Məhkəmə qərarları › İş №2(010)-45/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-45/2021

12.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-45/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə Ermənistan, Amasiya rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə Ermənistan, Amasiya rayonunda doğulmuş X9 onun qardaşıdır. Qardaşı Natiq ruhi əsəb xəstəliyinə düçar olmuş, anadangəlmə X12 Dispanserində qeydiyyatda olmaqla mütəmadi müalicə alır. Qardaşı 1-ci qrup əlildir və sonuncu müstəqil özünü idarə edə bilmir. Qardaşının daimi köməyə ehtiyacı var. Qardaşı Natiq psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, qardaşının 1-ci qrup əlilliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları vardır ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən o, qardaşının bir sıra işlərini görməyə məcbur olur ki, qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi buna mane olur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 bildirdi ki, mülki iş üzrə keçirilmiş məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən X4 qabiliyyəti olmayan şəxs hesab edilməli olması göstərilmişdir. Buna görə də, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X17 «çox ağır əqli gerilik” diaqnozu ilə xx.xx.1998-ci il tarixdən xəstəxanada qeydiyyatdadır. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1982-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. X1, anası X5r. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021ci il tarixli 185 saylı rəyindən görünür ki, X6 ağır dərəcəli kəmağıllıq aşkar olunur. Belə nəticəyə gəlinir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx xxxxxxxx 1982-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar