Məhkəmə qərarları › İş №2(010)-4959/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4959/2025

13.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4959/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (bundan sonra - ərizəçi) (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2009-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il təvəllüdlü X6 onun qızıdır.Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Övladına 1-ci qrup əlillik də verilmişdir. Övladının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona bildirilmişdir ki, "xx.xx.2009-ci il təvəllüdlü övladınız X6 üzərində qəyyum təyin edilməyiniz ilə bağlı ərizənizə Suraxanı RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədəuyğun hesab edilir.” Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar AZ-İİ seriyalı, 280709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında Ərizəçi qeyd olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır Kəmağıllıq, Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. İQ-20” diaqnozu qoyulmuş və müddətsiz 1-ci qrup əlillik müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3876 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspert rəyin tədqiqi hissəsində qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı nəticəyə gəlmişdir: X4 ağır dərəcəli əqli gerilik, Davranış pozuntuları ilə (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən yaşlarından kobud nevroloji əlmaətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, nevroloji klinikalarda müalicədə olması, TSEK-də müayinə zamanı İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranış üzərində nəzarətin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X4 ağır dərəcəli əqli gerilik, Davranış pozuntuları ilə aşkar olunur. O, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X6 hazırki psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarında deyil. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin qızı xx.xx.2009-cu il təvəllüdlü X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu ilə xəstədir. X2 xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə edilmiş, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır Kəmağıllıq, Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. İQ-20” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi qərara alınmışdır. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixdə verdiyi rəyinə əsasən müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar