Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4660/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin İddiaçı **********80001 nömrəli abunə kodu üzrə tələb etdiyi 523.40 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 78, mənzil 1 ( yeni qaydalarla: AZ 1042, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnu miras yolu ilə əldə etmişdir. Sözügedən mənzil əvvəllər anasına məxsus olmuş, onun vəfatından sonra isə qanuni mirasçı olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Mənzilin mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətində xx.xx.2025-ci il tarixində iddiaçının adına qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyatından sonra iddiaçı kommunal xidmət müqavilələrini öz adına rəsmiləşdirmək üçün cavabdehə müraciət etmişdir. "xxxx" ASC-yə edilən müraciət zamanı iddiaçıya bildirilmişdir ki, həmin ünvana aid **********80001 saylı abunə vərəqəsinə əsasən, xx.xx.2006-cı il tarixədək istehlak edilmiş elektrik enerjisinə görə 523.40 manat məbləğində ödənilməmiş borc mövcuddur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13- 13/2-2/18-A-0400-5/2025 nömrəli rəsmi cavab məktubunda göstərilmişdir ki, qeyd olunan borc “ödənilməsi tələb olunmayan borclar” qrafasına daxildir. Bununla belə, məktubda vurğulanmışdır ki, ad dəyişikliyi və ya alqı-satqı əməliyyatı aparılarkən bu borcun ödənilməsi məcburidir. Qeyd olunmalıdır ki, 523.40 manat məbləğində borc xx.xx.2006-cı il tarixinədək yaranmış və bu tarixdən etibarən 20 ilə yaxın müddət ərzində cavabdeh tərəfindən nə əvvəlki mülkiyyətçiyə, nə də iddiaçıya qarşı hər hansı tələb irəli sürülməmişdir. Borcun mövcudluğu barədə iddiaçı yalnız mülkiyyətində olan mənzilin kommunal xidmətlərini öz adına keçirmək məqsədilə müraciət etdiyi zaman məlumat əldə etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək borcun silinməsini xahiş etmişdir. Qeyd etmişdir ki, borc mərhum anasının adına olandan yazılmış borcdur. Barmek dövrünün borcudur. İddia tələbinə əsasən, iddia müddətinin tətbiqini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının onların iştirakları olmadan keçirilməsinə və yekun məhkəmə aktı qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, Bakı şəhəri, ünvan 2(bina):0078, mənzil:0001 saylı ev ünvanında **********80001 kodlu abonent Mədinə Novruz qızına xx.xx.2011-ci il tarixində 523.40 manat məbləğində barmek borcu hesablanmışdır. Ordjonikidze (Suraxanı) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, İİ-ЖГ seriyalı, 280416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X2, anası Mədinə Novruz qızı) xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1950-ci il tarixdə 1289 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 612970 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mədinə Novruz qızı xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında Suraxanı rayon Qeydiyyat şöbəsi akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 529 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-2/18-A-9409-5/2025 nömrəli məktubundan görünür ki, yaşayış sahəsinə aid **********80001 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqinin təhlil olunduğu, xx.xx.2006-cı il tarixinədək mənzildə istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə 523.40 manat borc olduğunu, qeyd edilən borc ödənişlərinin tələb olunmayan borclar qrafasına daxil edildiyi, borcun ödənilməsinin yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edildiyi müəyyən olunmuşdur. AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 44 kv.m olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 78, mənzil 1 (yeni qaydalarla: AZ 1042, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrə ilə, xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.... Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.... Maddə 550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, Bakı şəhəri, ünvan 3 ünvanında **********80001 kodlu abonent Mədinə Novruz qızına xx.xx.2011-ci il tarixində 523.40 manat məbləğində barmek borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mədinə Novruz qızı iddiaçının anasıdır. Mədinə Novruz qızı vəfat etdikdən sonra həmin mənzil qanun üzrə vərəsəlik hüququ əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Bundan başqa, cavabdeh həmin borcu iddiaçıdan tələb etmir, lakin “abunə haqqında” məlumatlarda borc yazılaraq, qalmaqdadır. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən **********80001 nömrəli abunə kodu üzrə tələb olunan 523.40 manat borcun silinməsini tələb etmiş, öz tələbini iddia müddətinin keçməsi ilə bağlı əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisələndirilən borc məbləği məbləği xx.xx.2006-cı il tarixinədək mənzildə istehlak edilən elektrik enerjisinin dəyəridir, lakin borc kimi o abonentə xx.xx.2011-ci il tarixində yazılmışdır. Eyni zamanda, cavabdehin həmin borcu “ödənişlərinin tələb olunmayan” borclar qrafasına daxil edildiyi, borcun ödənilməsinin yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edildiyi tam əsassız görünür. Borcu olduğu halda, onu qanunla müəyyən edilmiş müddətdə tələb edə bilərdi və ya olmadığı halda, borcu silməli idi. Cavabdehin məktubunda qeyd edilmiş mövqe isə qeyri-müəyyənlik yaradır. Bundan başqa, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq, qanunvericilikdə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olaraq müəyyən olunmuşdur. Belə olan halda, xx.xx.2006-cı il tarixinədək yaranmış və xx.xx.2011-ci il tarixində yazılmış borcdan iddia müddəti olaraq müəyyən olunmuş müddətdən artıq müddət keçdiyindən cavabdehin bu borc məbləğini abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı tələb etməsi əsassız hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-nin İddiaçı **********80001 nömrəli abunə kodu üzrə tələb etdiyi 523.40 manat borc silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı **********80001 nömrəli abunə kodu üzrə tələb etdiyi 523.40 manat borc silinsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva