Məhkəmə qərarları › İş №2(010)-488/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-488/2022

29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-488/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" ASC tərəfindən iddiaçıya əsassız hesablanmış 1980 (min doqquz yüz səksən) manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri İddiaçı X5 Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, ev 8-də yaşayır. Müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, ev 8-də yerləşən yaşayış sahəsi elektriklə təchiz olunmuşdur. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini ödəyir. Cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmiş və akt əsasında 1980 manat cərimə hesablanmışdır. İstifadə olunan elektrik xəttinə quraşdırılmış sayğacı cavabdeh tərəfindən iddiaçıya məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Hesab edir ki, bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, lakin indiyə qədər sözügedən akt təqdim olunmamışdır. 17.11.2021-ci il tarixdə fərdi yaşayış evinin elektrik enerji xəttini kəsmişlər, yalnız bir gün sonra mənə bildirdilər ki, işıqla bağlı akt tərtib olunmuş, cəmi 1980 manat elektrik sərfiyyatına görə borcu vardır. Cavabdeh qurumun əməkdaşlarından aktı, hesabdan çıxarış-saldonu əldə etmək mümkün olmamışdır. O, sayğac göstəricisinə əsasən, istehlak olunmuş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Əməkdaşların dedikləri akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır. Qeyd olunan aktın əsassızlığı barədə "xxxx" ASC-yə müraciət etsə də hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, onun evinə verilən işıq kəsildiyindən, onlar da məcburiyyətdən onun evinə gedən işıq xəttini bir-iki günlük iddiaçının işıq sayğacına birləşdirməli olublar ki, evdə uşaqlar işıqsız qalmasınlar. Sözügedən akt da həmin qoşulmadan bir neçə gün sonra tərtib edilib. Cavabdeh tərəf aktı tərtib edərkən, hal şahidləri iştirak etməyib, qapını döyən olmayıb. Cavabdeh tərəfin nümayəndələri mütəmadi yoxlama aparmalıdırlar, borcun 7 ay müddətinə hesablanması əsassızdır. Cavabdehin nümayəndəsi Nümayəndə oğlu iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, iddiaçının nümayəndəsi də etiraf edir ki, onlar tərəfdən sayğaca müdaxilə olmuşdur. İnvoysda hesablama qaydasında borc 210 günlük, yəni 7 aylıq hesablanmışdır. Saygac axırıncı dəfə 24.12.2020-ci ildə qoşulub, ona görə də hesablama 7 aylıq götürülüb. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstədi ki, 17.11.2021ci il tarixdə Suraxanı rayonu ərazisində olmuşlar. İddiaçının ünvanındakı işıq sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğaca kabel məftillər düzgün taxılmamışdır və sayğacda hesablama getməmişdir. İş materiallarına əlavə edilmiş: MA seriyalı ******* saylı 20.04.2010-cu il tarixli daşınmaz əmlakın dövlə reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9 ev 8 xüsusi mülkiyyət hüququ ilə X4 ½ hissədə adına, X2 ½ hissədə adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12352 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 13.09.2018-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 08.09.2018-ci ildə ölmüşdür. İş materiallarında olan 17.11.2021-ci il tarixli 021578 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********90008 olan istehlakçı İddiaçı Ağarazi oğlunun fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin ünvandakı qeyri-yaşayış sahəsinə sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının aktın tərtibi zamanı iştirak etmədiyi göstərilmiş, hal şahidlərinin iştirakı təmin edilməmişdir. “Azərişıq» ASC-nin AKT komissiyasının sədrinin «əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər aktından müəyyən olunur ki, abonent X6 RETSİ Suraxanı, Bül-bülə qəsəbəsində baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının giriş və çıxış fazaları eyni yuvaya bərkidilmişdir. Sayğacın alt qapaq möhürü yerində yoxdur. Cəmi 1985,32 manat məbləğində cərimələnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin digər halları ilə yanaşı, nəzərə alır ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında onun evinin işıqla təmin edilməsi məqsədilə iddiaçının sayğacına qoşulma həyata keçirildiyini etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin araşdırılan hallarını və qanunvericiliyin qeyd edilən tələbləri əsasında qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evində həqiqətən də sayğacdan kənar elektrik xəttinə qoşulma halı olmuş, qardaşının yaşayış evinə sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi ötürülmüşdür. Məhkəmə qeyd edir ki, həqiqətən də "Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən sayğacdankənar qoşulma halının aşkar edilməsi ilə bağlı akt tərtib edilərkən iki nəfər şahidin iştirakı zəruri olsa da, cavabdeh təşkilatın nümayəndələri tərəfindən bununla bağlı akt tərtib edilərkən şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Lakin məhkəmə hesab edir ki, bu aktın qüsurlu tərtib edilməsi, həmin aktın mötəbərliyini şübhə altına alsa da, özü özlüyündə elektrik xəttinə sayğacdan kənar qoşulma halının olmadığı anlamına gəlmir. Məhkəmə təqdim edilmiş fotoşəkli sübut kimi qiymətləndirərkən nəzərə alır ki, həmin şəkildə əks olunmuş sayğacın iddiaçının adına qeydə alınması kimi halları hazırkı işin tərəfləri mübahisələndirməmişlər. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz elektrik şəbəkəsinə qanunsuz qoşulmaya görə iddiaçıya 1985 manat dəymiş ziyan məbləğinin hesablanması əsassız olmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, dəymiş ziyanın hesabatı iddiaçının 210 gün ərzində elektrik şəbəkəsinə qanunsuz qoşulması nəzərə alınmaqla aparılmışdır. Yuxarıda qeyd edildiyi kimi, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Deməli, enerji təchizatı müəssisəsi ən azı ayda bir dəfədən az olmayaraq, abonentin ünvanına quraşdırılmış sayğaca baxış keçirməklə, hesabat dövrü üzrə göstəriciləri götürməlidirlər. Belə olan halda, İddiaçı ünvanında şəbəkəyə qanunsuz qoşulmaya görə hesabatın 210 gün üçün aparılması başa düşülən deyildir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı məxsus fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi şübhəsiz olsa da, bu pozuntuyu görə dəymiş ziyanın hesablanması 150 gün üçün deyil, 30 günədək olan müddət üçün aparılmalı idi. Qeyd edilən hesabat müddəti üçün ziyanın məbləği isə sadə riyazi hesablama yolu ilə 283,62 manat (1985,32 : 210 x 30 = 283,62) müəyyən edilir. Beləliklə müəyyən edilir ki, iddiaçıya hesablanmış borcun 1701,70 manat (1985,32 – 283,62 = 1701,70) hissəsi əsassız olmuşdur, bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, 8 saylı evin sayğacına hesablanmış 1701,70 (bir min yeddi yüz bir manat yetmiş qəpik) manat məbləğində cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 9, 8 saylı evin sayğacına hesablanmış 1701,70 (bir min yeddi yüz bir manat yetmiş qəpik) manat məbləğində cərimə borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar