Məhkəmə qərarları › İş №2(103)-1754/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1754/2022

31.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1754/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(010)- 4490/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 may 2019-cı il tarixli müqavilə ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılılması qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, cavabdehə izah edilmişdir ki, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün müvafiq qaydada vəsatət verilməli və buraxılmış müddətin üzrlü olmasını təsdiq edən sübutlar(sənədlər) məhkəməyə təqdim olunmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 16 dekabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayətə əlavə hüquqi yardım göstərilməsi haqqında müqavilə elektron kabinet vasitəsilə daxil olmuş, ancaq işdə iştirak edən şəxs sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iş materiallarının 104-cü vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 05 noyabr 2021-ci il tarixdə, saat 11:23-də 2(010)-4490/2021-008 saylı 26.10.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 05 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti elektron kabinetdə yerləşdirilmişdir. Göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 onu birinci instansiya məhkəməsində təmsil etmək və hüquqlarını müdafiə etmək haqqında müqavilə bağlamış olsa da elə birinci instansiya məhkəməsinin qətnaməsi nümayəndə və vəkilin elektron kabinetində yerləşdirilmişdir. Başqa sözlə qətnaməni nümayəndə və vəkil vasitəsilə almaq birinci instansiya məhkəməsində aparılmış icraatın yekun nəticəsi olan məhkəmə qətnaməsinin alınması ilə bağlı nümayəndənin və vəkilin məhkəmədə işi aparmaq səlahiyyətinə və vəzifələrinə aiddir. Nümayəndə və vəkilin cavabdehi apellyasiya instansiyasında təmsil edibetməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin iş üzrə yekun məhkəmə aktını təmsil etdiyi şəxsə vaxtında təqdim etmək yaxud bu barədə məlumat vermək vəzifəsi olmuşdur. Çünki, qətnamə onun elektron kabinetinə yüklənmişdir. Yəni, təmsil edən nümayəndə və vəkil təmsil edilənin özü və ona bərabər tutulan şəxs deməkdir. Əks halda təmsil olunan elə məhkəmədə özü nümayəndə və vəkilsiz iştirak edərdi, məhkəmə aktından özü vaxtında apellyasiya şikayəti verərdi, ancaq təmsil olunan bu işləri etibarnamə ilə nümayəndəsi olan vəkilə həvalə etmişdir. Etibarnamədə və MPM-in 74.2-ci maddəsində nümayəndəyə məhkəmə aktından şikayət vermək səlahiyyəti verilmişdirsə, demək vəkilin həm də nümayəndə kimi qanunla müəyyən edilmiş müddətdə qətnamədən təmsil etdiyi şəxs narazı idisə apellyasiya şikayəti vermək vəzifəsi olmuşdur. Qətnamənin oxunma tarixinin 08 noyabr 2021-ci il tarixdə olması dəlilinə də MPM-də aydınlıq gətirilmişdir. Belə ki, MPM-in 135.6-cı maddəsinə əsasən.. məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Demək, nümayəndə və vəkilin elektron kabinetdə qətnaməni gec görməsi yaxud oxuması məhkəmə sənədini həmin vaxtdan alması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehə izah etmişdir ki, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün müvafiq qaydada vəsatət versin və buraxılmış müddətin üzrlü olmasını təsdiq edən sübutlar(sənədlər) məhkəməyə təqdim etsin. Ancaq cavabdeh tərəf qərardaddan şikayət verməyi uyğun seçmişlər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar