Məhkəmə qərarları › İş №2(010)-489/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-489/2025

24.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-489/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ərizəsinin təmin edilərək, xx.xx.1955-ci il təvəllüdlü X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü X7 ərizəçinin atasıdır. O, uzun müddətdir bundan əvvəl beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infaktı keçirmiş və nəticəsində kobud nitq və davranış pozuntusu, şizofreniya, paranoid forma, emosional iradi qüsurları olan xəstədir. Bu səbəbdən də ona 2003-cü ildən İİ qrup əlillik təyin edilmişdir. Atası psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizəçinin onun üzərində qəyyum təyin olunmağı məqsədi ilə Suraxanı Rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Həmin Komissiyadan bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 317-ci və 321 -ci maddəsinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. Odur ki, atasının fəaliyyət qabiliyyətsiz olması məhkəmə tərəfindən müəyyən olunmaqla ərizəçinin onun üzərində qəyyum təyin olunmağı zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, onun atası xəstədir. Üstəlik insult da keçirib, yataq vəziyyətdədir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 №-li Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2092 saylı xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, müayinə nəticəsində 1955-ci il təvəllüdlü X4 ümumi, müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir. Ermənistan SSR İlmazlı kəndi, Kalinin rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-СЛ seriyalı, 410559 nömrəli, xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X7, anası X6) xx.xx.1982-ci ildə İlmazlı kəndi, Kalinin rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2003cü il tarixli 136843 nömrəli əlillik vəsiqəsindən görünür ki, X7 ümumi səbəbli 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, X7 ikinci qrup əlildir. Qısa anamnez: Xəstəlik yüksək təzyiq nəticəsində yaranıb. 10 gün reanimasiyada yatıb. Sonra stasionar müalicə olunub. İnsult. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş İnformatika və Statistika İdarəsinin ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, 1955-ci il təvəllüdlü X4 tam diaqnoz “şizofreniya paranoid forma emosional iradi qüsurlarla” olaraq qoyulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X7 barədə verilmiş xx.xx.2008-ci il tarixli məlumatda göstərilmişdir ki, ona ümumi xəstəlik - müddətsiz olaraq ikinci dərəcəli əlillik, “şizofreniya paranoid forma emosional iradi qüsurlarla” diaqnozu qoyulmuşdur. TƏBİB Tibbi Ərazi Bölmələrini X5 Neftçilər Xəstəxanası tərəfindən X4 “beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, essensial (birincili) hipertenziya, başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, hemiplegiya” klinik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X7 ilə bağlı verilmiş İcbari Tibbi sığorta rəyindən görünür ki, sol frontalda kortikosubkortikal yerləşimli, ətrafında işemşizasiya sahəsi olan, keçirilmiş insult sahəsi, sol periventrikulyar lakunar ocaqlar izlənilir. Sağ tərəfdə parietooksipitalda kortikosubkortikal yerləşimli, geniş ərazili yarım-kəskin mərhələ işemik insult sahəsi qeyd olunur. Sağ tərəfdə temporal payı totala yaxın tutan, geniş ərazili, zəif hipodens - yeni işemik insult sahəsi və ödem izlənilir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, X1 xəstə halda yataq vəziyyətdə fotoşəkili çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən (ekspert həkim-psixiatr X2) verilmiş xx.xx.2025-ci il tarixli, 112 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 şizofreniya paranoid forma, keçirilmiş insultun qalıq əlamətləri (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. X3 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. V.Q.Kazımovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar var. X3 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə müəyyən edilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 318. Ərizənin məzmunu ...318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi ...321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi məhkəməyə müraciət edərək, atası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, X7 Ərizəçi atasıdır, uzun müddətdir beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infaktı keçirmiş və nəticəsində kobud nitq və davranış pozuntusu, şizofreniya, paranoid forma, emosional iradi qüsurları olan xəstədir, nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X1 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunmuşdur ki, X3 şizofreniya paranoid forma, keçirilmiş insultun qalıq əlamətləri (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Onda şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar var. Onda şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə müəyyən edilir. Bununla da, iş materialları ilə X1 əqli geriliyi və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1955-ci il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar