Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4589/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şükürova (Abduİİayeva) Sevil Baba qızına qarşı "müqavilənin ləğvi və borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh Şükürova (Abduİİayeva) Sevil Baba qızına qarşı "müqavilənin ləğvi və borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Abduİİayeva Sevil Baba qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 788 nömrəli «Müqavilə»ni ləğv etməklə həmin müqavilə üzrə qalıq ümumi borc məbləği olan 1640 (bir min altı yüz qırx) manat borcun, 36,40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış dəbbə pulunun (cərimənin və faizlərin) cavabdeh Abduİİayeva Sevil Baba qızından İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd edilmiş cərimə-faizlərin tutulması hissədə iddiadan imtina etmişdir. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə fiziki şəxs Abduİİayeva Sevil Baba qızı arasında xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən Satış obyektləri olan «Elos Trio», «RF Multi» cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən Abduİİayeva Sevil Baba qızına təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütünpredmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi»nin 2.2-ci bəndinə əsasən, satış obyektlərinin toplam satış qiyməti 15800 manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq S.Abduİİayeva tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin ödəniş olaraq 2500 manat, daha sonra ödəniş mərhələlərinə uyğun olaraq hissə-hissə olmaqla cəmi 11660 manat, ümumilikdə isə 14160 manat ödənişlər edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası S.Abduİİayeva tərəfindən birtərəfli qaydada pozulmuş, ödəniş mərhələsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə 816 manat ödənilməli olduğu halda qeyd edilən ödəniş cavabdeh S.Abduİİayeva tərəfindən icra edilməmişdir. Müqavilə Əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş ödəniş öhdəliyinin icra müddətinə münasibətdə cavabdeh S.Abduİİayevaya tərəfindən daima güzəştlər tətbiq edilmiş, ödəniş öhdəlikləri daima gecikmələrlə icra edilmişdir. Sonuncu dəfə tərəfindən edilmiş güzəştlərə baxmayaraq bir neçə dəfə cavabdeh S.Abduİİayevadan xx.xx.2022-ci il tarixi üzrə ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh S.Abduİİayeva tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçı MMC ilə Abduİİayeva Sevil Baba qızı arasında bağlanmış Müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Müqavilə Əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair cavabdeh S.Abduİİayevaya bir neçə dəfə verilməklə ödəniş edilməsi tələb edilmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixdəə Cavabdeh ünvanına xəbərdarlıq məktubu göndərilmişdir Tərəfindən göndərilmiş xəbərdarlıq məktubunun Cavabdeh çatmasından sonra cavabdeh müqavilə üzrə öhdəliyinin icra edilməsi istiqamətində heç bir addım atmamış və ya bunun üçün heç bir cəhd etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 788 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəti 15800 manat olan «Elos Trio», «RF Multi» cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələri Abduİİayeva Sevil Baba qızına verməyi, Abduİİayeva Sevil Baba qızı isə bunun müqabilində 15 mərhələ ərzində, yəni 1-ci mərhələdə 2500 manat, 2-ci mərhələdə 2000 manat, 3-cü mərhələdə 816 manat; 4-cü mərhələdə 1500 manat, qalan mərhələlərdə hər ayın 7-nə qədər 816 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Abduİİayeva Sevil – ElosTrio; RF multi; Kuşetka; Stabilizator; Həkim üçün eynək; Pasient üçün eynək; Distillə su; Alət masası; Həkim stulu; Lampa lupa; Roll up 788 nömrəli müqavilə əsasındv ona çatdırılmalı bütün predmetləri təhvil almışdır. Onların öz funksiyalarını tan şəkildə yerinə yetirdiklərini və yuxarıda qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarınıimzası ilə təsdiq etmişdir. 788 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə Əlavədən görünür ki, ən son xx.xx.2022-ci il tarixində 816 manat ödəniş etmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqavilə əlavəsindəən görünür ki, borclu Abduİİayeva Sevil Baba qızının İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1640 manat məbləğində borcu vardır. İddiaçı MMC-nin bildirişindən görünür ki, İddiaçı MMC tərəfindən Abduİİayeva Sevil Baba qızı müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 15800 manat olan özünə məxsus «Elos Trio», «RF Multi» cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələri cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və bunun müqabilində 15 mərhələ ərzində, yəni 1-ci mərhələdə 2500 manat, 2-ci mərhələdə 2000 manat, 3-cü mərhələdə 816 manat; 4-cü mərhələdə 1500 manat, qalan mərhələlərdə 816 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir ki, cavabdehin sözügedən müqavilə üzrə 1640 manat məbləğində əsas borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Tərəflər arasında 788 nömrəli nisyə alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə Şükürova (Abduİİayeva) Sevil Baba qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 1640 (bir min altı yüz qırx) manat məbləğində pul vəsaiti cavabdeh Şükürova (Abduİİayeva) Sevil Baba qızından tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 36,40 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı MMC ilə cavabdeh Şükürova (Abduİİayeva) Sevil Baba qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Şükürova (Abduİİayeva) Sevil Baba qızından xx.xx.2021-ci il tarixli, 788 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1640 (bir min altı yüz qırx) manat və 36,40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 1676,4 (bir min altı yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova