Məhkəmə qərarları › İş №2(010)-4814/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4814/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4814/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 3628 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq yaşayış massivi, döngə 4 nömrəsiz evdə yaşayır. Belə ki, yaşadığı evdə istehlak edilən qazın ölçüsünü aparan sayğac onun adınadır, eyni zamanda cavabdehlə qaz təchizatı haqqında müqavilə bağlanmışdır. Həmin evdə onunla birlikdə keçmiş həyat yoldaşı X3 və xx.xx.2019-cu il təvəllüdlü hazırda 4 yaşı olan İnci adlı qızı və xx.xx.2010-cu il təvəllüdlü hazırda 13 yaşı olan Vasif adlı oğlu da yaşayırlar. Yaşadığı evə verilən təbii qazın həcmini müəyyən edən qaz sayğacı küçədə quraşdırılmışdır. xx.xx.2023-cü ildə axşam saatlarında evə gəldikdə qazın verilişinin dayandırıldığını görmüş, bunun səbəbini bilmək üçün qaz sayğacına yaxınlaşdıqda qaz sayğacının oğurlandığının şahidi olmuşdur. Həmin gün Suraxanı rayonunda ərazi üzrə 31ci Polis Bölməsinə şikayət ərizəsi ilə bu barədə müraciət etmiş və müraciəti barədə Cavabdeh ASC-yə də məlumat vermişdir. Növbəti gün və daha sonra müxtəlif tarixlərdə Cavabdeh ASC-yə telefonla (qaynar xətt 104), Suraxanı rayonunda yerləşən Qaz İdarəsinə dəfələrlə gedərək evdə kiçik uşaqların olmasını, qış ayları olduğunu bildirərək qaz sayğacının quraşdırılmasını xahiş etsə də, müraciəti səbəb göstərilmədən təmin olunmamışdır. xx.xx.2023-cü cü ildə 16 gün ərzində evə qaz verilmədiyi üçün çox soyuq havalarda azyaşlı övladlarının tez-tez xəstələnməsini, xüsusən o zaman hələ 4 yaşı tamam olmamış qızının soyuqdan donduğunu, soyuqdan ağladığını görərək, hava proqnozuna görə havanın pisləşəcəyini, gecə saatlarında şaxta olacağı haqqında proqnozları eşidərək sayğac quraşdırılana qədər evə qazı rezin boru ilə çəkmək qərarına gəlmiş və rezin borunu quraşdıran zaman da elə həmin tarixdə və saatda Cavabdeh ASCyə zəng edərək bu barədə telefonla məlumat vermişdir. Rezin boru ilə qazı birləşdirdikdən 1 saat sonra "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğacdankənar borunu çəkdiyini rəsmiləşdirdilər, fotoşəkillərini çəkdilər və rezin borunu xəttdən ayırdılar. xx.xx.2023-cü ildə isə yeni sayğac quraşdırdılar, aktda bunun səbəbini sayğacın oğurlanması kimi göstərdilər. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona həmin rezin borunu 1 saat quraşdıraraq qazdan istifadə etməyi nəticəsində ona 3628 manat borc yazılmış və həmin borcun ödənilməsi ondan şifahi və yazılı şəkildə tələb edilmişdir. Cavabdehin onun kimi aztəminatlı bir ailəyə bu qədər borc hesablanması ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, sayğac oğurlanana qədər xx.xx.2023-cü ilə qədər qazın həcmi smart tipli sayğacla ölçülmüşdür və o, qış aylarında hər ay maksimum 30 manat qaz istehlak etmişdir. Sayğac oğurlandıqdan (xx.xx.2023-cü ildən) sonra xx.xx.2023-cü ilə qədər heç bir halda o, 3628 manat həcmində qazı istehlak edə bilməzdir. Yaşadığı ev 1 otaq və 1 mətbəxdən ibarətdir, sahəsi cəmi (mətbəx və otaq) 40 kv metrdir, evdə bir İran qaz sobasından və 1 ədəd 4 göz PQ-4 sobadan (xörək bişirmək, çay qızdırmaq üçün) istifadə edir. Heç bir halda hətta o, 20 gün ərzində rezin boru quraşdırmaqla qazdan istfadə etsə belə 3628 manat həcmində qazdan istifadə edə bilməzdi. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər 8 ay ərzində istifadə etdiyi qaz sayğacının göstəricilərinə əsasən cəmi 90 manat təşkil etmişdir. Cavabdehin ona 3628 manat məbləğinin hesablamasında görünür ki, guya o, 360 gün sayğacdan kənar qazdan istifadə etmişdir. Belə ki, cavabdehin əməkdaşları hər ay gəlib ərazini gəzib sayğacların vəziyyətini yoxlayırdılar, o, 360 gün sayğacdan kənar qazdan istifadə etmiş olsaydı bunu heç olmasa 12 dəfə aşkar etməli olardılar. Bundan əlavə cavabdehin hesablamasına görə o, guya 2022-ci ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər sayğacdankənar qazdan istifadə etmişdir. Lakin abonentin saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar-dekabr ayları üçün smart tipli sayğaca pul yükləmişdir. Bundan başqa cavabdeh göstərmişdir ki, guya o, cəmi 40 kv metr sahəsi olan 1 otaq və 1 mətbəxdən ibarət olan evində 3 qaz cihazlarının 12 ay ərzində gecə gündüz 24 saat ərzində fasilə vermədən işləməsini əsas götürərək 3628 manat məbləğini hesablamışlar. Belə ki, onda 3 qaz istifadə edən cihaz yoxdur, 1 dördgöz sobadır, bir İran sobasıdır. Bütün bu göstərilənlər cavabdehin yazdığı 3628 manat qaz borcunun nə qədər absurd, məntiqə sığmayan, ağlabatmayan olmasını göstərir. Qeyd edilənlər təsdiqləyirlər, yəni cavabdeh hər ay gəlib qaz sayğacına baxış keçirmiş və sayğacdan kənar 12 ay üçün ona əsassız absurd bir məbləğdə borc hesablamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun həqiqətən də 12 ay ərzində qanunsuz qazdan istifadə etməyini, qazdan 3 cihaz vasitəsilə gecə-gündüz istifadə etməyini, yaz, yay, payız aylarında da qızdırıcı cihazlardan istifadə etməyini, 4 göz sobadan da bütün il boyu gecə-gündüz istifadə etməyini sübuta yetirməlidir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacı xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlamışdır. Sayğacın olmamasından istifadə edən iddiaçı yaşadığı evə qazdan istifadə etmək üçün rezin boru ilə çəkmişdir. Bunu iddiaçının özü də etiraf etmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2022-cü il tarixdə 30 manat ödəniş olmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən istehlakçıdan 24 saat olmaqla 360 gün hesabat müddəti ərzində qaz sərfiyyatına görə hesablanmış 3628.80 manat məbləğində borc tələb olunur. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

İş materialları.

5. xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İBnin Bakı RQSD ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır.

6. X1 əməkdaşları tərəfindən tərtib olunmuş ******* təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacdan kənar qazdan istifadə olunması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır.

7. xx.xx.2023-cü il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacı oğurlandığından ZENNER G4T SMART markalı, **********469 nömrəli qaz sayğacı quraşdırılmışdır.

8. X1 xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün olmaqla, cəmi 30240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

9. X4 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 3625,80 manat təşkil edir. Sonuncu dəfə smart tipli sayğac üçün xx.xx.2022-ci il tarixdə 30 manat pul vəsaiti abonentin saldosuna ödənilmişdir.

10. Azərbaycan Respublikası DİN Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən Suraxanı Rayon Qaz İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində İddiaçı yaşadığı ünvanda ona məxsus evə quraşdırılmış qaz sayğacının naməlum şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir.

İşin faktiki halları.

11. xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində İddiaçı yaşadığı ünvanda ona məxsus evə quraşdırılmış qaz sayğacının naməlum şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir. Bununla bağlı iddiaçı “X4”nə və polisə müraciət etmişdir. İddiaçının etirafına görə Cavabdeh tərəfindən həmin evə qaz saygacı quraşdırılmadığından rezin boru vasitəsilə qazdan istifadə etmiş və xx.xx.2023-cü il tarixdə həmin ünvana qaz saygacı quraşdırılmışdır. X4 tərəfindən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair hesablanma aparılmış və İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün olmaqla, cəmi 30240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X4 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 3625,80 manat təşkil edir. Sonuncu dəfə iddiaçı tərəfindən smart tipli sayğac üçün xx.xx.2022-ci il tarixdə 30 manat pul vəsaiti abonentin saldosuna ödənilmişdir.

Tətbiq edilən hüquq.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından göründüyü kimi, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qanunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübuta yetirilməlidir.

16. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 13, 14) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Bundan əlavə, tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.4-cü bəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququ kimi; 2.3.4-cü bəndində isə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir.

18. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.

19. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).

20. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

21. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

22. İş materiallarından görünür ki, İddiaçı yaşadığı ünvanda smart tipli saygac mövcud olmuş və onun tərəfindən hər ay ödənişlər həyata keçirilmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən smart tipli sayğac üçün xx.xx.2022-ci il tarixdə 30 manat pul vəsaiti abonentin saldosuna ödənilmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində İddiaçı yaşadığı ünvanda ona məxsus evə quraşdırılmış qaz sayğacının naməlum şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir. Bununla bağlı iddiaçı “X4”nə və polisə müraciət etmişdir. İddiaçının etirafına görə X4 tərəfindən həmin evə qaz saygacı quraşdırılmadığından rezin boru vasitəsilə qazdan bir gün ərzində istifadə etmiş və xx.xx.2023-cü il tarixdə həmin ünvana qaz saygacı quraşdırılmışdır. X4 tərəfindən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair hesablanma aparılmış və İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün olmaqla, cəmi 30240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X4 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 3625,80 manat təşkil edir.

23. Məhkəmə onu da qeyd edir ki, həmin ünvanda smart tipli saygac mövcud olduğundan və sonuncu dəfə abonent saldosuna 12 dekabr 2022-ci il tarixdə ödəniş edildiyindən Azəriqaz İB-yi tərəfindən iddiaçıya keçmiş dövr ərzində itirilmiş qazın bərpasına dair hesablanma aparıla bilməz.

24. Məhkəmə hesab edir ki, hesablanmış 3628.80 manat məbləğdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər müddət ərzində, cəmi 21 gün ərzində hesablanmaqla 211.68 manat (3628.80:12 ay=302.40:30 günx21 gün=211.68) iddiaçıdan tələb oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3416.32 manat pul vəsaiti Azəriqaz İB-yi tərəfindən silinməlidir.

25. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən iddia tələbi qismən təmin edilməlidir.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı istehlakçı olduğundan onun tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu ödənilməmişdir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 54.16 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dövlət rüsumu cavabdehdən tutulmalıdır.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı dəymiş ziyanın bərpasına dair akt üzrə tələb etdiyi 3416,32 (üç min dörd yüz on altı manat, otuz iki qəpik) manat silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdehndən dövlət rüsumuna görə 54.16 (əlli dörd manat, on altı qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar