Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4490/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi X1, eləcə də nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı ““istifadəyə maneələrin aradan qaldırılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 20 may 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “AB” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-ci mərtəbə, ümumi sahəsi 121,9 kv. m olan, 59 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 20.05. 2020-ci il tarixli müqaviləyə əsasən, MTK-nin inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı ümumi dəyəri 85.330 AZN olan mənzilin alğısatqısına dair razılıq əldə edilmişdir. Lakin, qeyd olunan müqavilə şərtləri, mənzilin dəyərinin ödənilməsini müqavilə imzalandığı an tam şəkildə yerinə yetirilməsini nəzərdə tutsa da, hal-hazıradək cavabdeh tərəfindən “Kooperativ”ə 57.850 AZN hissəsi ödənilmədən borcu qalmışdır. Qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də, götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən tikinti- inşaat işlərinin vaxtında başa çatdırılması və işin gedişinə ziyan vurulmuşdur. Bu səbəbdən də, cavabdehin ünvanına işə əlavə olunmuş mətndə bildirişlər göndərilmişcavabdehin hərəkətlərinin mülki-hüquq normalarına zidd olmasını nəzərə alaraq, müqavilə öhdəliklərinin 15 (on beş) gün müddətində təmin etməsini, əks halda müqavilə şərtlərinə uyğun olaraq bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi və mənzilin “Kooperativ”in tam sərəncamına keçirməklə satıldıqdan sonra ödənilmiş vəsaitin qaytarılması barədə xəbərdar edilmələri barədə dəfələrlə bildiriş təqdim edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı MTK, fəaliyyətini 28. 03. 2017-ci il traixdə VÖEN: ********** sayla dövlət qeydiyyatına alınaraq, başlamış, təyinatını nizamnamə əsasında həyata keçirir. Tərəflər arasında, MTK-nın inşa etdiyi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı ümumi dəyəri 85.330 AZN olan mənzilin alğı-satqısma dair razılıq barədə 20.05.2020-ci il tarixli müqavilə bağlanmışdır. Lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi səbəbindən də MTK-ya ziyan vurulmuşdur. Odur ki iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi qismində izahat vermis onun vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq etiraz ərizəsində göstərdi ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinin tələbində göstərilir ki, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin məcəllənin 112.2-ci maddəsində göstərilir ki, Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1 -ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. İş materiallarından görünür ki, ümumi yığıncağın cavabdehin kooperativ üzvlüyündən çıxarılmasına dair qərar yoxdur. Həmin məcəllənin 144-1.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. İddia ərizəsindən göründüyü kimi binanın tikintisi başa çatmamışdır və qanunvericiliyin tələbinə əsasən tikintisi başa çatmayan bina hesab olunur. Etiraza əlavə edilən maliyyə arayışlarından da görünür ki, cavabdeh ilkin olaraq müqavidə göstərilən məbləğin 30 faizi həcmində pul məbləğini kooperativin hesabına köçürmüşdür və qanunvericiliklə üzərinə düşən öhdəliyə tamamilə riayət etmişdir. Cavabdeh sonrakı dövrlərdə hər ay stabil olaraq ödənişləri həyata keçirmiş və qanunvericiliyin tələbindən irəli gələn öhdəliyi artılaması ilə həyata keçirmişdir ki, hazırkı qalıq məbləğ 50 faiz həcmindədir. Lakin iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək cavabdehə ziyan vurur. Mülki Məcəlləyə əlavə edilmiş 770-1-ci maddə 15 dekabr 2017-ci ildə qəbul edilib, yəni müqavilə bağlanandan 3 il əvvəl. Qanunvericiliyin bu tələbinə iddiaçı riayət etməyə borcludur. İddiaçının israrla istinad etdiyi müqavilənin 1.2-ci bəndindəki müqavilənin qiymətinin birdəfəlik ödənilməsi tələbi imperativ xarakter daşımır. Belə ki, belə bir normanın müqavilədə olması Mülki qanunvericiliyin tələbinə zidd olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsininin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 06.04.2021-ci il tarixli 176 №-li Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.05.2016-cı ii tarixli, 183 saylı addan-ada keçirilməsi haqqında sərəncamından görünür ki, “SAHİL-S İNŞAAT’ Mənzil-Tikinti Kooperativinin 03.04.2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.04.2018-d il tarixli, 37 saylı razılıq məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Yeni Günəşli “A-B“ yaşayış sahəsində "xxxx" MTK-ya məxsus mövcud yaşayış binalarının qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.05.2016-cı il tarixli, 183 saylı, 18.07.2017-ci il tarixli, 321 saylı sərəncamları, 13184 saylı inşaat pasportu və aparılmış sənədləşmə işləri “SAHİL-S İNŞAAT" MMC-nin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, satıcı - İddiaçı alıcı Cavabdeh ilə müqavilə bağlamışlar və həmin müqavilə şərtlərinə əsasən – “Kooperativ” “payçı”dan qəbul etdiyi pay şəklində quyulmuş pul vəsaitinə uyğun olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa etdiyi yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı yaşayış mənzilini “Payçı”nın mülkiyyətinə təhvil verməyi, “Pay”çı isə 85330 manat təşkil edən pay qoyacağı pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli, 212№-li maliiyə arayışından görünür ki, Cavabdeh Sahil İnşaat” MTK-ya iyun ayı üçün 57850 AZN borcu qalmışdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyn olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh 20 may 2019-cu il tarixli müqavilə üzrə 85330 manat pay şəkilində ödəyəcəyi 85330 manat pul vəsaitini ödəməmiş və mübahisəli mənzil onun sahibliyi və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 441.3-cü maddəsinə görə əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinin mənasına görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün, iddiaçı "xxxx" MTK müqavilə şərtlərinə uyğun olaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, müqavilənin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılması tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Bu baxımdan iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasına dair cavabdehin nümayəndəsinin dəlili əsassız hesab edir və qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq olunmuş inşaat pasportu və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06.04.2021-ci il tarixli 176 №-li sərəncamı İddiaçı MTK-nin yuxarıda qeyd olunan tikinti işlərini aparmağa ixtiyarı olduğu tam təsdiq olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsində cavabdehin kooperativin üzvü olması, bununla da həmin kooperativin üzvlüyündən xaric olması ilə hər hansı qanunla müəyyən edilmiş qaydaya riayət olunmaması ilə bağlı dəlillərini məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, qanunvericiliklə kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. (Mülki Məcəllənin 109.1 maddəsi) Həmin Məcəllənin 109.2.-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109.3.-cü maddəsinə görə isə kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, kooperativin üzvü və ya assosiativ üzvlüyü yalnız bu halda mümkündür ki, iştirakçı tərəfindən mütləq qaydada pay haqqı ödənilmiş olsun. Lakin yuxarıda təsvir olunanlarl ona dəlalət edir ki, cavabdeh tərəfindən 20.05.2019cu il tarixli müqavilə ilə nəzərdə tutulmuş pay haqqını tam ödəməməsi işin mübahisəsiz halıdır. Bu isə ona dəlalət edir ki, cavabdeh üzərinə düşən bu öhdəliyə əməl etmədiyindən kooperativin üzvü və ya assosiativ üzvü hesab edilmir. Cavabdehin digər dəlilləri ilə də məhkəmə razılaşmır və qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli müqaviləsi üzrə pay qoyuluşuna dair vəsaiti hissə-hissə nəzərdə tutulmasına dair hər hansı sübutlar təqdim olunmamışdır. Onun (cavabdeh) tərəfindən bir müddət hissə-hissə ödəniş aparılması ilə bağlı isə məhkəmə qeyd edir ki, bu hal özü-özlüyündə müqavilənin həmin şərtlərlə bağlanmasına dəlalət etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 may 2019cı il tarixli müqavilə ləğv edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 may 2019-cı il tarixli müqavilə ləğv edilsin və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4490/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4490/2021
26.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver