Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-466/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin ona qanunsuz hesabladığı 1762 manat borcun silinməsi və ondan sayğaca görər qanunusuz tutulmuş 212 manat və hesablanmış borc məbləği üzrə məcburi tutulmuş 95 manat pulun onun abonent hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həmişə normal olaraq smart kart vasitəsi ilə ödəniş edib təbii qazdan istifadə etmişdir. Smart karta ödəniş edərkən sayğaca ödədiyi məbləğin yarısı sayğaca köçürüldüyünə görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə yaxınlaşmış və bu məsələnin aydınlaşdırılması və həllində köməklik göstərilməsini onlardan xahiş etsə də, onlar tərəfindən heç bir köməklik göstərilməmişdir. Sayğaca müdaxilə olunması faktının müəyyən edilməsinə dair tərtib edilmiş akt və digər sənədlərin surəti ona təqdim edilmişdir. Həmin sənədə əsasən ona 9288 kub metr qazdan qanunsuz istifadəyə görə 1857,60 manat borc və dəyişdirilmiş yeni sayğacın dəyəri olaraq 212 manat qanunsuz borc hesablanmışdır. Bu səbəbdən də, karta ödədiyi məbləğin yarısı borca tutulmuşdur. Həmin borc məbləğindən 212 manat sayğaca görə və 95 manat sərfiyyat borcu olmaqla ondan məcburən tutulmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı, 29.06.2018–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2018-ci il tarixli aktdan görünür ki, G4 markalı qaz sayğacının laboratoriya yoxlanışı zamanı sayğacın çıxış plastmas borusunun deşilmiş və yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********02510 saylı abonent saldosundan görünür ki, İddiaçı istifadə etdiyi smart G-4 İtron DİAFRAQMA markalı sayğac üzrə 2018-ci il üçün 1857 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, sayğacın dəyəri 212 manatdır. Məhkəmə təqdim olunan iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi 1762 manat borcun silinməsi və sayğaca görər qanunusuz tutulmuş 212 manat pulun iddiaçının abonent hesabına qaytarılması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbində 95 manat məbləğində pulun əsassız olaraq tutulduğu qeyd edilsə də, bu halı sübut edəcək tutarlı dəlil təqdim edilməmişdir. Belə olan halda, məhkəmə 95 manatın əsassız borc kimi tutulduğunu sübut edilməmiş hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən iddiaçı Həsənov Nazı̇ m Rəhı̇ m oğluna hesablanmış 1762 manat məbləğində borc silinsin. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi" dən sayğaca görə tutulmuş 212 manat məbləğində pul tutularaq iddiaçı Həsənov Nazı̇ m Rəhı̇ m oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı pellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-466/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-466/2022
16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver