Məhkəmə qərarları › İş №2(010)-4935/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4935/2025

28.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4935/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" ASC tərəfindən iddiaçıya elektrik enerji sərfiyyatına görə əsassız hesablanmış 348,23 manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri. ünvan 1 ünvanında yaşayır. Evin kommunal xidmətlərinin ölçüsünü aparan sayğaclar da iddiaçının adınadır, onunla cavabdeh arasında evə işıq təchizatının təmin edilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı həmişə istifadə etdiyi işıq sərfiyyatını ödəmişdir. 2025-ci ildə iddiaçı işıqda yaranmış borc qalığı gördükdə çox təccüblənmişdir. Bu hal mümkün deyil. Həm də hər hansı bir akt və ya digər sübut təqdim olunmamışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.7.3-cü maddəsinə əsasən elektrik enerjisi istehlakçısı elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaq hüququna malikdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. İddiaçı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Bilmədən yaranmış borcun silinməsi üçün məhkəməyə müraciət etməkdən başqa çarəsi olmamışdır. Tərəflərin izahatları. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş materialları. Abunə haqqından görünür ki, abonent İddiaçı istifadə etdiyi elektrik enerjisinə görə müəyyən edilmiş dövrlər ərzində sayğac göstəriciləri üzrə ödənişlər etmişdir və onun hesabına xx.xx.2025-ci il tarixədək 348.23 manat borc məbləği hesablanmışdır. "xxxx" ASC-nin tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, 348.23 manat borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrə aiddir və hazırda abonentin elektrik məlumat bazasında (invoice) tələb olunmayan borclar qrafasında qeyd edilmişdir. Abonentin hərəkət cədvəlindən görünür ki, İddiaçı 2017-ci ildən 2025-ci ilədək 335.9 manat məbləğində borcu qalmışdır. İşin faktiki halları. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya məxsus evin abonent hesabına xx.xx.2025-ci ilədək 348.23 manat borc yazılmışdır. Cavabdeh qurumun ərizəsindən müəyyən edilir ki, yaranmış borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrə aiddir və hazırda abonentin elektrik məlumat bazasında (invoice) tələb olunmayan borclar qrafasına daxil edilmişdir. İddiaçı qeyd edir ki, istifadə etiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir. Qeyd olunan hesablanmış borc məbləği əsassızdır və silinməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair hər hansı etiraz yaxud mülahizə təqdim etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10 İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Lakin hazırki işin hallarından cavabdeh tərəfindən borc kimi hesablanmış məbləğin iddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə hesablanmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən olunmuşdur ki, iddiaçıdan ödənilməsi tələb edilən borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrə aiddir və hazırda abonentin elektrik məlumat bazasında (invoice) tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Deməli, cavabdeh tərəfin məktubundan aydın olur ki, mübahisəli borc məbləğinin yaranma səbəbini araşdırmaq mümkün deyildir və eyni zamanda həmin borcları ödənilməsi məcburi olmayan borclar kateqoriyasına aid edilmişdir. Məhkəmə hesab edir ki, borcun yaranma əsası şübhə doğurduğundan (aradırma aparılmasının mümkün olmamasının qeyd edilməsi) və bunun əksini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh isə həmin hallara dair hər hansı sübut təqdim etmədiyindən hesablanmış borc məbləğləri əsassızdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanına (**********V0000 saylı abonent) hesablanmış 348.23 (üç yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanına (**********V0000 saylı abonent) hesablanmış 348.23 (üç yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar