Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-436/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə CavabdehSC) qarşı “qanunsuz hesablanmış borc pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, **********000 saylı abonent kimi ona hesablanmış 808,62 manat su borcunun silinməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, may ayında evə getdikdə sayğacın işləmədiyini görmüş və sayğacın işlək vəziyyətdə olduğunu yoxlamaq üçün karta ödəniş etmiş, lakin yenə də sayğac işləməmişdir. Buna görə Suraxanı Rayon Su İdarəsinə müraciət etmiş və müraciətdən bir müddət sonra gəlib sayğaca baxış keçirərək sayğacı dəyişdirdilər, lakin baxış keçirdiklərinə və sayğacı yenilədiklərinə dair heç bir bildiriş təqdim etmədilər. Onların nə vaxt gəlib sayğacı yenisi ilə dəyişdirdiklərindən heç bir xəbəri olmamışdır. Sayğacı dəyişdirdikdən sonra sistemdə köhnə sayğacın göstəriciləri qalmışdır. Bundan sonra isə sayğac üzrə onun ünvanına 830 manat məbləğində borcun yazıldığını öyrəndi. O, həmin evdə daimi yaşamır, orada yaşasa belə tək yaşayır və səhərdən axşama qədər işlədiyi üçün orada yazılan qədər borc olması mümkün deyil. Suyun qiymətinin də artması təxminən 3-4 ay olar və bunu nəzərə alaraq bu qədər pul yazılması qeyri-mümkündür. O, sayğacın çöldə olduğunu, onun göstəricisinin mənfi olduğunu və gəlib baxış keçirmələrini dəfələrlə bildirsə də heç kim sayğaca baxış keçirməmişdir. Sayğac dəyişilmədən əvvəl onun borcu yox idi, belə ki, o, kartına ödəniş edir və balansımı artırırdı. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 31.08.2019-cu il tarixdə verilmiş 483 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Abonent kartından görünür ki, 01.01.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında 21341442 №-li müqavilə bağlanmış və abonentə **********000 saylı abonent kodu verilmişdir. Abonent kartından həmçinin görünür ki, abonent kodu **********000 olan İddiaçı 808,62 manat məbləğində yekun borcu vardır. Tətbiq edilən hüquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır. Həmin Qanunun 6.4-cü maddəsinə əsasəm yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan abonent kartından görünür ki, 2021-ci ilin avqustsentyabr aylarında abonentin ünvanına quraşdırılmış su sayğacı yenisi ilə əvəz olunmuş və həmin zaman 730,92 manat məbləğində borc yazılmışdır. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına Su təchizatı və kanalizasiya müəssisəsi cavabdehlik daşıdığından sayğacın düzgün işləməməsinə görə əsassız olaraq abonentin hesabına yazılmış 730,92 manat məbləğində borc ləğv olunmalıdır. 2021-ci ilin digər aylarında yazılmış borc məbləğləri isə abonent tərəfindən istifadə olunmuş suya görə hesablanmış borc məbləği olduğundan ləğv oluna bilməz. Beləliklə, işin yuxarıda göstərilən hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 730,92 manat məbləğində borc ləğv olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 730,92 (yeddi yüz otuz manat doxsan iki qəpik) manat məbləğində borc ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-436/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-436/2022
02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver