Məhkəmə qərarları › İş №2(010)-465/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-465/2022

04.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-465/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12.06.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı - 12.06.2002-ci il təvəllüdlü X3 X9 gerilik xəstəliyinə düçar olmuş və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi olaraq müalicə alır. O, psixi qüsuruna görə öz hərəkətlərinin mənasını anlaya və müstəqil şəkildə özünü idarə edə bilmir və daimi olaraq köməyə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12.06.2002-ci ildə anadan olmuşdur, atası X4,anası Ərizəçidır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X3 X9 gerilik diaqnozu ilə birinci qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 03.02.2022-ci il tarixli 323 saylı rəyindən görünür ki, X2 “X9 Gerilik (İmbesillik Dərəcəsində) Davranış Pozuntuları ilə” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar ( doğuş zədəsi ilə doğulması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının arayışında “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, X9 gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxslərin yardımına ehtiyacı var diaqnozu ilə birinci qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ( zahirən narahat olması, ünsiyyətə çətinlikə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Belə nəticəyə gəlinir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X1 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 12.06.2002-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 12.06.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar