Məhkəmə qərarları › İş №2(010)-4321/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4321/2020

27.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4321/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda “xxxx” ASC tərəfindən hesablanmış 3671,21 manat borcun “xxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 9 saylı evdə ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşmışdır. “xxxx” ASC tərəfindən quraşdırılmış sayğacdan elektrik enerjisinin istehlakçısı kimi istifadə etmiş və hər dəfə “Bildiriş” vərəqəsinə uyğun olaraq elektrik enerjisinə görə borcunu ödəmişdir. Növbəti dəfə ödəniş etmək istədiyi zaman “xxxx” ASC nümayəndələri tərəfindən ona bildirilmişdir ki, ödənilməli olan borcu 3671,21 manat təşkil edir. O, istehlakçı kimi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ünvan 1 ünvanda “xxxx” ASC tərəfindən hesablanmış 3671,21 manat borcun “xxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxxxx 2009-cu il tarixdə X2 məxsus olan Bakı şəhəri, S.Həmidov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacın sxeminin səhv olması, giriş faza yuvasına sıfır xəttinin daxil olması, kənar mənbədən sıfır xətti götürülməklə xüsusi açar vasitəsilə sayğacın düvrdən kənarlaşdırılması aşkar edilmiş və fakt üzrə NDM № 015595 nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. “xxxx” ASCnin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2019-cu il tarixli qərarına əsasən 5594 kvts itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq 615.34 manat məbləğində müəyyən edilməklə abonentin **********20000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına “xxxx ASC”-nin əməkdaşları tərəfindən baxiş keçirildiyi zaman sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmiş və fakt üzrə NDM № 018955 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və “xxxx” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən 32377 kvts itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq 3561,47 manat məbləğində müəyyən edilməklə abonentin **********20000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydalarının 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydalarının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bunlara əsasən iddiaçının tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə tərəflərin nümayəndərinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı Rayonu üzrə sektounun arayışından görünür ki, Füzuli rayonu sakini İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 98 saylı evdə müvəqqəti məskunlaşmış məcburi köçkün kimi yaşayır. İş materiallarında olan “Abunə haqqında” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yaşayan **********20000 kodlu abonent İddiaçı aktlar əsasında 3671,21 məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş və müvafiq qaydada təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixli NDM № 015595 və xx xxxxxxxx 2020-ci il tarixli NDM 018995 saylı akt və bu akt əsasında tərtib olunmuş xx xxxxxx 2019-cu il və xx xxxxxxxx 2020-ci il tarixli hesabatlardan müəyyən olunur ki, abonent kodu olan **********20000 kodlu abonent İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsbəsi, S.Həmidov küçəsində yerləşən 9 saylı evinə müvafiq olaraq 615,34 manat və 3561,47 manat hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludurlar. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının, üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3671,21 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Bu baxımdan məhkəmə cavabdehin nümayəndəsinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinin tələbləri baxımından cavabdehin əməkdaşları tərəfindən iddiaçının evinə keçirilən baxış zamanı tərtib edilən, iddiaçı tərəfindən mübahisələndirilən borcun hesablanması üçün əsas olmuş aktların doğruluğu sübuta yetirilməlidir ki, həmin aktlar inandırıcı sübut kimi qəbul edilsin və təsbit olunan məlumatların cavabdehin xeyrinə nəzərə alınması mümkün olsun. Lakin məhkəmə tərəfindən araşdırılan sübutlara əsasən müəyyən edilən hallar onu deməyə əsas verir ki, mübahisəli aktlar inandırıcı sübut kimi qiymətləndirilə və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Ən azından ona görə ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca onun və ya onun ailə üzvləri olmadan, birtərəfli qaydada baxış keçirilmişdir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumtların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, xx xxxxxx 2019cu il tarixli NDM № 015595 və xx xxxxxxxx 2020-ci il tarixli NDM 018995 saylı aktlara istinad etməklə göstərilən qüsurların məhz iddiaçının təqsiri üzündən baş verməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********20000) aktlara görə hesablanmış 3671,21 manat məbləğində borc “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar