Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4912/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı “etibarnamə üzrə əldə edilmiş səlahiyyətlərin ərizəçinin mərhum həyat yoldaşına məxsus olması faktının müəyyənləşməsi və həmin etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı “etibarnamə üzrə əldə edilmiş səlahiyyətlərin ərizəçinin mərhum həyat yoldaşına məxsus olması faktının müəyyənləşməsi və həmin etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2007-ci il tarixli, 7E-14/3973 reyestr nömrəli etibarnamə ilə xx.xx.2027-ci il tarixədək Bakı şəhəri, Bahar bağçılıq sahəsində bl “A” 48 nömrəli sahədə yerləşən bağ sahəsinin 300 m2 hissəsinə və gələcəkdə tikiləcək tikililərə dair verilmiş səlahiyyətlərin Ərizəçi mərhum həyat yoldaşı X1 məxsus olması faktının müəyyən edilməsi, o cümlədən ərizəçinin öz mərhum həyat yoldaşına məxsus səlahiyyətlərindən istifadə etməklə ailə təsərrüfatını idarə edə bilməsi üçün həmin etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi X2 mərhum həyat yoldaşı X1 etibarnamə əsasında verilmiş səlahiyyətlərin ona məxsus olması, o cümlədən etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ərizə hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında verilmişdir. Məhkəmə hesab edir ki, bu cür tələbə hüquqi əhəmiyyətli fakt kimi məhkəmədə baxılması mümkün deyil. Belə ki, ərizəçi mərhum əri adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin əri yaşasaydı səlahiyyətlərin qüvvədə olacağı qalan müddətə öz adına verilmiş hesab edilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.8-ci maddəsinə əsasən, etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Bu Məcəllənin 366.3-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Göründüyü kimi ərizəçinin həyat yoldaşının ölməsi ilə əlaqədar olaraq müvafiq etibarnaməyə artıq xitam verilmişdir. Ərizəçinin həmin etibarnamə əsasında mərhum həyat yoldaşı adına verilmiş səlahiyyətlərin öz adına verilmiş hesab edilməsi isə yolverilməzdir və məhkəmədə baxıla bilməz. Odur ki, iddia yolverilməz olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı “etibarnamə üzrə əldə edilmiş səlahiyyətlərin ərizəçinin mərhum həyat yoldaşına məxsus olması faktının müəyyənləşməsi və həmin etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı “etibarnamə üzrə əldə edilmiş səlahiyyətlərin ərizəçinin mərhum həyat yoldaşına məxsus olması faktının müəyyənləşməsi və həmin etibarnamənin yerdə qalan müddətə ərizəçinin adına verilməsi”nə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4912/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4912/2020
27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver