Məhkəmə qərarları › İş №2(010)-4948/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4948/2021

19.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4948/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Әrizəçi Әrizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Әrizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜӘYYӘN ETDİ: Әrizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.07.1995-ci il təvəllüdlü Әli-zadə Cavid Hüseynağa oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Әrizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, 01.07.1995-ci ildə Bakı şəhərində anadan olmuş Әli-zadə Cavid Hüseynağa oğlu onun oğludur. Hazırda oğlu (anadangəlmə) uzun müddətdir ki, həm fiziki, həm də psixi pozuntudan əziyyət çəkir. Həkimlər tərəfindən ona "çox ağır əqli gerilik, çox ağır dərəcəli anadangəlmə əqli gerilik, nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları diaqnozu qoyulmuşdur. Halhazırda oğlu əmək qabiliyyəti olmadığı üçün tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Oğlunun artıq 18 yaşı tamam olmuş və o yetkinlik yaşına çatmışdır. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o demək olar ki, hüquqi cəhətdən yardımsız qalmışdır. X1 üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin Suraxanı Rayonu İcra Hakimiyyəti 16.07.2021 -ci il tarixli cavabla bildirmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməlidir. X3 əqli pozuntu diaqnozu olduğu üçün onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına o, baxır. Onun daima nəzarətə və baxıma ehtiyacı vardır. Әli-zadə Cavid Hüseynağa oğlu məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması məqsədə uyğundur. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən Әli-zadə Cavid Hüseynağa oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Әrizəçi ünvanlandığı 16.07.2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3l7-ci və 321- ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin olunur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Bül-bülə qəsəbə nümayəndəliyi tərəfindən 16.10.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Әli-zadə Cavid Hüseynağa oğlu 01.07.1995-ci il tarixdə doğulmuşdur, valideynləri Әrizəçi və X5r. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Әrizəçi ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Әmək və ӘSMN-nin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 07.06.2019-cu il tarixli elektron çıxarışa əsasən 01.07.1995-ci il təvəllüdlü Әli-zadə Cavid Hüseynağa oğlu həqiqətən çox ağır əqli gerilik, çox ağır dərəcəli anadangəlmə əqli gerilik, nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları ilə diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Suraxanı Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(010)-4948/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 28.10.2021-ci il tarixli 2513 saylı rəyi 17.11.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, 01.07.1995-ci il təvəllüdlü Әli-zadə Cavid Hüseynağa oğlunda ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozulntuları ilə müəyyən olunur, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında malik olmayan və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Әrizəçi 01.07.1995-ci il təvəllüdlü Әli-zadə Cavid Hüseynağa oğlu üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 16.07.2021-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o, oğlu Әlizadə Cavid Hüseynağa oğlu üzərində qəyyum təyin oluna bilər. Belə ki, Әli-zadə Cavid Hüseynağa oğlu öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması Әli-zadə Cavid Hüseynağa oğlunun həyatı üçün təhlükəlidir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi Әli-zadə Cavid Hüseynağa oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 28.10.2021ci il tarixli 2513 saylı rəyi ilə Әli-zadə Cavid Hüseynağa oğlunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QӘT ETDİ: Әrizəçi Әrizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. 01.07.1995-ci il təvəllüdlü Әli-zadə Cavid Hüseynağa oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar