Məhkəmə qərarları › İş №2(010)-4756/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4756/2022

30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4756/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış debitor borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış debitor borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi, ona hesablanmış 240 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda yerləşən həyətdə iki fərdi yaşayış evi var. Evin birində o öz ailəsi ilə, digərində isə əmisi öz ailəsi ilə birlikdə yaşayır. X1 ilə Cavabdeh ASC (bundan sonra cavabdeh) arasında bağlanmış 01 iyul 2007-ci il tarixli 20773824 saylı müqaviləyə əsasən onun yaşadığı fərdi yaşayış evinə su xətti çəkilmiş, **********000 saylı abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. Əmisinin yaşadığı evə isə ayrı su xətti çəkilmiş, ayrı abonent kodu verilmişdir. Cavabdehin nümayəndələri hər ay onun sayğacına baxış keçirərək, sayğacın göstəricilərini qeydə almışlar. 06 sentyabr 2022-ci ildə də cavabdehin nümayəndələri onların həyətinə gələrək, hər dəfə olduğu kimi sayğaca baxış keçirmiş, həyətdə əmisinin su xəttinə qoşulmuş şlanqı göstərərək, su xəttinə sayğacdan kənar qoşulmağını ona irad tutmuş, onun barəsində akt tərtib ediləcəyini ona bildirmişlər. O, onlara həmin xəttin və xəttin üzərində olan şlanqın əmisinə məxsus olmasını, həmin şlanqla əmisinin həyətdə olan ağacları sulamasını bildirmişdir. Lakin 22 sentyabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları onun həyətinə gələrək, onun barəsində akt tərtib edilməsini, akta əsasən isə ona 240 manat məbləğində su pulu hesablanmasını bildirmiş, borcunu vermədiyi halda su və kanalizasiya xəttini kəsəcəklərini demişlər. Bundan sonra o Cavabdeh ASC-yə gedərək, barəsində tərtib edilmiş aktı əldə etmiş, həqiqətən də onun barəsində sayğacdan kənar su xəttinin aşkar edilməsi ilə əlaqədar akt tərtib edilməsini bilmişdir. Həmin akt ona təqdim edilmişdir. Halbuki, cavabdehin əməkdaşları akt tərtib edən zaman ona bildirməli, aktı onun iştirakı ila tərtib etməli, surətini ona dərhal təqdim etməli idilər. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, guya aparılan araşdırma zamanı onun həyətində sayğacdan kənar xətt aşkar edilmişdir. Halbuki, onun həyətində sayğacdan kənar heç bir su xətti olmamış, onların həyəti ümumi həyət olduğuna görə əmisinin su xəttini qəsdən onlar sayğacdankənar xətt kimi aktlaşdırmışlar. Belə ki, cavabdehin əməkdaşları onların həyətində iki abonentin olmasını, hər bir abonentin ayrıca su xəttinin olmasını yaxşı bilmiş, buna baxmayaraq onu qanunsuz olaraq su talamaqda təqsirli bilmişlər. Belə olduqda isə onun həmin aktın qanunsuz hesab edilərək ləğv edilməsini və ona əsassız olaraq hesablanmış 240 manat borcun silinməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş edərək izahatında əlavə olaraq onu göstərmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli akt tam qanuni olduğuna görə onun ləğv olunması üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 ilə Cavabdeh ASC (bundan sonra cavabdeh) arasında bağlanmış 01 iyul 2007-ci il tarixli 20773824 saylı müqaviləyə əsasən onun yaşadığı fərdi yaşayış evinə su xətti çəkilmiş, **********000 saylı abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. İş materiallarından olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015ci ildə vəfat etmişdir. İş materiallarından olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1dur. İş materiallarından görünür ki, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən **********000 saylı abonent kodu olan abonent barəsində sayğacdan kənar xətt aşkarlanmasına dair 085227 nömrəli akt tərtib edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 1-ci maddəsində verilmiş anlayışa görə istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qeyd edilən qanunvericlik aktı normasına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə əsasında və quraşdırılmış sayğaca uyğun hesablanaraq ödənilməsi halının mövcudluğu işin mübahisəsiz halıdır. İşdə olan Cavabdeh ASC-nin nümayəndələri tərəfindən 06 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən X4 məxsus evində araşdırma aparıldığı zaman sayğacdan kənar xətt aşkarlanmışdır. İşdən göründüyü kimi sayğacdan kənar su xəttinin mövcud olması barədə akt tərtib olunarkən onun mövcudluğunu təsdiq edən digər sübutlar akta əlavə edilməmiş, akt istehlakçı B.Kazımov tərəfindən imzalanmamış, bunu səbəbləri barədə heç bir qeyd aparılmamışdır. Belə olan halda məhkəmə qeyd edilən akt əsasında sayğacdan kənar xəttdən istifadəyə görə iddiaçıya Cavabdeh ASC tərəfindən 240 manat pul hesablanmasını əsassız hesab edir və qeyd edir ki, həmin hüquqmüəyyənedici sənədin heç bir etibarlılığı yoxdur və onun sübut kimi qəbul edilməsi mümkün deyildir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələbinə cavab verməyən, hüquqmüəyyənedici sənəd kimi qəbul edilməyən və sübut növü kimi istifadə edilməsi qeyri-mümkün olan 06 sentyabr 2022-ci il tarixli 085227 nömrəli akt əsasında İddiaçı barəsində 240 manat məbləğində dəymiş zərərin hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehin nümayəndəsinin aktın qanuni olmasına dair məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının digər şəxslə ümumi həyətdə yaşaması özü-özlüyündə ona dəlalət etmir ki, o, (iddiaçı) həmin şəxsə aid su xəttinə qoşularaq sayğacdan kənar sudan istifadə edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli Akt qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı hesablanmış 240 manat debitor borcu əsassız hesab edilərək silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli Akt qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı hesablanmış 240 manat debitor borcu əsassız hesab edilərək silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar