Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-448/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 1100 manat təşkil edən 10 ədəd divan, dəyəri 700 manat təşkil edən 1 ədəd “Hoffman” markalı televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsinin cavabdehin sahibliyindən alınaraq ona qaytarılması, eləcə də təmir işlərinə sərf olunmuş 1075 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əmlak və pul tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 1100 manat təşkil edən 10 ədəd divan, dəyəri 700 manat təşkil edən 1 ədəd “Hoffman” markalı televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsinin cavabdehin sahibliyindən alınaraq ona qaytarılması, eləcə də təmir işlərinə sərf olunmuş 1075 manat 4 ay ərzində ona dəymiş 1080 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 19 dekabr 2019-cu il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi 119 A ünvanında yerləşən Cavabdeh məxsus olan iki mərtəbəli binanın ikinci mərtəbəsini sonuncu ilə bağlanmış şifahi müqavilə əsasında çay evi kimi işlətməsinə görə hər ay 1200 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. O, dəfələrlə həmin müqaviləni rəsmləşdirmək istəmiş, cavabdeh isə bunun ona sərf etmədiyini deyərək imtina etmişdir. O, 2 ay ərzində Cavabdeh 2400 manat icarə haqqı ödəmiş, daha sonra isə koronovirusla əlaqədar yaranmış vəziyyətlə əlaqədar karantin elan edildiyinə görə çay evini işlədə bilməmişdir. O, bu məqsədlə cavabdehin atası Arif İsmayılova bildirdikdə, sonuncu karantin bitdikdən sonra yenidən razılığa gələcəyini bildirmişdir. Lakin karantin bitdikdən sonra pandemiya ilə əlaqədar icazə verilən rejimdə çay evini işlətmək sərf etmədiyinə görə bundan imtina etmiş və bu haqda cavabdehin atasına bildirmişdir. Lakin çay evindən öz əşyalarını götürmək istədikdə Arif İsmayılov buna görə ondan 18 gün icarə haqqına görə, eləcə də elektrik enerjisinə görə 90 manat tələb etmişdir. O bunu qaytaracağını bildirsə də cavabdeh və onun atası Arif İsmayılov ona məxsus olan və çay evində qalmış 10 ədəd divan, 1 ədəd “Hoffman” markalı televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsini qaytarmaqdan imtina etmişdir. Əslində cavabdeh və onun atası ilk əvvədən onu aldadıb və təcrübəsizliyindən istifadə edərək təmirsiz otaq, işlək vəziyyətdə olmayan kombi və kondisioner vermişlər. Bu səbəbdən o, həmin otağda zəruri təmir işləri aparmış, kondisioner və televizorun təmirinə xeyli xərc çəkmişdir. O, bu işləri Raminlə razılaşaraq etdiyindən və cavabdeh zəruri təmir işlərinə çəkdiyi bu xərclərin əvəzini icarə zamanı nəzərə alınacağını dediyindən hesab edir ki, hazırda cavabdehin ona mülkiyyət hüququ ilə məxsus əşyalarını qaytarmamaqla onun hüquqlarını pozur. O, 700 manat kombinin, 200 manat otağın, 95 manat kondisionerin təmirinə xərc çəkmişdir və bu vəsaitin də cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə cavabdehin qeyd olunan hərəkətləri ilə ona maddi ziyan vurulmuşdur. Belə ki, onun qeyd olunan televizora görə 874 manat ümumi borcu var və həmin televizordan aylardı istifadə edə bilməsə də, hazırda 2 ay ödəniş edə bilmədiyinə görə kredit üzrə faizlər də artmışdır. Beləliklə də o, 8 ay hər ay 85 manat kredit ödəməklə, cəmi olaraq 680 manat ödəniş etmişdir. Eyni ilə divanlara görə 400 manat miqdarında ödəniş etmişdir. Beləliklə də, cavabdehdən əlavə olaraq 1080 manat pul tələb edir. Bunlara əsasən iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, öz izahatında göstərdi ki, o əslində Edili Nicatı tanımamış və özünə məxsus olan və Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi 119 A ünvanında yerləşən çay evini Ceyhun adlı şəxsə icarəyə vermiş, sonradan isə iddiaçı X1 ilə ortaq olduğunu bildirmişdir. O, 10 ədəd divan, 1 ədəd “Hoffman” markalı televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsini çay evində qaldığıni etiraf edir, lakin İddiaçı 18 gün üçün icarə haqqını və işiq pulunu ödəmədiyinə görə həmin əşyaları İddiaçı qaytarmaqdan imtina edir. Çəkilən xərclərə gəldikdə isə, çay evində olan kondisioner yaxşı işləmədiyinə görə o, öz hesabına vəsaiti 1100 manata kombi almış, onun quraşdırılması ilə bağlı xərcləri isə iddiaçı Edili Nicat ilə yarıbayarı ödəmişlər. İddiaçının çəkilən xərclərlə bağlı tələbi həddindən artıq şişirdilmiş və heç bir sübuta əsaslanmır. Bunlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 119 A ünvanında yerləşən ümumi sahəsi 132,4 kv. metr olan qeyriyaşayış sahəsi mülkiyyət kimi Cavabdeh qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə iclasında verilmiş izahatları ilə etiraf olunur ki, iddiaçı qaytarılmasını tələb etdiyi və sonuncuya mülkiyyət hüququ ilə məxsus olan , 10 ədəd divan, 1 ədəd “Hoffman” markalı televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsi Cavabdeh istifadəsi və sahibliyindədir. Məhkəmə cavabdehin iddiaçıya məxsus qeyd olunan əşyaların onlarda olmasının etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdeh tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdılar. Məhkəmə bu halı da nəzərə alır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki- Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Məhkəmə həmçinin bu nəticəyə gəlir ki, iddia tələbində qeyd olunmuş 10 ədəd divanın ümumi qiyməti 1100 manat, 1 ədəd “Hoffman” markalı televizoron qiymətinin 700 manat, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsinin qiymətinin 600 manat olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul olunmalıdır. Beləliklə də məhkəmə Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, 10 ədəd divanın dəyəri 1100 manat, 1 ədəd “Hoffman” markalı televizoron qiyməti 700 manat, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsinin qiyməti 600 manat məbləğində müəyyən edilməlidir. Bununla belə iddiaçınını təmir işlərinə sərf olunmuş 1075 manat, eləcə də iddiaçıya dəymiş 1080 manat məbləğində ziyanla bağlı pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə iddia tələblərini araşdıraraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 119 A ünvanında yerləşən ümumi sahəsi 132,4 kv. metr olan qeyri-yaşayış sahəsi 10 ədəd divan, 1 ədəd “Hoffman” markalı 107 ekran televizor, 1 ədəd üzərində “Naxış” yazılmış reklam lövhəsi Cavabdeh alınaraq İddiaçı istifadəsinə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-448/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-448/2021
13.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver