Məhkəmə qərarları › İş №2(010)-487/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-487/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-487/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 2915,78 manat məbləğində borcun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 yaşayır. Müqaviləyə əsasən ona məxsus ünvan 1 yerləşən yaşayış sahəsi elektriklə təchiz olunmuşdur. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini ödəyir. Cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmiş və akt əsasında 2915,78 manat cərimə hesablanmışdır. İstifadə olunan elektrik xəttinə quraşdırılmış sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfndə yerləşdirilmişdir. Hesab edir ki, bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, lakin indiyə qədər akt təqdim olunmammışdır. 17 noyabr 2021-ci il tarixdə fərdi yaşayış evinin elektrik enerji xəttini kəsmişlər, yalnız bir gün sonra ona bildirdilər ki, işıqla bağlı akt tərtib olunmuş, cəmi 2915,78 manat elektrik sərfiyyatına görə borcu vardır. Cavabdeh qurumun əməkdaşlarından aktı, hesabdan çıxarış-saldonu əldə etmək mümkün olmamışdır. O sayğac göstəricisinə əsasən istehlak olunmuş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Əməkdaşların dedikləri akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır. Qeyd olunan aktn əsassızlığı barədə "xxxx" ASC-yə müraciət etsə də hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X8 Reysetri Xidmətinin hüuquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli 20.04.2010-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 9 ev 8 X3 mülkiyyətindədir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ941746 nömrəli 13.09.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki. X6 08.09.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bu qərarın 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış borcun hansı əsaslarla hesablanması və həmin hesablamalar nəticəsində yaranmış borcun doğruluğunu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşdüyündən və həmin borcun hesablanması üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (abonent tərəfindən şəbəkəyə qanununsuz qoşulması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş **********0008 abonent kodu üzrə 18.06.2021-ci il tarixli arayışından müəyyən olundu ki, həmin abonnetk kodu üzrə ümumilikdə 2915,75 manat borc yaranmışdır. Öhdəliklərin xitamı üçün müddətləri nəzərdə tutan Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;... İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin aprel ayının 21-ci günündə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi abonent kartı üzrə borc 24.11.2016-cı il tarixindən hesablanmalıdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiaçıdan abonent kartı üzrə hesablanmış borc məbləği 5432,19 manat olsa da, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin elektrik enerjisi sərfiyyatına görə yaranan borcu (2016 -77,42/12x2=12,90, 2017-81,27, 2018-191,24, 2019-0, 2020-ci il tarixə 28,56, 2021-ci il tarix üçün 12,46 manat) ümumlikdə 326,43 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən, 2589,35 manat həddində təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********90008) hesablanmış 2589,35 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********90008) hesablanmış 2589,35 (iki min beş yüz səksən doqquz manat 35 qəpik) manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar