Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4411/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona yazılmış (hesablanmış) 512,15 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzilə elektrik enerjisi 15 il bundan əvvəl, xx.xx.2007-ci il tarixdə quraşdırılmış smart tipli sayğac vasitəsi təmin edilmişdir. Belə ki, onun adına quraşdırılmış sayğac ona məxsus mənzilin hasarından kənarda, küçədə divarda quraşdırılıb. xx.xx.2022-ci il tarixdə Suraxanı RETSİ nəzarətçi mühəndisi Cəlali Nicat onun yanına gedərək sayğaca baxış keçirmiş və bu zaman ona sayğacın giriş fazasının əridiyini bildirib. Ona 353.51 manat borcunun olması barədə bildiriş verilmişdir. O, buna etiraz etmiş və "xxxx" ASC-nin çağırı mərkəzinə məlumat vermişdir. Ona Suraxanı rayonu Enerji Təchizatı və Satış İdarəsinə ərizə ilə müraciət etməsini bildirmişlər. Daha sonra o RETSİ-nə ərizə ilə müraciət etmiş və bir neçə gün sonra sayğaca baxış keçirmək üçün RETSİ-nin nümayəndələri gəlmiş və akt tərtib etmişlər. Akta sayğacın giriş fazasının əridiyi və mənzilə gedən naqil dövriyyədən ayrıldıqdan sonra sayğac öz-özünə sərfiyyat yazdığı müəyyən edilmişdir. Beləliklə sayğacın yenisi ilə əvəz olunmasına qərar verilmiş və xx.xx.2022-ci il tarixdə sayğac üzrərində göstəricisi 52363 olan işlənmiş köhnə sayğac ilə əvəz olunmuşdur. Bir neçə gün sonra isə 353.51 manat borc artırılaraq 512.15 manat edilmişdir. Suraxanı RETSİ tərəfindən tərtib olunmuş akta və fotoşəkillərə əsasən sayğacın giriş hissəsinin əridiyinin bildirildiyi halda laboratoriya rəyində saxtalaşdırılaraq sayğacın çıxış fazasının da əridildiyi bildirilmiş və eyni zamanda 15 ildir quraşdırılan sayğacın istismar müddətinin bitməsi haqqında heç bir məlumat qeyd edilməmişdir. Əlavə olaraq, sayğaclar keyfiyyətindən asılı olmayaraq 3, 5 və 7 ildən bir dəyişdirilməlidir. Həm Suraxanı RETSİ-nin mühəndislərinin tərtib etdiyi aktda həm də laboratoriyanın tərtib etdiyi aktda və əlavədəki fotoşəkildən də göründüyü kimi sayğacın möhürü qırılmamış və sayğaca kənardan müdaxilə edilməmişdir. O, laboratoriya rəyini alan zaman xəta faizlərini yoxlamaq mümkün olmadığı, sayğacın istismara yararsız olduğu və borcun silinməsi üçün müştəri xidmətlərinə müraciət etməli olduğunu bildirilmişdir. Burada onun debitor borc dövriyyəsinə baxılmış və həqiqətən də digər aylarda 15-20 manat dəyərində enerji istifadə etdiyini və sayğacın istismar müddətinin bitdiyini və onun heç bir təqsirinin olmadığını bildirmişlər. Əlavədə qeyd edilən abonentin debitor borc dövriyyəsini təhlil etdiyi zaman 2020-ci il ortalama aylıq sərfiyyat 20.01 manat, 2021-ci il ortalama aylıq sərfiyyat 17.90 manat və 2022-ci il (son 6 ayda) ortalama aylıq sərfiyyat 16.69 manat olduğu aydın görünmüşdür. Buradan da, 512.15 Azn dəyərində enerji sərfiyyatının mənzildə son bir ayda istifadə olmasının qeyri-mümkün olduğu açıq-aşkar görünür. O, onlara 15 il bundan əvvəl quraşdırılmış sayğacın istismar müddətinin bitdiyi halda dəyişdirilməməsinin səbəbini soruşduqda cavab tapa bilməmişlər. Borcun silinməsi üçün əllərində rəy olmadığını və məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bir neçə gündən sonra mənzilə verilən elektrik enerjisi heç bir xəbərdarlıq edilmədən dayandırılmışdır. O, Suraxanı RTSİ nin nəzarətçi mühəndisi Nicat bəyə məhkəmənin qərarı olmadan ona qanunsuz yazılan 512,15 manat borca görə, həmçinin xəbərdarlıq edilmədən mənzilə elektrik enerjisinin dayandırılmasının qanunsuz olduğunu bildirmiş və elektrik enerjisinin bərpasını tələb etmişdir. Nicat bəy də mənzilə elektrik enerjisinin verilməsini müvəqqəti olaraq təmin etmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, "xxxx" ASC-nin nümayəndələri mənzilə baxış keçirdikdə sayğacın giriş fazasının əridiyini müşahidə etmiş və bununla bağlı iddiaçıya məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə texniki problem olduğuna görə sayğac çıxarılmışdır və xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. İddiaçıdan tələb olunan borc sərfiyyat nəticəsində yaranmış borcdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixində Bakı-Nizami RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında xx.xx.2022-ci il tarixli 221333 seriyalı protokolun surətindən görünür ki, abonentin mənzilinə sayğac 270710 nömrəli akta əsasən dəyişdirildi, saygacın giriş faza yuvası ərimişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2005-ci il tarixli BOEO saylı qeydiyyata əsasən Şəmsəd Hacıyevin xx.xx.2022-ci il tarixinə 510.15 manat borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş müraciətin araşdırılması barədə məktubdan görünür ki, **********A0000 nömrəli kod üzrə mənzilin elektirik enerji hesabı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2022-ci il tarixinə sərf olunan elektirik enerjisi sərfiyyatına görə yaranmış 512,15 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektirik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 005821 nömrəli protokola əsasən çıxarılan A210707336 nömrəli elektirik, hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, AKT R№ 270710 surətindən görünür ki, elektrik saygacına baxış keçirilən zaman saygacın giriş fazası saygacın girişindən əriyib, mənzilə daxil olan cərəyan naqilini dövriyyədən ayırdıqdan sonra məlum olmuşdur ki, elektrik saygacı özü-özlüyündə kilovat saat qeyd edir. İş materiallarına əlavə olunmuş saygacların və cərəyan transformatorlarının yoxlanılması haqqında akt- protokolun surətindən müəyyən olunur ki, saygacın faza xəttinin hər iki yuvası termiki təsir nəticəsində yanıb, xəta faizlərini yoxlamaq mümkün deyil, saygac istismara yararsızdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerji təchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bu qərarın 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan 4 ünvanında sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, saygacın giriş fazası saygacın girişindən əriyib, mənzilə daxil olan cərəyan naqilini dövriyyədən ayırdıqdan sonra məlum olmuşdur ki, elektrik saygacı özü-özlüyündə kVt saat qeyd edir . İş materiallarına əlavə olunmuş saldodan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saygas göstəricisi 62365 kVt-saat olsa da, xx.xx.2022-ci il tarixdə 65192 kVt-saat olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan elektrik sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən baxış keçirilən zaman saygac dövriyyədən ayrıldığı zaman özü-özlüyündə kVt saat qeyd etdiyindən, həmçinin laboratoriya rəyinə əsasən saygac yararsız olduğundan iddia tələbi qismən təmin olunmalı və abonentdən tələb olunan 510.15 manat məbləğdə borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 4 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********A0000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 510,15 (beş yüz on manat, on beş qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Məhkəmə xərci - 30 (otuz) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4411/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4411/2022
26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver