Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-49/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 326 manatın "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Cabir Əliyev küçəsi ev 2 ona məxsusdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndələri tərəfindən həmin fərdi yaşayış evində sayğac dəyişdirərək yeni sayğac quraşdırmağa başlamışlar. "xxxx" əməkdaşları tərəfindən onun köhnə işıq sayğacını apardıqdan sonra və sonradan məlumat verdilər ki, cərimə ödənilməlidir. Həmin evdə elektrik enerjisi işlədiyinə görə yaranmış borclar aybaay gecikdirmədən ödənilmişdir. İndiyə qədər heç bir mübahisə yaşanmamışdır. Çünki iddiaçı – istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyim elektrik enerjisinə görə dövlətə olan borcunu ödəmişdir. İddiaçının ərizəsi. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, onun "xxxx"-la olan məsələsinə baxılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2-3 dəfə sayğacı dəyişiblər. Sayğac işləmədiyi zaman 48 saat ərzində bu borc yazılmışdı. Sayğacı apardılar, başqa sayğac qoydular. Beşinci ildir hər ay ona o borc gəlir. 296 manatın üstünü ödəyir, borc qalır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 2 ünvanında **********20004 kodlu abonent İddiaçı xx.xx.2007-ci il – xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr ərzində 325.91 manat məbləğində borc hesablanmışdır. Borcla bağlı həmin tarixləri əhatə edən aktlar tərtib edilmişdir. Həmin sənədə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə 2364 kvt sərfiyyata görə - 165.48 manat, xx.xx.2020-ci il tarixli akta əsasən – limitdən artıq sərfiyyata görə 82.56 manat, xx.xx.2020-ci il tarixdə aktın köhnə tarifinə əsasən – 30.94 manat borc yazılmışdır. İş materiallarına əlavə edilmiş “Abonentin hərəkət cədvəlindən” – ünvan 2 ünvanında **********20004 kodlu abonent İddiaçı 2020-ci il üzrə 4293.96 kvt sərfiyyata və aktlara görə 274.83 manat, 2021-ci il üzrə 3150.56 kvt sərfiyyata və aktlara görə 295.98 manat borcu olduğu görünür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-285/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə rəyin alınması "xxxx" ASC-ə həvalə edilərək mülki işin icraatı mütəxəssis rəyi alınanadək dayandırılmışdır. Suraxanı rayon Məhkəməsi tərəfindən "xxxx" ASC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli xatırlatma məktubundan görünür ki, 2(010)-49/2025 nömrəli mülki iş mütəxəssis rəyinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə göndərildiyi, lakin, bu günə qədər bununla bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə hər hansı məlumat verilməmiş olduğu bildirilmiş, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur. Suraxanı rayon Məhkəməsi tərəfindən "xxxx" ASC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli xatırlatma məktubundan görünür ki, 2(010)-49/2025 nömrəli mülki iş mütəxəssis rəyinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə göndərildiyi, lakin, bu günə qədər bununla bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə hər hansı məlumat verilməmiş olduğu bildirilmiş, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 326 manatın silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin “Abunə haqqında” sənədinə əsasən, xx.xx.2020-ci il tarixdə 2364 kvt sərfiyyata görə - 165.48 manat məbləğində borc; aktlar hissəsində: xx.xx.2020-ci il tarixdə akt üzrə – 30.94 manat məbləğində borc, xx.xx.2020-ci il tarixdə limitdən artıq sərfiyyata görə - 82.56 manat məbləğində borc yazılmışdır. Cavabdeh "xxxx" ASC-ə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. Bundan başqa, hesablanmış borc məbləğlərinin hesablanma qaydası və əsasının müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi cavabdehə həvalə olunmuş, lakin cavabdeh "xxxx" ASC tərəfindən müvafiq rəy məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən bir neçə dəfə - xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə rəy verilməsi ilə bağlı xəbərdarlıq məktublarının "xxxx" ASC-ə göndərilməsinə baxmayaraq, həmin xatırlatma məktubları cavabsız qalmışdır. Məhkəmə iş materiallarında olan sənədləri – “Abunə haqqında” və “Abonentin hərəkət cədvəli”-ni təhlil edərək müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə sayğac iddiaçının ünvanında yerləşən evdə işıq sərfiyyatını 2364 kvt hesablamışdır. Lakin, orta hesabla digər illər üzrə sərfiyyatlara nəzər salaraq, sərfiyyatın ani yüksəlməsinin mümkünsüzlüyü nəzərə alındıqda, sərfiyyatın 2364 kvt olaraq qəbul edilməsi ağlabatan deyildir. Belə olan halda, 2364 kvt sərfiyyata görə iddiaçıya hesablanmış 165.48 manat məbləğində borc əsassız hesab edilməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə sərfiyyatla bağlı hesablama – 250 kvt x 0.07 qəpik = 17.5 manat olaraq qəbul edilməlidir. Həmçinin, iddiaçıya eyni tarixdə - xx.xx.2020ci il tarixdə limitdən artıq sərfiyyatla bağlı 82.56 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı, nəzərə alınmalıdır ki, əvvəlki ilin həmin vaxtı və növbəti ay – göstəricilər bu göstəricilərdən kəskin fərqli – daha aşağı olmuş, hazırki göstəricilərlə uyğun olmamış, həmçinin digər tarixlərdəki göstəricilər də heç vaxt bu formada olmamışdır. Nəzərə alaraq ki, cavabdeh "xxxx" ASC tələb olunan sübutu təqdim etmək vəzifəsini məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirməyərək məhkəmənin tələbi ilə mütəxəssis rəyini təqdim etmir və məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etmir, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən, cavabdeh tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilir. Bunlarla yanaşı, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə akt üzrə – 30.94 manat məbləğində borc hesablanmışdır. Belə olan hallarda, sübutetmə yükü təchizatçının – "xxxx" ASC-nin üzərinə düşür. Məhz təchizatçı-cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş işığa görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Lakin, cavabdeh tərəfindən bununla bağlı akt və ya borc məbləğinin əsaslandırıldığı hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Bununla həmin borc məbləğinin də hesablanmasının əsassız olduğu hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 147.98 manat (xx.xx.2020-ci il tarixdə sərfiyyatla bağlı hesablama – 250 kvt x 0.07 qəpik = 17.5 manat olaraq qəbul edildikdən, 165.48 - 17.5 = 147.98), 82.56 manat və 30.94 manat olmaqla, ümumilikdə 261.48 manat "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 261.48 manat "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-49/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-49/2025
01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver