Məhkəmə qərarları › İş №2(010)-443/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-443/2025

15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-443/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında **********20000 saylı abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə 2002-ci ilədək 16.00 manat və 2006-cı ilədək 498,17 manat məbləğində hesablamış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. ünvan 1 ünvanında yerləşən ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi: **********233-10301, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edilən ünvanda yerləşən evə **********20000 saylı abunə kodu üzrə elektrik sayğacı quraşdırılmışdır. Ev əvvəllər X1na məxsus olduğu üçün elektrik sayğacı da onun adında qalmışdır. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Elektrik sayğacını öz adına keçirməklə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin "xxxx" ASC tərəfindən ona cavab verilərək bildirildi ki, qeyd edilən ünvana aid **********20000 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək 16 manat və 2006-cı ilədək 498,17 manat borcların olduğu müəyyən edilmişdir. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edimişdir. Bu borcların yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir və ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Qeyd edir ki, o, yaşadığı ünvan 1 ünvanında mütəmadi olaraq istifadə olunmuş elektrik enerjisinə görə aylıq təqdim edilən hesabat üzrə borcları vaxtı-vaxtında ödəmiş və heç bir borcu yaranmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 2002-ci ilədək 16 manat və 2006-cı ilədək 498,17 manat borcların onun adında qalmaqla, onun istehlakçı hüquqlarını kobud şəkildə pozur, üzərinə qanunsuz və əsassız öhdəlik qoyur. Ona görə də hesab edir ki, "xxxx" ASC-nin 2002-ci ilədək 16.00 manat və 2006-cı ilədək 498,17 manat məbləğində hesablamış olduğu borc əsassız hesab edilməli, ləğv edilərək silinməlidir. Tərəflərin izahatları.

3. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları.

5. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1C, Yeni Qaydalarla : ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 45.90 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

6. Abunə haqqından görünür ki, abonent X2 istifadə etdiyi elektrik enerjisinə görə müəyyən edilmiş dövrlər ərzində sayğac göstəriciləri üzrə ödənişlər etmişdir və onun hesabına 2002-ci il tarixədək 16.99 manat və 2006-cı il tarixədək isə 498.17 manat borc məbləği hesablanmışdır.

7. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətin araşdırılmasına dair” məktubundan görünür ki, qeyd edilən ünvana aid **********20000 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək 16,99 manat və 2006-cı ilədək 498,17 manat borcların olduğu müəyyən edilmişdir. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcların yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir və ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Həmçinin qeyd edilir ki, xx.xx.2024-cü il tarixinə fərdi yaşayış evində elektrik enerjisi sərfiyyatına görə ödənişi tələb olunan 72,67 manat borc yaranmışdır və bu borcun ödənilməsi zəruri sayılır.

İşin faktiki halları.

8. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya məxsus evin abonent hesabına 2002-ci ilədək 16,99 manat və 2006-cı ilədək 498,17 manat borc yazılmışdır. Cavabdeh qurumun istehlakçının ərizəsinə cavab məktubundan müəyyən edilir ki, yaranmış borc məbləğləri 5 ildən artıq müddət keçdiyi üçün araşdırılması mümkün olmamışdır. İddiaçı qeyd edir ki, istifadə etiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir. Qeyd olunan hesablanmış borc məbləği əsassızdır və silinməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair hər hansı etiraz yaxud mülahizə təqdim etməmişdir.

Tətbiq edilən hüquq.

9. “Elektrik Enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 №-li qərarı.

1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.8. enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.16.istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

10. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı Həmin Qərarda qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

12. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına qeyd olunan tarixləri əhatə edən dövr üçün istifadə olunmuş elektrik enerjisinə görə ödənilməmiş ümumilikdə borc məbləğləri hesablanmışdır (2002-ci il tarixədək 16.99 manat və 2006-cı il tarixədək isə 498.17 manat borc məbləği) Qeyd olunan hal hazırki iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətin araşdırılmasına dair” məktubundan aydın olur. Cavabdeh qurum cavab məktubunda onu da qeyd etmişdir ki, borc məbləğlərinin hesablanmasından 5 ildən artıq müddət keçdiyi üçün araşdırılması mümkün olmamışdır. Eyni zamanda həmin borc məbləğləri ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcların yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir və ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqısatqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Deməli, cavabdeh tərəfin məktubundan aydın olur ki, mübahisəli borc məbləğlərinin yaranma səbəbini araşdırmaq mümkün deyildir və eyni zamanda həmin borcları ödənilməsi məcburi olmayan borclar kateqoriyasına aid etmişdirlər. İddiaçı yaranmış borc məbləğinə belə aydınlıq gətirir ki, o daimi olaraq istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir və hər hansı qalıq borc məbləği mövcud deyildir. Yazılan məbləğin ona aidiyyatı yoxdur. Cavabdeh tərəf dəfələrlə məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə qarşı etiraz və ya mülahizəsini məhkəməyə təqdim etməmiş, mübahisəli borc məbləğinin hansı əsaslarla yazıldığını isbat etməmişdir. Halbuki, abunə haqqından görünür ki, istehlakçı ümumilikdə aylar üzrə mütəmadi ödənişlər həyata keçirmişdir. Məhkəmə hesab edir ki, borcun yaranma əsası şübhə doğurduğundan (aradırma aparılmasının mümkün olmamasının qeyd edilməsi) və bunun əksini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh isə həmin hallara dair hər hansı sübut təqdim etmədiyindən hesablanmış borc məbləğləri əsassızdır.

Məhkəmə xərcləri.

15. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Kamı̇ l oğlunun ünvan 1 ünvanında **********20000 saylı abonent hesabına 2002-ci ilədək hesablanmış 16 manat və 2006-cı ilədək hesablanmış 498.17 manat borc vəsaitləri silinməli və iş üzrə ödənilməli olan 30 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Kamı̇ l oğlunun ünvan 1 ünvanında **********20000 saylı abonent hesabına 2002-ci ilədək hesablanmış 16 manat və 2006-cı ilədək hesablanmış 498.17 manat borc vəsaitləri silinsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar