Məhkəmə qərarları › İş №2(010)-459/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-459/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-459/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın plomb vurulan ətrafı zədəlidir. Sayğacda ALARM-1 rejimi aşkar olunub.

2. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 17280 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

3. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00093) 2073,60 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.

4. xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, abonen kodu **********00093 olan sayğaca 88 və 5 manat olmaqla, ümumilikdə 93 manat pul ödənilmişdir.

İşin faktiki halları

5. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına qaz sayğacının quraşdırılması və həmin ünvan üzrə **********00093 nömrəli abonent kodunun verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyəri kimi ondan tələb etdiyi qanunsuz və əsassız yazılan 2073,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. İddiaçı iddia tələbini müdafiə edərək, ünvanına yazılmış 2073,60 manat borcun silinməsini məhkəmədən xahiş etdi.

8. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, demək olar ki, 2 aydan bir sayğacları mənfiyə işləyir və ödədikləri pulun çox hissəsi borca çıxılır. Bununla bağlı idarəyə müraciət etsələr də, məhkəmə proseslərinin qurtarmasından sonra məsələyə baxılacağı bildirilmişdir. Anası yaşlı qadındır və sayğaca müdaxilə etməsi mümkün deyil. Həmçinin, təqdim etdiyi qəbzlərdən də görünür ki, mütəmadi olaraq ödənişlər edilir. Anası demək olar ki, günün çox vaxtı qızının yanında qonşuluqdakı evdə olur. Həmçinin, cavabdehin nümayəndəsinin onlardan istədiyi 6-7 il əvvəlin çeklərinin təqdim edilməsi mümkün deyil. Həmin borc məbləği cavabdehin təqsiri üzündən yazılıb və sayğacları düzgün işləmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00093 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1302AZ**********46 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-5648/Q002 saylı Akta əsasən “sayğacın ALARM-1 rejimi aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 17280 m3 təşkil etmişdir. Hesablanmış 2073,60 manat məbləğində dəymiş ziyan 2023-cü ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00093 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

10. Cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini və iddiaçının ödəniş etmədiyi illərlə bağlı sübut kimi çek təqdim etməməsini nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

11. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

12. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

14. Belə ki, iş üzrə toplanmış sübutları araşdıran məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına qaz sayğacı quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən sayğacın plomb vurulan ətrafının zədəli olması və sayğacda ALARM-1 rejiminin aşkar olunması ilə bağlı akt tərtib olunarkən, sayğacın yararsız vəziyyətə salınmasının iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. “Qaz təchizatı” haqqında Qanunda, eləcə də, “X1”nın təsdiq edilməsi haqqında Qərarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Odur ki, akt qanunvericiliyinin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Həmçinin, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2073,60 manat borc silinməlidir.

15. Cavabdehin etirazında göstərdiyi dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və sayğacın yararsız vəziyyətə salınmasında iddiaçının təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Qaydalara əsasən qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın yararsız vəziyyətə salınması nəticəsində hər hansı məbləğ tələb edilə bilməz.

16. Bundan əlavə, cavabdehin nümayəndəsi iddiaçının 2018-ci ildən 2022-ci ilə kimi heç bir ödəniş etmədiyini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin əsasa görə iddianın rədd edilməsi qanunauyğun deyil. Belə ki, hazırki iş üzrə iddiaçının ünvanına yazılmış cərimə, sərfiyyat məbləği yox, bir növ sanksiyadır və cavabdehin nümayəndəsinin bildirdiyinə görə qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün iddiaçının ünvanına hesablanaraq yazılmışdır. Sayğacın sərfiyyatı qeyd etməməsi və işləməməsinə görə isə cavabdehliyi abonent yox, məhz qaz paylayıcısı olan cavabdeh daşıyır. Çünki, qaz sayğaclarının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq vəzifəsi birbaşa olaraq qaz paylayıcısı olan Cavabdeh İB-nin səlahiyyətindədir və Birliyin əməkdaşları tərəfindən təlimata əsasən yoxlanılmalıdır. Məhkəmə xərcləri

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

19. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 40,73 manat təşkil edir.

20. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 40,73 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu: **********00093) hesablanmış 2073,60 manat məbləğində borc ləğv olunmalıdır.

22. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00093) hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdehndən 40,73 (qırx manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar