Məhkəmə qərarları › İş №2(010)-4249/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4249/2023

01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4249/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair verilmiş 17423 saylı, xx.xx.1980-ci il tarixli müqavilənin X2 məxsus olması faktının müəyyən edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair verilmiş 17423 saylı, xx.xx.1980-ci il tarixli müqavilədə icarədarın ailə üzvü kimi qeyd edilmiş X5 X3 oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan geri qaytarılmalıdır. 1) Ərizədən görünür ki, Ərizəçi məhkəmədən iki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş edir. Bunlardan biri Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1980-ci il tarixli müqavilə üzrə icarədar olan mərhum qayınatası X1 ata adının səhvən Sabir kimi yazılması ilə əlaqədar sözügedən müqavilənin X2 məxsus olması faktının müəyyən edilməsi ilə bağlıdır. Digəri isə eyni müqavilədə icarədarın ailə üzvü (oğlu) kimi adı Əli yazılmış şəxsin əslində X7 olması faktının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu iki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəyə bir icraatda baxıla bilməz. Belə ki, ərizələrdən birində sənədin ərizəçinin mərhum qayınatasına məxsus olması faktının müəyyən edilməsi xahiş edilir. Digərində isə sənəddə adı səhv qeyd edilmiş şəxsin adının düzgün şəkildə oxunması xahiş edilir. Göründüyü kimi, ərizəçi eyni sənəddə iki müxtəlif şəxsin ad və ata adının düzgün yazılmadığını iddia edərək, hər iki səhvin düzəldilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı). Bundan başqa, məhkəmə hesab edir ki, eyni bir sənədin iki fərqli şəxsə (biri icarədar, digəri icarədarın ailə üzvü kimi) məxsus olması faktının müəyyən edilməsinə iki ayrı ərizə əsasında baxılmalıdır. Xüsusən, nəzərə alınmalıdır ki, sənəddə adı düzgün qeyd edilmədiyi iddia edilən şəxs - X7 ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü qədərilə Ərizəçi mərhum əri Xaqani Hacıbəbirovun qardaşıdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, X4 ölümü üzrə qeydiyyat aparılmamışdır. Belə olan halda o özü sözügedən sənəddə adının səhv qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Buna baxmayaraq, müvafiq ərizə onun mərhum qardaşının arvadı olan ərizəçi tərəfindən verilmiş, bunun hansı səbəbdən baş verməsi ərizədə əsaslandırılmamışdır. 2) “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin. Deməli, hazırkı iş üzrə maraqlı şəxs ləğv edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrrüfatı Trestinin bütün arxivlərini təhvil almalı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Dövlət Xidməti) olmalıdır. Yəni Ərizəçi ərizədə qeyd etdiyi yanlışlığın aradan qaldırılması üçün əvvəlcə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, onun bu müraciətindən imtina edilərsə, yuxarıda qeyd edilən faktın təsdiq edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməlidir. Hazırkı ərizəyə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət etdiyini və onun müraciətinin təmin edilməsindən imtina edildiyini göstərən cavab məktubu əlavə edilmişdir. Lakin həmin məktubdan görünür ki, ərizəçi həmin orqana müvafiq icarə müqaviləsində adlarla bağlı yol verildiyini iddia etdiyi səhvlərin düzəldilməsi üçün yox, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, onun müraciətinin təmin edilməsindən həm sənəddə adla bağlı uyğunsuzluq, həm də hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması əsası ilə imtina edilmişdir. Ərizəçinin bundan sonra sənəddə uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq orqana müraciət etdiyini və onun bu müraciətinin təmin edilməsindən imtina edildiyini göstərən heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi bir-biri ilə bağlılığı olmayan iki tələbi bir ərizədə birləşdirməklə məhkəməyə müraciət etdiyindən və mübahisənin məhkəməyə qədər həlli qaydalarına düzgün riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiаçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar