Məhkəmə qərarları › İş №2(010)-4372/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4372/2023

23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4372/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstesalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh İstesalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İstesalat Birliyi tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən **********400000 saylı abonent ona hesablanmış 475,80 borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ X3 əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4İtron markalı yeni sayğac quraşdırılmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. Eyni zamanda, X2 tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının posulması haqqında ******* saylı akt tərtib edilmişdir. Aktın tərtib edilməsi səbəbi olaraq qeyd edilmişdir ki, 29/1710-01641 nömrəli rəyə əsasən, 1202AQ**********6 zavod nömrəli sayğacın klapanı işlək deyil. Yivli birləşmələr karroziyaya uğrayıb. ALARM-1 rejimi aşkar olundu. Məhkəmənin nəzərinə çatdırır ki, cərimələnməyi qaqnunsuz və əsasızdır. Belə ki, ARDNŞ X3 əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Əlavə olaraq bildirir ki, sayğac hamı üçün əlçatan yerdədir və yaşadığı evdən kənarda yerləşir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilrər. Korroziyaya gəldikdə isə, bu yağışın, qarın təsirindən yaranan təbii prosesdir və abonentin heç bir təqsirinin nəticəsi deyil. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac şökülən zaman onu sayğac sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir. Eyni zamanda, vaxtı vatında işlədilən qazın pulun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüququqdan sui-istifadədir. Təbii qazdan da böyük həcmdə istifadə edilmir. İddisına əlavə etdiyi abonent saldosu da buna sübutdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Azəriqaz İB-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək işə onun içrirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, bu işlə bağlı akt tərtib edilmiş, laboratoriya öz rəyini verərək alarm 1 rejimi oldunu bildirmişdir. Alarm-1 rejimi o deməkdir ki, sayğacın elektron lövhəsinə müdaxilə olmuş, klapan bağlı qalmışdır. Akta əsasən də 480 manat cərimə, 4860 kub mütrə əsasən hesablanıbdır. Saldoya da nəzər salsaq görüləcəkdir ki, arada 400 kub m istifadə olunub, sonra 100 kub m düşüb. Bu da kompyuterdə artıq müdaxilə kimi göstərilir. İş materialları. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-0164 saylı xx.xx.2019-cu il tarixli laboratoriyanın rəyinə əsasən, **********7 zavod nömrəli sayğacın klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. ALARM-1 rejimi aşkar olundu. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 4860 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Dəymiş ziyan həcminin hesablanması: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/ saat orta günlük rejimi 18 saat və hesabat müddəti 90 gen qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılıb hesabıanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X5 sayğacının yoxlanılması barədə 29/1710-01641 nömrəli aktdan görünür ki, Fransa istehsalı olan G4 və G6 markalı smart-kart tipli qaz sayğacı 16 noyabr 2019-cu il tarixində Dövlət yoxlaması nəticəsində yarasız hesab olunmuşdur. **********00000 kodlu 05 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzilin abonentinə 2020-ci ilin noyabr ayından “486 manat borc hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanında G4 “İtron” tipli 11202AQ**********6 nömrəli qaz sayğacı çıxarılmış və G4 “İtron” tipli digər sayğac quraşdırılmışdır. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 saylı Qərarı. 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün 100,0 4.1.2. illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 200,0 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il trixli 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək alarm 1 rejimi olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfin dediyinə görə, alarm-1 rejimi o deməkdir ki, sayğacın elektron lövhəsinə müdaxilə olmuş, klapan bağlı qalmışdır. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq mübahisələndirilən cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə onu da qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda, cavabdeh tərəfindən hesablanmış tərzdə dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Yuxarıda sadalanmış qanunvericiliyin normalarının baxımından, qaz sayğacına baxış 3 aydan bir keçirilməli olduqda, cavabdeh hesablanmasını da 90 gün (3 ay), yəni maksimal həddə götürmüşdür, halbuki buna əsas yox idi. Həmçinin, yaz-yay mövsümü nəzərə alınmamışdır. Belə olan halda hesablanma düzgün aparılmamış, yaz-yay aylarında kombinin maksimal saatlıq qaz sərfiyatı 2.6 m3 saat orta günlük iş rejimi 18 saat və 90 günü ilə hesablanmamalı idi. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən həmin dövr üçün müəyyən edilmiş tarifə uyğun olaraq 1 m³ = 0.10 manatdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası yaz-yay mövsümünü nəzərə alaraq, aşağıdaki kimi olmalı idi: plitənin istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, kombinin istifadəsi – 2,6 m³/saat x 6 saat x 30 gün = 468 m³. 216 m³ + 468 m³ = 684 m³ x 0,10 manat = 68,4 manat. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq akta əsasən iddiaçıya nə qədər borc hesablandığı görünməsə də, akta görə 4860 m3 həcmində qaz itkisi hesablandığı və məhz həmin itkiyə görə dəymiş zərərin iddiaçıdan tələb edildiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq akta əsasən 4860 m3 həcmində qaz itkisinə görə iddiaçıya hesablanmış borc onun hesabından silinməli və 684 m³ kimi müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 475,80 məbləğində borc silinməlidir və ödəniləcək borc məbləği 68,40 manat kimi müəyyən edilməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. X1 tərəfindən çıxarılmış təbii qazdan istifadəyə qaydalarının tutulması haqqında ******* saylı akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 475,80 manat silinirək, 68,40 manat kimi müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar