Məhkəmə qərarları › İş №2(010)-4735/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4735/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4735/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimənin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimənin silinməsi barəsində iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 321 saylı mənzilə (abonent kodu **********0210) əsassız olaraq borc kimi yazılmış olan 216 (iki yüz on altı) manat cərimənin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1ünvan 4A) xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzil uzun illərdir onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********03210 olmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə onun tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur və istifadəsindədir. 20.08.2020ciil tarixində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ünvanlarına gələrək sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar smart sayğacını mexaniki sayğaca dəyişmələri barədə məlumat vermiş və dəyişmişlər. Cavabdehin əməkdaşları 20.08.2020-ci il tarixdə 600084 saylı akt tərtib edərək sayğacda olan qusurlar orda qeyd edilmiş (sayğacın göy knopkası işləmir), daha sonra hər iki tərəfin razılığı əsasında akta imza edilmiş və ona aktın bir nüsxəsini təqdim etmədən getmişlər. 21.07.2021-ci il tarixində onun tərəfindən terminal vasitəsilə pul yükləmək istəyərkən məlum olmuşdur ki, 216 manat cərimə borcu yazılmışdır. O, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, müxtəlif sənədlər toplamış və məlum olmuşdur ki, 31.05.2021-ci il tarixində onun iştirakı və xəbəri olmadan sayğaca baxış keçirilmiş və bu barədə ******* saylı akt tərtib olunmuş, aktda sayğacın yivli birləşmələrinin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafının zədəli olması, sayğacın element yuvasının apağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, nəticədə sayğacın alarm-1 rejimində olması, klapanın bağlı olması qeyd edilmişdir. Guya sayğacın onun və ailə üzvləri tərəfindən müdaxilə olunduğu üçün nəticədə 216 manat cərimə borcu yazılmışdır. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. O, həmin aktın nə tərtib olunmasında, nə də ki, imzalanmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 216 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğaca nə o, nə də ailə üzvləri tərəfindən müdaxilə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* saylı, 20.08.2020–ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi “sayğacın göy knopkası işləmir” göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin ******* nömrəli, 31.05.2021-ci il tarixli aktdan görünür ki, abonent kodu **********03210 olan G4T tipli sayğacın yararsızlığının səbəbi sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafının zədəli olması, sayğacın alarm-1 rejimində olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00891-1 nömrəli, 26.05.2021-ci il tarixli aktından görünür ki, iddiaçıya məxsus mənzildə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafının zədəli olması, sayğacın element yuvasının apağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, nəticədə sayğacın alarm-1 rejimində olması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş **********03210 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin may ayında 216 manat məbləğində borc hesablanmışdır. İşdə olan “İtirilmiş təbii qazın dəyərinin hesablanması komisiyasının 31.05.2021-ci il tarixli aktından görünür ki, istehlakçı kimi İddiaçı göstərildiyi qaz sayğacına kənar müdaxilənin nəticəsi kimi itirilmiş qazın dəyəri cəmi 2160 m3 hesablanmışdır. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dəyişdirilmənin səbəbi sayğacın göy knopkası işləməməsi olmuşdur. İş materiallarından həmçinin o da məlum olur ki, sayğaca müdaxilənin kim tərəfindən yetirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğaca müdaixlənin məhz iddiaçı tərəfindən yetirildiyi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Rzaqulı̇ yev Mayil Bəşı̇ r oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 321 nömrəli fərdi yaşayış evində olan sayğaca (abonent kodu: **********03210) hesablanmış 216 ( iki yüz on altı) manat cərimə silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar