Məhkəmə qərarları › İş №2(010)-456/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-456/2022

14.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-456/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.04.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, qızı X3 21.04.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda qızı uzun müddətdir ki, psixi pozuntudan əziyyət çəkir. Ona həkimlər tərəfindən “anadangəlmə serebral iflic” diaqnozu qoyulmuşdur. qızı doğuş travması ilə doğulmuş, psixo-motor inkişafı ləngiyib, gec yeriyib, gec danışıb, demək olar ki sağ tərəfin hərəkəti yoxdur. Hal-hazırda tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən əmək qabiliyyəti də yoxdur və 2-ci qrup əlildir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 21.04.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsi Uşaq X9 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, 1991-cı il təvəllüdlü X3 İ qrup uşaqlıqdan əlildir. Uşaq X9ndə qeydiyyatdadır. Diaqnoz. “İmbesillik dərəcəsi. Ağıl zəifliyi. Daun xəstəliyi. Suraxanı ƏSMM tərəfindən verilmiş 055432 №-li əlillik vəsiqəsindən görünür ki, X3 İİ qrup ümumi əlildir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış 10.11.2021-ci il tarixli məktubdan görünür ki, 21.04.1991-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi barədə Ərizəçi ərizəsinə baxılmış və ona X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 15 fevral 2022-ci il tarixli, 482 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici aşkar olunur. X3 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 21.04.1991-ci il təvəllüdlü X3 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 21.04.1991-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar