Məhkəmə qərarları › İş №2(010)-4513/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4513/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4513/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 13 manat 80 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 183 manat 80 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Suraxanı rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. O, məhkəməyə disk təqdim edərək bildirdi ki, Suraxanı rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 11 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 3, 55 saylı ünvanda yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan X1 əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi xx.xx.2013-cü il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə xx.xx.2014-cü ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Sonra isə xx.xx.2014-cü il tarixdə “xxxxxxxx” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0138 N saylı akt tərtib olunmuşdur. Belə olan halda qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat və xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Müqavilə münasibətlərinə son verildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 46 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 13 manat 80 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, İddiaçı MMC ilə “xxxxxxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ünvan 3, 55 saylı ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, Hövsan qəsəbəsi, Dənizkənarında yerləşən fərdi evdə yaşayır və heç bir zaman İddiaçı kabel televiziyası ilə müqavilə bağlamamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan 0138 №-li xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “xxxxxxxx” hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Xanməmmədov 37 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 55 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. Bakı şəhər Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstismar Sahəsinin 347 №-li, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, ünvan 3, 55 saylı ünvanda yerləşən mənzil xx.xx.1982-ci ildən Cavabdeh mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanda yaşayan X1 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2013-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2014-cü il tarixində 26,40 azn borc il şəbəkədən ayrılıb. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, “xxxxxxxxxx” MMC Cavabdeh məhkəmə iddiası üzrə hüquqi xidmətə görə “xxxxxxxx” MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, işə əlavə edilən 347 saylı arayışla Cavabdeh ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzilinin sahibi olması, həmin mənzildə qeydiyatda olması göstərilsə də, cavabdehin həmin mənzildə yaşaması, xətdən kənar qoşulmadan qanunsuz istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, işə əlavə edilən 0138 №-li xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “xxxxxxxx” hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Xanməmmədov 37 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 55 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə televiziya yayımı üçün cavabdeh tərəfindən kənar xətdin qoşulmasını əks etdirən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzilinə kənar xəttin cavabdeh tərəfindən çəkilməsi və həmin qanunsuz qoşulmadan onun istifadə etməsi faktı işə əlavə edilən sənədlərlə və işin halları ilə öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın cavabdehdən tutulması hissəsində də, əsassızdır. Belə ki, tələbin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən pul məbləğinin cavabdehə aid edilməsi hissəsi, hazırkı iddiada cavabdehin təqsiri sübuta yetirilmədiyinə görə əsaslı deyildir. Həmçinin, qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması iddiaçı şirkətin daima apardığı profilaktik hərəkətlərdir və cavabdehin qanuna zidd hərəkətlərinə görə bu yoxlamanın aparılması və ya növbədən kənar yoxlamanın keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi baxımından sübut edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar