Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4670/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə AN-1 №-li ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, iki qardaşı – X3 və X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-49-cu məhəllədə yerləşən 3 saylı evin 62-ci mənzilində yaşamışlar. O, öz qardaşlarının təsiri və təzyiqi nəticəsində mülkiyyətində olan evi 67000 manata bir nəfərlə razılaşmışdır, hətta həmin şəxs ona beh də vermişdir. Həmin şəxsin xırda bir problemi olduğu üçün evin sənədləşdirilməsini qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Lakin qardaşlarının təsiri və təzyiqi nəticəsində mülkiyyətində olan evi birinci müştəri ilə razılaşdığı qiymətə deyil, hazırkı cavabdehə 60500 manata satmağa məcbur olmuşdur. O, xx.xx.2021-ci il tarixdə AN-1 №-li ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə mənzilini Cavabdeh 50.000 manata satmış, əlavə olaraq ona 10000 manat da əlavə verilmişdir. Lakin o mənzilin alqı-satqısından sonra peşiman olmuş, bu gün də həmin peşmançılığı keçirir. Hal-hazırda həmin mənzilə çəkilmiş xərcin geri qaytarılmasına da etiraz etmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını və onun mənzilinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək və iddia ərizəsinə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, cavabdehin sözügedən mənzilin alqı-satqısından öncə İddiaçı ilə heç bir qohumluq və tanışlığı olmamışdır. Ev almaq niyyətilə müxtəlif üsullarla (elan saytları, vasitəçilər) axtarış edərkən bir vasitəçinin aracılığı ilə mənzilin keçmiş sahibi İddiaçı ilə tanış olmuş, mənzilə baxış keçirmiş, qiymət barədə razılığa gəlmişlər. Əslində sözügedən mənzilin alınması üçün satıcıya cavabdeh tərəfindən faktiki olaraq, 60.500 manat vəsait ödənilmişdir. Belə ki, satıcı əvvəlcədən 10.000 manat vəsaitin ona müqavilədənkənar ödənilməsini xahiş etmişdir. Bu xahişi nəzərə alaraq, cavabdeh vasitəçinin, həyat yoldaşının atasının da iştirakı ilə müqavilə imzalanmadan öncə, 10.000 manat məbləği İddiaçı xx.xx.2021-ci il tarixdə şəxsən təqdim etmişdir. Müqavilə imzalandıqdan sonra 50.000 manat ödənişi icra etmişdir. Daha sonra isə iddiaçının və digər şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxmaları prosesində də əlavə olaraq 500 manat vəsait ödəmişdir. Belə ki, həmin mənzil üzrə İddiaçı aid kommunal borclar olduğundan, İddiaçı xahişi ilə qeydiyyatdan çıxma prosesinin tezləşdirilməsinə dəstək olmaq üçün 500 manat vəsaiti iddiaçıya 09 sentyabr 2021-ci il tarixdə ödəmişdir. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra, müvafiq olaraq yeni mülkiyyətçi kimi sözügedən mənzilə dair cavabdeh öz adına 18 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Evin alqı-satqısı zamanı olan bütün dövr ərzində İddiaçı ilə cavabdehin arasında məbləğlə və digər mövzularla bağlı heç bir anlaşılmazlıq olmamışdır. Hansı məbləğə razılaşmışdıqsa, o məbləği də ödəniş etmiş, hətta sonradan əlavə də ödəniş etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi peşmançılıq duyğusunun heç bir hüquqi əsası yoxdur. Müqavilənin alıcı tərəfi olaraq, satıcıya heç bir təsir və təzyiqdə bulunmadığı aşkardır. Müqavilə tərəfləri olaraq, müqavilə ilə razılaşdırdıqları tələbləri hər ikisi könüllü şəkildə notariusda rəsmiləşdirmiş və icra etmişlər. Hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3, 329.1-ci maddələrinə olan istinadların da hüquqi əsası yoxdur. Belə ki, müqavilə imzalanarkən, satıcı mənzilin satışı üçün ona ödənilməli məbləği şəxsən cavabdehə elan etmiş və cavabdeh də alıcı olaraq iddiaçının tələbini qəbul edib, ödənişi icra etmişdir. Bundan başqa, alqı-satqı müqaviləsi rəsmi olaraq imzalanarkən notarius da imza prosesində müqavilənin şərtlərini, mahiyyətini hər iki tərəfə bir daha izah etmiş, şifahi razılığını aldıqdan sonra, imzalarla bu razılığı rəsmiləşdirməyi təklif etmişdir. Bütün yuxarıda qeyd edilənləri, alqı-satqı müqaviləsinin bir ildən artıq müddət bundan öncə bağlanmasını, müqavilənin, tərəflərin azad iradəsi ilə icra edildiyini nəzərə alaraq, İddiaçı “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, tarixdə AN-1 №-li ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsi tələbinə dair” iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi, ev 3, 62 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi, 117, M9, m1) Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 3, mənzil 62, yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 117, M9, m1 Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarında qeyd olunur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi, ev 3, 62 saylı mənzili xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Hazırda iddiaçı həmin mənzili qardaşlarının təsiri və təzyiqi nəticəsində daha ucuz qiymətə satdığını qeyd edərək alqısatqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı anlaqlıdır, həmin əqdi notariat orqanında şəxsən özü imzalayarkən öz iradə ifadəsini bildirmiş, daşınmaz əmlakın tərəflər arasında razılaşdırılmış dəyərini almış və bir ildən sonra həmin əmlakı ucuz satması ilə bağlı mübahisə qaldırmışdır. İş materiallarından müəyyən olunur ki, müqavilənin bağlanmasında hər iki tərəf iştirak etmiş, onların iradə ifadəsi mövcud olmuş və əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, əmlakın daha ucuz satılması müqavilənin etibarsız hesab olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4670/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4670/2022
28.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver