Məhkəmə qərarları › İş №2(010)-485/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-485/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-485/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi

1. İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və elektrik enerjisinin verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, elektrik enerjisinə görə xx.xx.2011ci ilə qədər mövcud olan cavabdeh tərəfindən mülkiyyətimdə olan ünvan 1 ünvanına elektrik enerjisinin verilməsinə 3398,24 manat məbləğinin ondan tələb edilməsinin cavabdeh Azərişıq ASC-yə qadağan edilməsi, 3398.24 manat elektrik enerjisinin verilişinə görə borc məbləğinin ünvan 2-ə aid abunə haqqında, və digər sənədlərdən silinməsinin və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi,ev 3, mənzil 7-ə elektrik enerjisinin verilişinin bərpa edilməsi öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, elektrik enerjisinə görə hesablanmış 3398.24 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2- nin mülkiyyətçisidir, həmin mənzil xx.xx.2012-ci ildən onun mülkiyyətindədir, o, həmin mənzili alqı-satqı müqaviləsi əsasında 2012-ci ildə satın almışdır və həmin vaxtdan orada ailəsi ilə birlikdə orada yaşayır. Evə verilən elektrik enerjisinin həcmi sayğacla ölçülür və o, sayğacın göstəricilərinə əsasən 2012-ci ildən bu günə qədər istehlak etdiyi elektrik enerjisinin pulunu tam şəkildə ödəmişdir. 2023-cü ilin oktyabr ayının 27-də mənzilinə elektrik enerjisinin verilişi cavabdeh tərəfindən dayandırılmışdır və bu günə qədər mənzildə elektrik enerjisi yoxdur. Regional işıq idarəsinə müraciət etdikdə bildirildi ki, mənzildə elektrik enerjisindən istifadəyə görə mənim 3398,24 qəpik borcum vardır, həmin borcu ödədikdən sonra mənzilə elektrik enerjisinin verilişi bərpa ediləcəkdir. Abunə haqqında sənədi aldıqda müəyyən etdmişdir ki, borc xx.xx.2011 -ci ilə qədər hesablanmış “Barmek”in dövrünə təsadüf edilən borcdur. Halbuki həmin vaxt mənzil onun mülkiyyətində, sərəncamında, istifadəsində deyildir. O, həmin mənzildə yaşamırdı və təbii ki, elektrik enerjisindən istifadə etmirdi və onun həmin dövrdə cavabdehə borcum yarana bilməzdi. Qeyd edilən borc məbləği mənzilin ondan əvvəlki mülkiyyətçisinin dövründə yaranmış borcdur və o, başqa şəxsin öhdəliyinə, borcuna görə məsuliyyət daşımadığı halda mülkiyyətində olan mənzildə elektrik enerjisindən istifadə edə bilmir, bununla da onun istehlakçı kimi hüquqları pozulur. Tərəflərin izahatları

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddiasını müdafiə edərək iddi tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Azərişıq ASC 2015-ci ildən fəaliyyət göstərir.Daha öncə orada Barmek idarəsi fəaliyyət göstərirdi. Azərişıq 2015-ci ildən öncəki borcları tələb etmir, həmin borclar hazırda dondurulub. Sadəcə olaraq abonent kodu addan-ada keçən zaman həmin borc da addan-ada keçir. Lakin o, borcun abonentlərdən tələb edilmədiyini bildirmişdir.

İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial təsdiq edilmiş surətinə əsasən, ünvan 2 ünvanındakı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlaka hüquqlar xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır.

6. Abunə haqqında çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı **********30008 abonent koduna aktlar üzrə 3424.33 manat məbləğində borc hesablanmışdır.

7. Abonentin hərəkət cədvəlindən görünür ki, **********30008 abonent koduna 2024cü il tarixə 3348.93 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10 İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

10. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi

12. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır.

14. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Lakin hazırki işin hallarından cavabdeh tərəfindən borc kimi hesablanmış məbləğin iddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə hesablanmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

15. Həmçinin məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən olunmuşdur ki, iddiaçıdan ödənilməsi tələb edilən borc Barmekin fəaliyyət göstərdiyi dövrdə yaranan borcdur. Həmin dövrdə hesablanmış borcdan 2024-cü il tarixə mövcud olan borc 3348.93 manat təşkil etdiyindən həmin məbləğ əsassız olduğu üçün silinməlidir. Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanına (abonent kodu: **********30008) hesablanmış 3348.93 manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********30008) hesablanmış 3348.93 (üç min üç yüz qırx səkkiz manat doxsan üç qəpik) manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar