Məhkəmə qərarları › İş №2(010)-4428/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4428/2023

23.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4428/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Səlı̇ mov Azad Əlı̇ sahı̇ boviçə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru və "xxxx" ASC olmaqla çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdeh Səlı̇ mov Azad Əlı̇ sahı̇ boviçə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru və "xxxx" ASC olmaqla çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, "xxxx" İKB ASC, satıcı İddiaçı və alıcı - ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh adına verilən seriya MN ******* saylı çıxarış və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinin Nikoyl” İKB ASC - nin 2 saylı filialının xeyrinə yüklü edilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestrindən verilən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nikoyl” İKB ASC, satıcı İddiaçı və alıcı - ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı - satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh Bakı şəh, ünvan 1 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və ona verilən seriya MN ******* saylı çıxarış və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinin Nikoyl” İKB ASC nin 2 saylı filialının xeyrinə yüklü edilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestrindən verilən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri

3. 2008-ci ilin əvvəllərində tələbə yoldaşı Nümayəndə2 bankdan kredit götürmək istədiyini, bununla əlaqədar dövlət reyestrindən çıxarışı olan mənzilin ipoteka ilə yüklü edilməsinin vacibliyini ona bildirmişdir. Ümumi razılıq əsasında onunla Nümayəndə2 qardaşı Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı - satqı və ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəh, ünvan 2 ünvanda yerləşən mənzili ipoteka ilə yüklü edilərək cavabdehə 33540 (otuz üç min beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Ötən müddət ərzində cavabdeh kredit götürdüyü məbləğin iki qatından artıq banka ödəniş etməsinə baxmayaraq, "xxxx" məhkəməyə müraciət etmiş və Cavabdeh ilə "xxxx" İKB ASC (hazırda "xxxx") arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 53/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 "b" saylı evin 44 saylı mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 38.629 (otuz səkkiz min altı yüz iyirmi doqquz) ABŞ dollarının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. O, yaşadığı mənzili faktiki satmamış və bununla bağlı ona hər hansı ödəniş edilməmişdir. Cavabdehlə alqı-satqı müqaviləsini bağlamaqda məqsədi tələbə yoldaşının və yaxın dostunun nisbətən aşağı faizlə uzun müddətə kredit götürməsinə kömək etmək olmuşdur. 2008-ci ildən bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 "b" saylı evin 44 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır və bununla əlaqədar heç kəsə kirayə haqqı ödəmir. Bu işlə əlaqədar cavabdehlə bank arasında gedən məhkəmə prosesindən məlumatı olmayıb. Tələbə yoldaşı Nümayəndə2 həmişə ona bildirmişdir ki, onun qardaşının adına götürülən kreditlə bağlı bank ödənişləri hər ay vaxtında ödənilir və müqavilə üzrə nəzərdə tutulan müddətdə bu ödənişlər yekunlaşacaq və yaşadığı mənzil yenidən onun adına rəsmiləşdiriləcək. Lakin iki gün əvvəl ona bildirmişdir ki, məhkəmənin qərarı ilə mənzilin açıq hərracda satılması nəzərdə tutulur və hazırda həmin iş üzrə verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Tərəflərin izahatları

4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, iş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələninin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, aralarında bağlanmış alqı-satqı barədə əqd yalan (uydurma) əqddir. Həmin alqı-satqı ilə bağlı ona heç bir ödəniş edilməmişdir.

6. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirdi ki, əvvəla "xxxx" ASC-nin məhkəmənin iclasına gəlməməsinə etiraz edir. Çünki bu məsələdə əsas təşəbbüskar "xxxx" ASC-dir. Bundan əlavə, iddia tələbinin hüquqi tərəfləri ilə bağlı bildirmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, “yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s əşya hüquqları əldə etmir. Ona görə də, mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla geri istəyə bilər. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, qardaşı Cavabdeh nitqində qüsurlar var və buna gör də izahat verə bilmir. Özü isə qeyd etdi ki, 2008-ci ilin əvvəllərində bankdan kredit götürmək istəyirdi. Bununla bağlı dövlət reyestrindən çıxarışı olan mənzilin ipoteka ilə yüklü edilməsi vacib idi. Ümumi razılıq əsasında dostu İddiaçı ilə qardaşı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlandı. Qardaşının əmək haqqısı bankın tələblərinə uyğun olduğundan müqavilə məhz onunla bağlanmışdır. İddiaçı ilə alqı-satqı müqaviləsini bağlamaqda məqsəd nisbətən aşağı faizlə uzun müddətə kredit götürmək olmuşdur. Hazırda çıxarış Cavabdeh adınadır. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə mənzilin açıq hərracda satılması nəzərdə tutulmuşdur. Həmin iş üzrə verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

İş materialları

8. 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə və ona əlavədən müəyyən edilir ki, "xxxx" İKB ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında imzalanmış kredit müqaviləsindən görünür ki, Bank borcluya illik 18% olmaqla 240 ay müddətə 40000,00 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin 1.3-cü bəndinə görə kredit ünvan 3 ünvanında, 20 mərtəbəli binanın, 1-ci giriş, 9 mərtəbəsində yerləşən 44№ li mənzilin alınmasına verilmişdir.

9. xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 2 otaqlı ümumi sahəsi 80.3 kv.m, olan 42 “b” saylı evin 44 saylı mənzilini 33540 (otuz üç min beş yüz qırx ) manata alıcı Cavabdeh satmışdır.

10. "xxxx" İKB ASC, satıcı İddiaçı və alıcı-ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 2 otaqlı ümumi sahəsi 80.3 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 32.3 kv.m olan 42 “b” saylı evin 44 saylı mənzili satıcı - İddiaçı 33540 (otuz üç min beş yüz qırx ) manata alıcı – ipoteka qoyan Cavabdeh satmış (mülkiyyətinə vermiş) və alıcı – ipoteka qoyan Cavabdeh həmin mənzili 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir (mənzilin satış qiyməti bank tərəfindən alıcı – ipoteka qoyan Cavabdeh verilmiş kredit vəsaiti hesabına ödənilmişdir).

11. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı 20 mərtəbəli binada ümumi sahəsi 80.3 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı 44 saylı mənzil Cavabdeh mülkiyyətindədir.

12. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili "xxxx" İKB ASC-nin 2 saylı filialının xeyrinə yüklü edilmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-53/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008ci il tarixli 023-İP(USD-01) saylı kredit müqaviləsi üzrə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 (otuz səkkiz min altı yüz iyirmi doqquz ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 287.01 (iki yüz səksən yeddi manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin likvid dəyərinin 103 000 (yüz üç min) manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilməsi və evin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərci - 250 (iki yüz əlli) manat Cavabdeh və "xxxx" ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 28 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 b nömrəli binanın 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 44 saylı mənzil İddiaçı məxsusdur və həmin mənzildə yaşayır.

15. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı mənzillə bağlı müvafiq kommunal ödənişlər həyata keçirmişdir.

İşin faktiki halları

16. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında mübahisə obyekti olan mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. Eyni zamanda, Cavabdehla Yelobank (keçmiş adı Nikoyl Bank) arasında həmin mənzilin alınması ilə bağlı kredit və ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh bankdan aldığı kredit məbləği hesabına mənzilin dəyərini ödəmiş, aldığı kreditin təminatı kimi mənzili banka ipotekaya qoymuşdur. İddiaçı tələbində ona əsaslanır ki, həmin müqavilələr əslində yalan əqd olmuşdur. Belə ki, məqsəd mənzilin alınması yox, bankdan sərfəli şəkldə kredit götürlüməsi olmuşdur. Kredit əslində cavabdehin qardaşı olan Nümayəndə2 adlı şəxsə lazım olmuş, Azadın isə həmin dövrdə əmək haqqısı yaxşı olduğuna görə müqavilə də onunla bağlanmışdır. İddiaçı hesab edir ki, mübahisəli müqavilələr yalan əqddir, əslində başqa məqsəd üçün bağlanmışlar və etibarsız hesab edilməlilər. Etibarsızlığın nəticəsi olaraq da, həmin müqavilələr əsasında verilmiş çıxarışlar da ləğv edilməlidir. Cavabdeh tərəf iddia tələbinə etiraz etmir. İş üzrə 3-cü şəxs olan "xxxx" ASC iddia tələbinə etiraz etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

18. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.

21. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Qeyd edilənlərlə yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq, mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, MPM-in 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. Məhz bu vəzifələrin icrası baxımından hakim (məhkəmə) əqddən irəli gələn iddialara baxıldığı zaman tərəflərə əqdin etibarlılığına dair mümkün dəlil və etirazlarını məhz bu icraat çərçivəsində irəli sürülməli olduğunu izah etməli, bu hüquqlardan vaxtında istifadə edilməməsinin isə sonradan həmin əqdin etibarsızlığına dair müstəqil iddia qaldırmaq imkanını aradan qaldıracağı haqda xəbərdar etməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əqddən irəli gələn tələblərə baxıldığı zaman buna dair müstəqil tələb (iddia) irəli sürülmədən həmin əqdin (əqdlərin) etibarlılığına qiymətin verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb edildiyi halda əsaslı olacaqdır.

Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

23. Belə ki, qanunvericiliyin tələbindən görünür ki, əqd etibarlı olması üçün dörd kateqoriyaya cavab verməlidir. Bunlar əqdin subyekt tərkibi, məzmununa dair şərtlər, tərəflərin iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi və əqdin formasına dair şərtlərdir. İddia tələbində etibarsızlığı müəyyən edilməsi xahiş edilən 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üç tərəf arasında bağlanmışdır. Müqavilə tərəfləri borcverən – “Nikoyl İKB (indiki adı Yelo Bank ASC), alıcı-ipoteka qoyan - Cavabdeh və satıcı - İddiaçı olmuşdur. Mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə bağlandığı dövrdə qanunvericiliyin daşınmaz əmlakla bağlı analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən əqd qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır. Məhkəmə 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd kimi qəbul edilməsi üçün hər hansı əsas görmür. İddiaçı tərəfin həmin müqavilənin əslində yalan əqd olması fikiri ilə də məhkəmə razılaşmır. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsi əhəmiyyətsiz əqdin bu növünü şərh edərkən bildirmişdir ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Deməli, yalan əqd tərəflərin əsl niyyətini əks etdirməməlidir və bu niyyət müqavilə tərəflərinin hamısında olmalıdır. Başqa sözlə, yalan əqd digər müqavilə tərəfində yalnış fikir formalaşdırmaq üçün deyil, üçüncü şəxslərdə yalnış fikir formalaşdırmaq üçün bağlanır. Hazırkı işdə isə belə hallar mövcud deyil. Belə ki, mübahisələndirilən üçtərəfli müqavilə bağlanandan sonra mənzilə dair cavabdehin adına mülkiyyət hüququ qeydə alınmış, mənzilin ipoteka ilə yüklü edilməsinə dair qeydiyyat aparılmış və cavabdeh kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş və nəhayət ödəniş vaxtında edilmədiyinə görə müqavilə tərəfi olan Bank cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, eyni zamanda cavabdeh tərəfin hazırkı iddia tələbi ilə razılaşmasını da əsaslı saymır. Ona görə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə baxılarkən cavabdeh tərəfindən müqavilənin yalan əqd olmasına görə əhəmiyyətsiz hesab edilməsi ilə bağlı hər hansı fikir bildirilməmiş, (İddiaçı həmin işdə tərəf qismində iştirak etməmişdir) əksinə iddia tələbinin qismən qəbul edildiyi bildirilmişdir. Başqa sözlə, cavabdeh əvvəlki məhkəmə işində 30 mart 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini etibarlı əqd kimi qəbul etmişdir. Ona görə də, məhkəmə hazırkı işdə cavabdehin iddia tələbi ilə razılaşmasını qəbul etmir.

24. Məhkəmə iddia tələbinin həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh Bakı şəh, ünvan 1 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və ona verilən seriya MN ******* saylı çıxarış və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinin Nikoyl” İKB ASC - nin 2 saylı filialının xeyrinə yüklü edilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestrindən verilən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, tələbin bu hissəsi müqavilənin etibarsız hesab edilməsi xahişinə dair tələbin əsas hissəsinin davamıdır və birinci hissə əsassız hesab edildiyinə görə tələbin bu hissəsi də əsassızdır.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Səlı̇ mov Azad Əlı̇ sahı̇ boviçə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı ərazi idarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru və "xxxx" ASC olmaqla çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı cavabdeh Səlı̇ mov Azad Əlı̇ sahı̇ boviçə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı ərazi idarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru və "xxxx" ASC olmaqla çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar