Məhkəmə qərarları › İş №2(010)-4677/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4677/2021

01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4677/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən **********V0000 nömrəli abunə kodu olan İddiaçı qanunsuz olaraq hesablanmış 1036.35 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Eyni zamanda, "xxxx" ASC tərəfindən qanunsuz olaraq guya sərf olunmuş elektrik enerjisinin sərfiyyatına görə xeyli miqdarda borcun yarandığı bildirilmişdir. Qarşılaşdığı problemin araşdırılması məqsədilə "xxxx" ASC-yə müraciət etmiş, borcun necə yarandığının araşdırılmasını xahiş etmişdir. "xxxx" ASC 08.06.2021-ci il tarixli, 0199/K- 086/4407 saylı cavabla bildirmişdir ki, **********V0000 nömrəli abonent kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyə təhlil olunarkən məlum olmuşdur ki: “01.01.2002-cil tarixdən 31.10.2006-cı il tarixədək olan dövrdə yaranmış 260.90 manat borc ödənişi tələb olunmayan borclar qrafasına keçirilmişdir. Borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödəniş aparılmamış elektrik enerjisinin dəyəridir. Qeyd edək ki, göstərilən məbləğin ödənişi abonentdən yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. 06.05.2021ci il tarixinə sərf olunan elektrik enerjisinin sərfiyyatına görə yaranmış 1036.35 manat borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Qeyd edək ki, qanunvericilikdə elektrik enerjisinin sərfiyyatına görə güzəşt nəzərdə tutulmadığına görə müraciətinizi təmin etmək mümkün deyil”. Elektrik enerjisindən istifadəyə görə ona hesablanmış borc qanunsuz və əsassızdır. Eyni zamanda, vaxtlı-vaxtında işlədilən elektrik enerjisini pulunun ödənilməsi sübut edir ki, onun ümumiyyətlə bu miqdarda borcu ola bilməz. Onun yaşadığı mənzildə elektrik enerjisinin külli miqdarda sərf edilməsinə səbəb olan müəssisə və ya avadanlıq işlətmir. Bu məbləğdə borcun hesablanması isə cavabdeh tərəfindən mülki hüquqdan suiistifadədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, onun mənzilinə elektrik enerjisindən istifadəyə görə hesablanmış borc əsassızdır. Belə ki, o, işıq sayğacı qurulana qədər elektrik enerjisindən istifadəyə görə olan borcu əlbəəl ödəmiş, ondan sonra isə sayğacdakı sərfiyyata uyğun ödəməyə başlamışdır. Lakin ondan hələ sayğacdan əvvəlki dövrün pulu da əsassız olaraq tələb edilir. Onun işıqdan istifadəyə görə bu qədər borcunun yaranmış olması mümkün deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc hər hansı akta görə hesablanan borc deyil, onun mənzilində sərf edilmiş elektrik enerjisinin dəyəridir. İddiaçının da qeyd etdiyi kimi əvvəllər, daha dəqiqi 2009-cu ilə qədər həmin mənzildə sayğac quraşdırılmadığından elektrik enerjisinin dəyəri mənzildə elektrik enerjisinin faktiki iş gücünə görə orta sərfiyyata uyğun, sayğac quraşdırılandan sonra isə sayğacın göstəricisinə uyğun hesablanmışdır. "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış məktubda göstərilmiş 260.90 manat borc da sayğac olmayan dövrdə, 2006-cı ilə qədər hesablanmış borcdur. Lakin həmin borc iddiaçının cari borcunun kütləsinə daxil deyil, çünki bu borc ondan tələb edilmir. Həmin borc sadəcə olaraq, abonent vərəqində ad dəyişdirilərkən tələb oluna bilər. Ümumiyyətlə, iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə aylıq ödənişlər edilsə də bu ödənişlər sərf edilən enerjinin dəyərinə uyğun olmamış, aylıq 10-50 manat aralığında olmuşdur. Bu səbəbdən də ödənilməmiş borc yığılmışdır. Borcun limiti aşan hissəsi abonentin ödənişlərini göstərən cədvəldə “bağlanan aktlar” hissəsində göstərilmişdir. Yəni, iddiaçının silinməsini tələb etdiyi borc onun istifadə etdiyi enerjinin dəyəridir ki, həmin borcdan da güzəşt edilməsi mümkün deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 08.06.2021-ci il tarixli “müraciətin araşdırılmasına dair” məktubda qeyd edilmişdir ki: “Sizin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (20.05.2021-ci il tarixli, K-086 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********V0000 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, 01.01.2002-cil tarixdən 31.10.2006-cı il tarixədək olan dövrdə yaranmış 260.90 manat borc ödənişi tələb olunmayan borclar qrafasına keçirilmişdir. Borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödəniş aparılmamış elektrik enerjisinin dəyəridir. Qeyd edək ki, göstərilən məbləğin ödənişi abonentdən yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. 06.05.2021-ci il tarixinə sərf olunan elektrik enerjisinin sərfiyyatına görə yaranmış 1036.35 manat borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Qeyd edək ki, qanunvericilikdə elektrik enerjisinin sərfiyyatına görə güzəşt nəzərdə tutulmadığına görə müraciətinizi təmin etmək mümkün deyil”. "xxxx" ASC tərəfindən tərtib edilmiş və illər üzrə sərf edilmiş elektrik enerjisinin dəyərini, abunə ödənişlərini və digər göstəriciləri özündə əks etdirən abunə haqqında cəvdəl iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı yaşadığı mənzildə 23.06.2009-cu il tarixdə sayğac quraşdırılmış, bu tarixdən sonra elektrik enerjisindən istifadəyə görə borc sayğacın göstəricisinə uyğun hesablanaraq tələb edilmişdir. Sayğac quraşdırılana qədər isə müvafiq elektrik enerjisinin iş gücünə görə orta sərfiyyata uyğun hesablanmışdır. 01.01.2002-ci il tarixdən 31.10.2006-cı il tarixə qədər olan dövrü əhatə edən 260.90 manat borc ödənişi tələb olunmayan borclar qrafasına keçmişdir. Lakin cavabdeh "xxxx" ASC həmin dövrdən sonrakı yığılmış 1036.15 manat borcu iddiaçıdan tələb etmiş, bu borcun tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsə də həmin pulu sərf edilmiş, lakin dəyəri ödənilməmiş borc kimi hesablamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yığılmış borcu belə izah etmişdir ki, iddiaçı tərəfindən aylıq abunə ödənişi edilsə də bu ödənişlər aylıq sərfiyyatın dəyərinə uyğun olmadığından yığılmış və yekunda bu məbləğ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı isə bunu qəbul etməmiş, istifadə etdiyi elektrik enerjisinin dəyərini lazımınca ödədiyini, cavabdeh orqan tərəfindən ondan artıq məbləğdə ödəniş tələb edildiyini bildirmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə edildiyi nəzərə alınsa iddiaçıdan beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı iddiaçının öhdəliklərinə xitam verilmişdir. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, öhdəliklərin xitamı üçün müddət və iddia müddəti fərqli anlayışlardır. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsi ilə bağlı qeyd edilənlər yalnız iddia müddətinə aiddir və hazırkı işə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə 2016-cı ilin avqust ayından (iddia ərizəsi ilə avqust ayında məhkəməyə müraciət edildiyi nəzərə alınmaqla) əvvəlki dövrə hesablanmış borc onun hesabından silinməlidir. Müvafiq borc məhkəməyə təqdim edilmiş abunə haqqında cədvələ uyğun hesablanmalıdır. Belə ki, həmin cədvəldən görünür ki, elektrik enerjisindən istifadəyə görə hesablanmış borc iki qrafada - “sayğacın göstəriciləri” və “bağlanan aktlar” qrafalarında hesablanmışdır. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi bildirmişdir ki, limit daxilində sərf edilmiş elektrik enerjisinə görə borc birinci qrafada, limitdən artıq sərf edilmiş elektrik enerjisinə görə borc isə “bağlanan aktlar” qrafasında hesablanır. Bu səbəbdən məhkəmə tərəfindənn müvafiq dövrdən əvvəlki borc silinərkən də bu hal nəzərə alınmalı, hesablama hər iki qrafadakı göstəricilərə uyğun həyata keçirilməlidir. Abunə haqqında cədvəldəki göstəricilərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2016-cı ilin avqust ayına qədər abonentə hesablanmış limit daxilində borc 3201.78 manat, limitdən artıq sərfiyyata görə borc 656.21 manat olmaqla, cəmi 3857.99 manatdır. Həmin dövr üzrə iddiaçı tərəfindən ödənilmiş abunə ödənişlərinin cəmi məbləği isə 2917 manatdır. Müvafiq ödəniş məbləği çıxıldıqdan sonra iddiaçının 2016-cı ilin avqust ayına qədər olan borcu 940.99 manatdır. Odur ki, müddətin keçməsi ilə bağlı iddiaçının həmin dövr üzrə öhdəliklərinə xitam verildiyindən həmin borc (940.99 manat) onun hesabından silinməlidir. Lakin qalan borc sərf edilmiş elektrik enerjisinin dəyəri olduğundan iddiaçı tərəfindən ödənilməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə qaydalarının”: 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırkı halda məhkəmə hesab edir ki, 2016-cı ilin avqust ayına qədər öhdəliklərə müddətin keçməsi ilə əlaqədar xitam verildiyi halda iddiaçıdan həmin dövrə görə pul tutulmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, həmin dövrə görə hesablanmış 940.99 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 940.99 manat (doqquz yüz qırx manat doxsan doqquz qəpik) borc onun hesabından silinməlidir. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 940.99 manat (doqquz yüz qırx manat doxsan doqquz qəpik) borc onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar