin texniki bir səhv olan bu yanlışığın düzəldilməsini xahiş edir. O, bununla bağlı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, İdarənin 29 iyul 2023-cü il tarixli məktubu ilə qeyd olunan tələbinin təmin olunmasıdan imtina edilmişdir. Xüsusi ilə qeyd edir ki, o, bundan əvvəl eyni məzmunlu iddia ilə Yevlax rayon Məhkəməsinə müraciət etsə də, məhkəmənin 18 avqust 2023-cü il tarixli 2(039)-2237/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırılmışdır ki, onun qeydiyyatı Suraxanı rayonu olduğu üçün, işə də həmin ərazi aidiyyatı üzrə baxılmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. JN-1836A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsinin surətindən görünür ki, Yevlax rayonu, Yevlax şəhər sakini X7 Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.05 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Şəhadətnamənin bir nüsxəsi X7, ikinci nüsxəsi Yevlax rayon (şəhər) şöbəsində saxlanılıb. Torpaq mülkiyyətiçisinin planı və sərhədlərinin ölçüsündən də görünür X6 adı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin sorğuya cavabından görünür ki, sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanmılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş JN- 1836A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən “Vahid” adı ilə şəxsiyyət vəsqiqələrindəki “Zahid” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin salahiyyətinə aid deyildir və ərizənin icrasından imtina edilir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2237/2023 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə “faktın müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, 31 iyul 2023-cü il tarixli 4073 saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4218/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə Ərizəçi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə şahidlərin dindirilməsi Yevlax rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir. Yevlax Rayon Məhkəməsinin 10(039)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsindən daxil olmuş X1nun və X3 alınmış ifadələri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli Yevlax rayon Məhkəməsinə X4 tərəfindən ərizədə görünür ki, Ərizəçi onun qonşusudur. Ona və ailə üzvlərinə torpaq sənədinə dair sənəddə adı səhvən Vahid kimi qeyd edilmişdir. Əsil adı Zahiddir. Hazırda həmin torpaqdan istifadə edir. xx.xx.2023-cü il tarixli Yevlax Rayon Məhkəməsinə X5 tərəfindən ərizədə görünür ki, Ərizəçi onun qonşusudur. Ona və ailə üzvlərinə verilən torpaq sənədinə dair sənəddə Vahid kimi qeyd edilmişdir. Torpaq Zahidindir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.... 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-1836A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhədətnamənin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, torpaq sahəsinin sənədlərində adı səhv olduğu üçün, fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış və texnik pasport ala bilməmişdir. O, çıxarış və texniki pasport almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin cavab olaraq ona imtina edilmiş və bildirilmişdir ki, şəhadətnamədə adlar arasında uyğunsuzluğun aradan qaldırıldığı halda, yenidən baxılması mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, işin hər tərəfli araşdırılması məqsədi ilə və şahidlər Yevlax rayonunda yaşadığı üçün məhkəmə tərəfindən Yevlax Rayon Məhkəməsinə şahidlərin dindirilməsi tapşırığı verilmişdir. Məhkəmə tapşırığına əsasən şahidlər dindirilmişdir. X1 və X5 ərizəçinin qonşuları olduğunu, torpaq sənədində adının yanlış olaraq “Vahid” yazıldığını, qonşunun adı Zahid olduğunu bildirmişdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun adı “Zahid” kimi, torpaq sahəsində isə “Vahid” kimi göstərilmişdir. Bununla da, torpaq sahəsinin ərizəçiyə məxsus olması faktı əhəmiyyət kəsb edir və torpağın mülkiyyətə verilməsi şəhadətnaməsi bu halda hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi Əli oğluna məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, JN-1836A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. JN-1836A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar