Məhkəmə qərarları › İş №2(010)-4727/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4727/2024

18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4727/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı X1 Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu Yalama İƏD-nin Ortaoba kəndində yerləşən evə hesablanmış 432 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilmişdir.

İddia tələbinin dəlilləri.

2. Xaçmaz rayonu, Yalama İƏD Orta Oba kəndində mərhum X2 adına olan 0,08 ha həyətyanı torpaq sahəsində yaşayış evi inşa etdirmişdirlər. O, sağ olan zaman onlar Xaçmaz rayonunda ev tikmişlər. Lakin həmin evdə yaşamamışlar. O, ailəsi birlikdə Bakı şəhərində yaşayır. Ara-sıra gedib Xaçmaz rayonunda yerləşən evə də baş çəkir. O, Xaçmaz rayonunda evi qonşuluqda yaşayan Əfəndiyevlər ailəsinə əmanət etmişdir. Qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qonşusu Yaşar Əfəndiyev ona məlumat verərək bildirdi ki, Xaçmaz RQİİ-nin əməkdaşları evinə gələrək bildirmişlər ki, evinə quraşdırılmış qaz sayğacını yoxlamadan keçirmək üçün yenisi ilə əvəz etməlidirlər. O, sayğacın dəyişdirilməsinə razılıq vermişdir. Bundan sonra İdarənin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etdilər. Bu barədə akt tərtib edilmiş və həmin aktı həm də Yaşar Əndiyev imzalamışdır. Çıxarılmış qaz sayğacının plombu yerində olmaqla üzərində heç bir əzik-cızıq izləri olmamışdır. 2022-ci ilin yanvar ayının qaz sərfiyyatına görə bildirişxəbərdarlıq aldıqda ona məlum oldu ki, ona 432 manat qalıb borc hesablanmışdır. Borcla bağlı məlumat almaq istədikdə Qaçmaz RQİİ tərəfindən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə əvəzlənmiş qaz sayğacında guya müdaxilə işləri aşkar edilmişdir. Ona qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surəti, dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamənin surəti və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021 ci il tarixli ******* nömrəli aktın surəti və laboratoriya analizinin cavabı təqdim edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğacın dəyəri və sayğaza dəymiş ziyan hesablanıb ödənilsin. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən mənə itirilmiş qazın həcmi 4320 m3 hesablanmaqla qalıq borc 432 manat müəyyən edilmişdir. Hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, həmin tarixli tələbnamə və evdən çıxarılmış ******* nömrəli qaz sayğacına guya müdaxilə edilməsi barədə laboratoriyanın cavabı tamamilə əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdı evində olan qaz sayğacı dəyişdirilərkən qonşusu Yaşar Əfəndiyev həmin prosesdə iştirak etmiş, çıxarılan qaz sayğacının plombunda və ekran şüşəsində heç bir əzik-cızıq izləri aşkar edilmədiyinin şahidi olmuşdur. Sayğac çıxarıldıqdan sonra onda qaz idarəsinin işçiləri və digər şəxslər tərəfindən qəsdən əzik izlərinin əmələ gətirilib-gətirilməməsi inkar olunmur. Onun adına quraşdırılmış sayğac ona məxsus mənzilin hasarından kənarda, küçədə divarda quraşdırılıb. Sayğaca müdaxilə edilməmişdir.

Tərəflərin izahatları.

3. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

İş materialları.

5. ƏMDX DƏDKR publik hüquqi şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Xaçmaz rayonu, Ortaoba kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə aparılmış dövlət yoxlamasına əsasən, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzikcızıq izləri vardır.

7. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Xaçmaz rayonu, Yalama qəsəbəsi, Ortaoba kəndində iddiaçıya məxsus ünvanda qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

8. Abonent saldosundan görünür ki, 2021-2022-ci illər daxil olmaqla istehlak olunan qazla bağlı müəyyən ödənişlər olunmuşdur. Qalıq və aktlar üzrə 2022-ci il üçün 432 manat borc qeyd edilmişdir.

İşin faktiki halları.

9. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçıya məxsus ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbədənkənar dövlət yoxlanışına göndərilməsi olmuşdur. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini və itirilmiş qaz sərfiyyatını əsas gətirərək, qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir.

Tətbiq edilən hüquq.

10. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

11. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

12. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

14. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt xx.xx.2012-ci ildə tərtib edilmişdir. Həmin dövrdə qüvvədə olmuş, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 432 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri.

15. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən İddiaçı məxsus Xaçmaz rayon Ortaona kəndində yerləşən evə (abonent kodu **********11980) hesablanmış 432 manat məbləğində borc silinməli və iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz" İB tərəfindən İddiaçı məxsus Xaçmaz rayon Ortaona kəndində yerləşən evə (abonent kodu **********11980) hesablanmış 432 manat məbləğində borc silinsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar