Məhkəmə qərarları › İş №2(010)-434/2019

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-434/2019

09.12.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-434/2019 09.12.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh “xxxx” ASC-nə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh idarə tərəfindən istifadəsində olan elektrik enerjisindən isifadəyə görə əsassız hesablanmış 5.628,29 (beş min altı yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil uzun illərdir ki, onun istifadəsindədir. Həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmışlar. Sayğacı işlək vəziyyətdə olmuş, plombu isə heç bir müdaxiləyə məruz qalmamışdır. Həmin borcun hansı qaydada hesablanması və hansı səbəbdən yaranması barədə onda heç bir məlumat yoxdur. Bu səbəbdən qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun yaranması ilə bağlı cavabdeh təşkilat ona heç bir xəbərdarlıq etməmişdir. Borcun yaranması ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona cavab verilməmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, hazırkı məhkəmə araşdırması dövründə cavabdeh təşkilat tərəfindən onun mənzilinə quraşdırılmış sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. O, hesab edir ki, köhnə sayğac düzgün işləmədiyi üçün bu qədər borc hesablanmışdır. Məhkəmənin əvvəlki iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, abonentə hesablanmış borc hər hansı bir sayğaca müdaxilə ilə yox, birbaşa olaraq sərfiyyatla bağlıdır. Ekspertiza tədqiqatı aparılmadığı təqdirdə sayğacın səhv işləməsini qeyd etmək olmaz. Məhkəmənin hazırkı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onların ünvanına əsassız hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclaslarından qeyd etdiklərinə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - “xxxx” ASC tərəfindən verilən 02.10.2018-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 5.628,29 manat məbləğində borc hesablanmışdır. - Abuna kodu **********00012 olan İddiaçı aid abunə haqqında məlumatdan görünür ki, ona illər üzrə elektrikdən istifadəyə görə ümumilikdə 6401,20 manat borc yazılmış, 22.07.2014-27.01.2019-cu il tarixlər üzrə ümumilikdə 2000 manat ödəniş edilmişdir. Abunə haqqında məlumatdan həmçinin görünür ki, ümumilikdə 3 dəfə - 20.11.2009-cu ildə, 15.09.2014-cü ildə, 16.01.2019-cu ildə iddiaçıya məxsus ünvanda sayğac dəyişdirilmələri baş vermişdir. İşə əlavə edilən sənədlə və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisənin əsasını təşkil edən sayğac 16.01.2019-cu il tarixində cavabdeh təşkilat tərəfindən dəyişdirilib yerinə yeni sayğac quraşdırılmışdır. İşin obyektiv araşdırılması məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 22846 saylı müşayət məktubu ilə mülki iş ekspertiza aparılması və rəy verilməsi mümkün olmaması səbəbi ilə geri qaytarılmışdır. Səbəb kimi göstərilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında istismar edilən 63401792M520564№ li elektrik sayğacının işlədiyi illər ərzində elektrik enerjisinə görə sərfiyyatın düzgün hesablanıb-hesablanmaması ilə əlaqədar, həmin sayğacın stenddə yoxlanılması məqsədilə 16 sentyabr 2019-cu il tarixdə ekspertin iştirakı ilə “xxxx” ASC-nin Enerji Satışı Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Sayğac və Təmir Labaratoriyasına gedilmişdir və müəyyən edilmişdir ki, yuxarıda göstərilən 63401792M520564 № li elektrik sayğacı hazırda laboratoriyada yoxdur, belə ki, 21 may 2019-cu il tarixdə sayğacda təkrar yoxlama aparıldıqdan sonra Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qeyri-əhali sektorunda quraşdırılmışdır. Qeyd olunan məlumatla ekspert Əlihüseyn Süleymanovun və laboratoriyanın rəisi Əhməd Poladlının iştirakı ilə 16 sentyabr 2019-cu il tarixdə aktlaşdırılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəfin bildirdiyinə görə onun evində quraşdırılmış köhnə sayğac elektrik sərfiyyatı üzrə hesablamaları düzgün aparmamış, nəticədə sərfiyyata adekvat olmayan borc məbləği yaranmışdır. Cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, sayğacın düzgün işləmədiyi, xarab olmasını sübut edən faktlar yoxdur, deməli elektrik sərfiyatı üzrə sayğacda aparılmış hesablamalar düzgün olmuşdur. Ona görə də, borc əsaslıdır və silinməməlidir. İddiaçının evindən çıxarılan köhnə sayğacın düzgün işləyib-işləmədiyini müəyyən etmək məqsədilə mühəndis-texniki ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi yuxarıda qeyd edilən səbəbə görə mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Beləliklə, müəyyən edilir ki, mübahisəli sayğac cavabdeh təşkilat tərəfindən ekspert müayinəsinə təqdim edilməmişdir. Belə olan halda, sayğacın düzgün hesablama aparıbaparmamasını ekspertiza vasitəsilə müəyyən etmək mümkün deyildir. Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İşdə olan Abunə haqqında məlumatın göstəricilərinə nəzər saldıqda görünür ki, mübahisələndirilən sayğacın iddiaçının evinə quraşdırıldığı 15.09.2014-cü il tarixindən sonra elektrik enerjisinə görə hesablanan borc məbləğlərinin həcmində kəskin artma baş vermişdir. Bununla belə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının evində elektrik sərfiyyatının yüksək olmasına səbəb ola biləcək hər hansı bir cihaz yoxdur. Ona görə də, məhkəmə iddiaçıya yazılmış borc məbləğinin həcmini, cavabdeh təşkilatın mübahisələndirilən sayğacı ekspert yoxlanışına təqdim etməməsini, mübahisələndirilən sayğacın iddiaçının evinə quraşdırılmasından sonra elektrik enerjisi sərfiyyatının kəskin şəkildə artmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin dəlilləri əsaslıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının evindən mübahisələndirilən köhnə sayğacın çıxarılıb yenisi ilə əvəz edilməsi zamanı maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, maddi hüquq normalarının tələblərinə əsasən sayğacın düzgün işləməməsi barədə şübhə olarkən istehlakçının müraciəti əsasında enerji təchizatını həyata keçirən orqan qanunla müəyyən edilmiş müddətlər çərçivəsində yoxlanışı həyata keçirməli və bu barədə şikayətçiyə məlumat verməli, həmçinin sayğacda qüsur olarsa müəyyən edilmiş alternativ hesablama üsulu vasitəsi ilə sərf edilmiş enerjinin dəyərini hesablamalıdır. Lakin, hazırkı işdə cavabdeh təşkilat bu qaydalara əməl etməmiş, iddiaçıya məlumat vermədən və müvafiq yoxlama aparmadan mübahisəli sayğacı digəri ilə əvəz etmişdir. Bütün bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisindən istifadəyə görə hesablanmış 5628,29 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisindən istifadəyə görə hesablanmış 5628,29 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar