Məhkəmə qərarları › İş №2(010)-4478/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4478/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4478/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli, 2(010)-4844/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə X4 və İddiaçı mülkiyyət hüququ tanınmışdır. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-475/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilin ¼ hissəsinə İddiaçı, ¾ hissəsinə isə ismayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli, 2(102)-3492/2018 saylı qərarı ilə X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli, 2(103)-475/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 29.06.2021-ci il tarixdən mülkiyyətçisi və passport qeydiyyatında olduğu, sonuncu dəfə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilinə cavabdeh tərəfindən buraxılmır. Bu qanunsuz hərəkət mülkiyyətində olan bütün əmlaklara da edilir. Dəfələrlə cavabdehdən bu özbaşnalığa son qoyulmasını tələb etsə də, nəticəsi olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin eidlməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızı məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı etiraz göndərərək əmlaklar üzərində hələki məhkəmə mübahisələrinin davam etdiyini, iddiaçının məhkəmə mübahisəsinin sonunu gözləməli olduğunu, onun bundan sonra onlarla birlikdə yaşamasının mümkün olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, cavabdeh tərəfin etirazına hüquqi qiymət verib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3492/2018 saylı Qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim E.Ağayev) 06.09.2017-ci il tarixli 2(010)-4844/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 6 nömrəli mənzili, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzili və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,99 m2 yaşayış, 45,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı ilə cavabdeh X2 birgə mülkiyyəti hesab edilməsi və onlar arasında bərabər bölünməklə həmin daşınmaz əmlakların ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması, 30 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 11.01.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ¼ hissəsinə İddiaçı, ¾ hissəsinə isə cavabdeh X2 mülkiyyət hüququ tanınmış, qətnamə qalan hissələrdə dəyişiklik edilmədən saxlanılmış, cavabdeh X5 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ona aid edilmişdir. Cavabdeh X5 və vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli 2(103)-475/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçının sözügedən əmlaklarla bağlı cavabdeh tərəfindən ona maneələrin yaradılıb-yaradılmaması məsələsini araşdırmadan öncə, məhkəmə iddiaçının həmin əmlaklarla bağlı hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. İşə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçının mübahisə predmeti olan əmlaklara hissəvi mülkiyyət hüququ tanınmışdır. Deməli, iddiaçının subyektiv hüququnun olması müəyyən edilir. Mübahisəli əmlaklardan istifadə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya maneənin yaradılması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, işin hallarından, iddiaçı tərəfin izahatından, eləcə də cavabdehin məhkəməyə ünvanladığı etirazdan müəyyən edilir ki, maneənin yaradılması halı mövcuddur. Belə ki, cavabdeh tərəf izahatında bu halı təqzib etməmiş, əksinə əmlaklarla bağlı məhkəmə mübahisələrinin davam etdiyini, iddiaçının məhkəmə mübahisəsinin sonunu gözləməli olduğunu, onun bundan sonra onlarla birlikdə yaşamasının mümkün olmadığını bildirmişdir. Bu da, məhkəməyə yuxarıda qeyd edilən nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia maneənin aradan qaldırılması hissəsində əsaslıdır və cavabdeh tərəfindən əmlaklarla bağlı törədilən maneələr aradan qaldırılmalıdır. Çünki, iddiaçının əmlaklarla bağlı hissəvi mülkiyyət hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Maneənin növünə gəldikdə isə məhkəmə qeyd edir ki, bu maneə müxtəlif cür ola bilər. Məsələn iddiaçının evə buraxılmaması, onun əmlakdan istifadəsinin hər hansı şəkildə qarşısının alınması, və.s. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli əmlaklarla bağlı cavabdeh iddiaçıya qarşı birgə yaşayış qaydalarına zidd hesab edilə bilən hərəkətlərdən çəkinməlidir. İddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilə bilməz. Çünki, eyni zamanda üç əmlaka köçürülmə mümkün deyil. Başqa sözlə, belə bir tələbin fiziki mənada icrası mümkünsüzdür. Ona görə də, tələb bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar