Məhkəmə qərarları › İş №2(010)-4810/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4810/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4810/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “Azəriqaz” İB tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 2160 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki: “Bildirirəm ki, mən Bakı şəhəri, Suraxanı rayonu, Xanlar küçəsində fərdi yaşayış evində ailəmlə yaşayıram. “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilə üzrə yaşadığım ünvandakı evim cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. 2020-ci ilin iyul ayının 30-da cavabdehin əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında mənə 2160 manat borc yazılmışdır. Həmin borcun hesablanması barədə mənə bildiriş göndərilməmiş, akt barədə də məlumatım olmuşdur. Abonentin saldosu adlı sənədi cavabdehdən alan zaman gördüm ki, mənə akt əsasında 2160 manat borc hesablanmışdır. Həmin aktın verilməsi üçün müraciət etdikdə mənə aktın kserosurəti təqdim edildi. Qeyd edilən aktda mənim həmin akta imza etməkdən imtina etməyim göstərilmişdir, halbuki akt tərtib edilərkən mən orda iştirak etməmişəm. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 77-ci bəndinə əsasən aktın şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Həmin Təlimatın 81-ci bəndinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Aktın birtərəfli qaydada tərtib edilməsi həmin aktın mənə münasibətdə hər hansı bir halı təsdiq edən sübut kimi qəbul edilməsini və mənim barəmdə hər hansı bir qərar qəbul edilməsi mümkünlüyünü istisna edir. Cavabdeh isə öz növbəsində hesablamalarının hüquqi əsaslarını mənə bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa, mənimlə cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdlr. Eyni zamanda, mübahisələndirilən aktda sayğacdakı qüsur kimi “sayğacın klapanın işlək olmaması, yivli birləşmənin korroziyaya uğraması, alarm-1 rejimin aşkar olunması” göstərilmişdir. Əgər həqiqətən də qeyd edilən nöqsanlar aşkar edilmişdirsə, həmin nöqsanlar mənə aid deyillər, cavabdehin özünə aiddirlər. Mən sayğacın hər hansı hissəsinin korroziyasına, klapanının işlək olmamasına, habelə ALARM rejiminə görə məsuliyyət daşıyan şəxs deyiləm, belə ki, qeyd edilən qüsurlar mənim təqsirimdən baş verməmişdir. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq mən təqsirim olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımıram. Cavabdeh təşkilatın nümayəndəsi hər ay sayğaca baxış keçirir və həqiqətən də sayğacda hər hansı qüsur, müdaxilə var idisə niyə vaxtında aşkar edilmirdi. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin mənim qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və mənim təqsirli olmağımı sübuta yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalan”nın 4.8-ci bəndində qeyd olunur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu maddənin tələbinə əsasən haqlı olaraq bildirirəm ki, sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. Çünki mən fiziki şəxsəm. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı - hazırki iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi daşıyır. Bundan başqa həmin sayğac nə mənim həyətimdə, nə də evimdə quraşdırılmışdır, habelə cavabdeh təşkilat qaz sayğacına müdaxilənin mənim tərəfimdən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan mənə borc hesablamışdır”. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, “Azəriqaz İB-nin nümayəndəsi ona yaxınlaşaraq qazdan istifadəyə görə borcu olduğunu, eləcə də qaz sayğacına müdaxilə edilməsinə görə cərimə olunduğunu bildirmişdir. Bundan bir il sonra ona bildirmişlər ki, borcu olduğuna görə onu məhkəməyə verəcəklər. O, sonradan öyrənmişdir ki, ona 2160 manat cərimə yazılıb. Halbuki, onun nə sayğaca hər hansı müdaxilədən, nə də bu cərimənin necə hesablanmasından məlumatı olmamışdır. Belə ki, cavabdeh orqanın nümayəndələri sayğacı özbaşına yoxlayıb onun məlumatı olmadan dəyişmiş, sonradan laboratoriyada yoxlayıb pozuntu aşkar etmişlər. Onun bu proseslərin heç birindən məlumatı olmamışdır. Eyni zamanda, tərəfindən sayğaca da heç bir müdaxilə olunmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05.05.2018-ci il tarixli, ******* nömrəli Aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı evində yeni qaz sayğacı quraşdırılmışdır. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. Aktda istehlakçının - İddiaçı imzası yoxdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29.04.2020-ci il tarixli, ******* nömrəli Aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı evində yeni qaz sayğacı quraşdırılmışdır. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. Aktda istehlakçının - İddiaçı imzası var. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.07.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində quraşdırılmış qaz sayğacı yoxlanılmış və müəyyən edilmişdir ki: “Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Alarm-1 rejimi aşkar olunub; Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin”. 29.07.2020-ci il tarixli laboratoriyanın 29/1710-01156-1 saylı MSK-ya əsasən, 1802AZ**********00 nömrəli sayğacın laboratoriyada yoxlanılması zamanı müəyyən edilmişdir ki: “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Göstəricilər arasında fərq mövcuddur. LCD ekranda tarix bölməsində 07.07.2020-ci il əks olunur. Sayğacın yaddaşı arxiv olundu. Sayğacda 12.09.2019-cu il ALARM 1 rejimi aşkar olunub”. **********01070 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2020-ci il iyul ayında qalıq və aktlara əsasən 216 manat məbləğində borc hesablanmışdır. 30.07.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 29.07.2020-ci il tarixli, 29/1710-01156-1 №-li aktına əsasən G-4 markalı, 1802AZ**********00 nömrəli sayğacın klapanı işlək deyil. ALARM -1 rejimi aşkar olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x6x90=2160 m3) Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən 30.07.2020-ci il tarixdə İddiaçı evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın klapanının işlək vəziyyətdə olmadığı müəyyən edilərək akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 2160 m3 dəymiş ziyan hesablanmışdır. Bu hal mübasisəsizdir. Belə ki, bu qeyd edilənlər iş materiallarında olan abonentin saldosu, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt, dəymiş ziyanın bərpasından dair tələbnamə əsasında tam sübut edilir. Hazırda İddiaçı sayğaca onun hər hansı təqsirli hərəkəti nəticəsində ziyan vurulmadığını, həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə 2160 manat məbləğində borc hesablandığını bildirərək bu borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа 30.07.2020-cil tarixli aktda istinad edilən hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının klapanının işlək olmamasının müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacının klapanının işlək olmaması müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda 30.07.2020-ci il tarixli akta əsasən dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Lakin məhkəmə iddiaçı tərəfindən silinməsi tələb edilən borcun məbləği ilə razılaşmır. Belə ki, iddiaçı 30.07.2020-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən hesablanmış 2160 manat məbləğində borcun silinməsini tələb etmiş, həmin akt və bu akta əsasən hesablanmış cərimə məbləğini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 30.07.2020-ci il tarixli pozuntu aktına əsasən iddiaçıya 2160 manat yox, 216 manat məbləğində cərimə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 28.11.2016-cı i il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3) müəyyən edilmiş, Tarif (qiymət) Şurasının 22.12.2016-cı il tarixli, 19 nömrəli qərarına əsasən “1500 m3” “1700 m3” ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarı ilə “1700 m3” “2200 m3” ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.06.2021-ci il tarixli, 8 nömrəli qərarı ilə təbii qazın yeni ölkədaxili tarifləri təsdiq edilmiş, bu qərarın cədvəl bölməsinin 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü sətirlərinə əsasən illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün – 100 (ƏDV ilə, manat/min m3), illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün – 200 (ƏDV ilə, manat/min m3), illik istehlak həcminin 2500 m3 dən çox olan hissəsi üçün – 250 (ƏDV ilə, manat/min m3) tarif müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının evində quraşdırılmış sayğacın yoxlanıldığı və 2160 m3 dəymiş ziyan hesablandığı dövrdə (30.07.2020) Azərbaycan Respublikasında təbii qazın ölkədaxili tarifi illik istehlak həcminin 2200 m3-dək olan hissəsi üçün 1 kub metri 10 qəpik olmuşdur. Beləliklə, həmin dövrdə itirilmiş qazın sərfinə münasib dəymiş 2160 m3 ziyana görə iddiaçıya 216 manat məbləğində cərimə hesablanmışdır. Lakin iddiaçı hesab etmişdir ki, 30.07.2020-ci il tarixli akta əsasən dəymiş 2160 m3 ziyana görə ona 2160 manat məbləğində cərimə hesablanmışdır və məhkəmədən də bu akta əsasən hesablanmış 2160 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində isə müəyyən edilmişdir ki, iddiaçıya 30.07.2020-ci il tarixli akta əsasən 2160 manat yox, 216 manat məbləğində cərimə hesablanmışdır. İddiaçının istinad etdiyi 2160 manat isə iş materiallarında olan abonentin saldosundan göründüyü kimi 2018-ci ilin avqust ayında “qalıq və akt”a əsasən hesablanmış 1944 manat məbləğində borcun 2020-ci ilin iyul ayında “qalıq və akt”a əsasən hesablanmış 216 manat məbləğində borc ilə cəmidir (1944+216=2160). Lakin iddiaçı məhkəməyə 2018-ci ilin avqust ayında tərtib edilmiş aktla bağlı hər hansı sübut (təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, sayğaca laboratoriya baxışı haqqında akt, pozuntu nəticəsində itirilmiş qazın dəyərini göstərən dəymiş ziyanın bərpasına dair tələbnamə və s.) təqdim etmədiyindən məhkəmə tərəfindən həmin borcun silinməsi mümkün olmamışdır. Üstəlik, iddiaçının 2018-ci il tarixdə tərtib edilmiş hər hansı akta görə hesablanmış borcun silinməsinə dair məhkəmədən heç bir tələbi olmamış, onun bütün tələbi 30.07.2020-ci il tarixdə tərtib edilmiş akt üzrə hesablanmış cəriməyə yönəlmişdir. Bu baxımdan İddiaçı əgər 2018-ci ilin avqust ayında onun evində quraşdırılmış sayğaca baxış keçirildiyini, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edildiyini, bu akta əsaslanaraq itirilmiş qazın dəyərinə uyğun olaraq cərimə edildiyini və bütün bu prosesin onun qanunla qorunan mənafelərinin pozulmaqla həyata keçirildiyini hesab edirsə, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməli, əgər özü bu sübutları əldə edə bilmirsə, həmin sübutların əldə edilməsi üçün məhkəməyə müraciət etməli və ən əsası bu akta əsasən hesablanmış borcun silinməsini tələb etməlidir. İddiaçı nəzərə almalıdır ki, iddia tələbində ümumiyyətlə, iki aktdan bəhs etməmiş, 30.07.2020-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 216 manat cəriməni 2160 manat kimi qəbul etmiş, nəzərə almamışdır ki, 2160 manat ona 30.07.2020ci il tarixli akta əsasən hesablanmış cərimə yox, 2018-ci ildə tərtib edilmiş akta əsasən hesablanmış 1944 manat cərimənin üzərinə 2020-ci ildə tərtib edilmiş akta əsasən hesablanmış 216 manat cərimənin əlavə edilməsi nəticəsində əldə edilmişdir. İddiaçı cərimənin əsası və məbləği ilə bağlı yanlış nəticəyə gəldiyindən məhkəməyə yalnız 2020ci il tarixli aktla bağlı sübutları təqdim etməklə kifayətlənmiş, 2018-ci il tarixda tərtib edilmiş hər hansı akta əsasən hesablanmış cərimənin silinməsini tələb etməmiş, bu aktla bağlı, yaxud bu akta əsasən hesablanmış dəymiş ziyan məbləğini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə təqdim edilməmiş, araşdırılmamış, üumiyyətlə silinməsi tələb belə edilməmiş akta əsasən hesablanmış borcu silə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hər bir halda məhkəmə iddiaçının diqqətinə çatdırır ki, o, 2018-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması aktını, yaxud bu akta əsasən hesablanmış dəymiş ziyan məbləğini göstərən sübutları əldə etdikdən sonra məhz bu akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddianın əsasını 30.07.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən hesablanmış borcun silinməsi təşkil etdiyindən iddiaçı gələcəkdə 2018-ci ildə tərtib edilmiş akta əsasən hesablanmış borcun silinməsini tələb edəcəyi halda həmin iddianın Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində göstərilən əsasla yolverilməz hesab edilməsi istisna ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı 30.07.2020-ci il tarixli akta əsasən hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış 216 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 30.07.2020-ci il tarixli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borc onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar