Məhkəmə qərarları › İş №2(010)-4724/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4724/2023

21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4724/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə intansiyası olaraq məhkəmə araşdırılması zamanı onun borcsuz və haqlı olduğu halda 250 manat dəyərində yazılmış cərimə borcunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ömürlük 3-cü qrup əlildir. "xxxx" Açıq Səhmdar Cəmiyyətində içtehlakçı olduğu **********80027 nömrəli abonent kodu ilə hal-hazırda yaşadığı ünvan 2-dəki evi, 2021-ci il dekabr ayında satın almışdır. Müəyyən səbəblərə görə mənzilə köçə bilməmiş və mənzil 2021-ci il dekabr ayından 2022-ci il dekabr ayına qədər 1 il müddətində boş qalmış, 2022-ci il dekabr tarixindən etibarən isə evə köçmüş və burada yaşamışdır. Evə köçdüyü tarixdən etibarən işıqdan istifadə etmiş və bu aydan sonrakı bütün abonent borclarını vaxtı-vaxtında ödəmişdir. Lakin, 2023-cü ilin aprel ayında onların işıq sayğacına heç bir xəbərdarlıq edilmədən nəzarətçi Məmmədova Səkinəxanım tərəfindən aktlaşdırılmış və laboratoriyayay göndərilmişdir. Halbuki, onların sayğacının ev alqı-satqısından 6 ay öncə yenisiylə əvəz olunduğu köhnə ev sahibi tərəfindən ona bildirilmişdir. Yəni onların sayğacı tam yeni, istifadəyə yararlı olduğu halda səbəbsiz laboratoriyaya göndərilib. Eləcə də bütün bunların hamısı onun müşaiyəti olmadan aparılmışdı. Onlara xəbər edilmədiyi üçün aktlaşdırmaya görə yaranan 250 manat borcdan xəbərsiz olmuşdur. 2023-cü il aprel tarixində işıqları qəfil kəsilmişdir. 199 cağrı mərkəzinə zəmg edib, araşdırıldıqdan sonra, öyrənmiş oldu ki, işıqları məhz aktlaşdırmaya görə yaranan borc səbəbindən kəsilib. Bütün bu olanlar sübut etmək üçün evdə yaşadığı tarixdən etibarən bütün abonent çeklərini və sərfiyyatlar barədə məlumatları toplayaraq Suraxanı rayonunda yerləşən "xxxx" ASC-nin idarəsinə yaxınlaşmışdır. İdarənin rəsisi bütün sübutlara baxmış, eləcə də ona xəbərdarlı edilmədən yazılmış aktlaşdırma sənədini təqdim etmişdir. Aktlaşdırma sənədində sayğaca həm bir kənar müdaxilə olmadığı, tam istismara yararlı olduğunu qeyd olunmasına baxmayaraq, onun sayğacı evi satın aldıqdan sonra 1 il ərzində ev boş qaldığı müddətdə işıqdan istifadə etməməyi və bu halda sayğac göstəricisinin 0 qeyd etməsi olub. Nəzərətçi isə məsələyə qeyri-peşəkar yanaşaraq, bunu sayğacda nasazlıq kimi qeydə almış və səbəbsiz olaraq laboratoriyaya göndərilmiş, bununla bağlı akt tərtib etmişdir. Göründüyü kimi elektrik sayğacının qüsursuz olmağına baxmayaraq, nəzarətçinin səhvi ucbatından ona 250 manat dəyərində borc yazılmış, və o, işıqdan istifadə etmək üçün məcburiyyət qarşısında qalıb borcu ödəmişdir. Bununla əlaqədar olaraq o dəfələrlə "xxxx" ASC-yə və onun Bakı şəhəri, Suraxanı rayon Enerji Təchizatı və Satış İdarəsinə müraciət edərək, haqsız olaraq yazılmış və onun tərəfindən ödənilən 250 manat borcun ona geri qaytarılmasını xahiş etsə də bugünədək nəticə ala bilməmişdir. Son olaraq "xxxx" ASC-dən bildirilir ki, ödənişin geri qaytarılması yalnız məhkəmə yolu ilə baş tutması mükündür. Bütün bu hadisələr ona həm maddi, həm də mənəvi olaraq ziyan vurmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialları. İddiaçı tərəfindən "xxxx" ASC-yə 16 iyun 2023-cü il tarixli 13-13/2-2/18-H-3788-5/2023 nömrəli ünvanlanmış müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılan zaman sayğacın ekranının oxunmadığı aşkarlanmış və bu barədə Rİ 288173 saylı akt tərtib edilmişdir. Həmin zaman dövrədən axan yük ölçülərək 1,3,A olduğu müəyyən edilmişdir. Sayğac istismara yararsız olduğu üçün xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış və daxili qüsur nəticəsində işləmədiyi barədə rəy verilmişdir. Həmçinin ünvana aid **********80027 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş və xx.xx.2021-ci il tarixdən sayğacın sərfiyyat qeyd etmədiyi, lakin yeni quraşdırılmış sayğacla hər ay enerji sərfiyyatı qeydə alındığı müəyyən edilmişdir. İtirilmiş elektrik enrjisinin bərpa edilməsi məqsədilə “Elekrik enerjisindən istifadə Qaydaları” uyğun olaraq, xətdən axan yük əsasında 2325 Kvt.s-186 manat elektrik enerjisi dəyərində ödəniş sənədi hazırlanmışdır. **********00270 kodlu abonentin saldosundan görünür ki, X2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilin yanvar ayından 2023-cü il yanvar ayına kimi cəmi 283 m3 qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2023-cü il traixli **********0270:21387385 kodu abonent kartından görünür ki, Sadıqova Aidəyə məxsus ünvan 1 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilin yanvar ayından 2023cü il yanvar ayına kimi cəmi 27 m3 su sərfiyyatı hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, Suraxanı, Əmircan qəsəbəsi, kvt, 1847/48, ev(Bina):0008, mənzil 0027 İddiaçı **********80027 abonentin 2022-ci il yanvar ayından iyul ayına kimi 1-8 cıvarında fərq hesablanmış, 2022-ci il avqust ayından 2023-cü il aprel ayına kimi fərq hesablanmamışdır. xx.xx.2023-cü il tarixində abonentə 2325 kvt-s görə 186 manat borc hesablanmışdır. 093279 nömrəli 14 fevral 20214-cü il tarixli vəsiqənin surətindən görünür ki, Hümmətov X3 ƏSMM 3 (üçüncü) qrup əmək xəsarəti əlilidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.24 kv.m mənzil İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********14-05101-093044). xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, **********80027 saylı koduna elektrik enerjisinin istehlak haqqı kimi 250 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.2 Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2 Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11 Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2 Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4 Əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.35. Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində abonent İddiaçı məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlamaq məqsədilə baxış keçirilmiş və akt tərtib edilmişdir. Akta əsasən ekranının oxunmadığı aşkarlanmışdır. Həmin akt əsasında abonentə 2325 kvt.s və 186 manat borc yazılmışdır. Cavabdeh iddiaçının işıq təchizatını kəsdiyindən, sonuncu xx.xx.2023-cü il tarixində **********80027 abonent koduna 250 manat pul yükləmişdir. Məhkəmə vurğulayır ki, cavabdeh tərəfindən elektrik sayğacının zədələnməsinin (ekranının oxunmaması) məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən qaydalarda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Aktın tərtib edilməsində iddiaçının – abonentin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Çünki, akt müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında tərtib edilməmişdir. Həmçinin, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bununla məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvanda elektrik sayğacının işlək vəziyyətdə olmaması onun təqsirindən olmamış və onun təqsiri sübut olunmamışdır. Həmçinin, **********00270 kodlu abonentin (qaz) saldosundan və 21387385 kodlu (su) abonent kartından görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilin yanvar ayından 2023-cü il yanvar ayına kimi cüzi miqdarda su və qaz sərfiyyatı hesablanmışdır. Bu hal isə iddiaçının həmin dövrdə həmin ünvanda yaşayış olmaması barədə ifadələri təsdiq edir. Beləliklə, qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq və iş materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 250 manat puldan 186 manatı geri qaytarılmalıdır. Çünki, həmin məbləğin alınması üçün cavabdehin qanuni və ya müqavilə əsası yox idi. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ididaçı İddiaçı yazılmış və ödədiyi 186 manat məbləğidə pul geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar