Məhkəmə qərarları › İş №2(010)-4975/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4975/2024

25.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4975/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 293.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı evdə heç bir zaman su xətti olmamışdır. O, həmin ünvana su xətti çəkilməsi üçün Suraxanı rayon Su İdarəsinə dəfələrlə müraciət etmişdir. Yaşadığı dövrdə həmişə su maşını ilə su alıb, çənə dolduraraq istifadə etmişdir. Bu yaxınlarda yaşadığı evə su xətti çəkilmişdir. Su xəttini çəkdikdən sonra ondan qanunsuz olaraq kodun pulunu tələb etmişlər. Bir müddətdən sonra isə ona borcun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq məktubu gəlmişdir. Cavabdeh tərəfindən ona əsassız olaraq 293.60 manat məbləğində borc hesablanmışdır və ona bu barədə qəbz təqdim edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Belə olduqda isə cavabdeh tərəfindən ona hesablanmış borc məbləği silinməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının yaşadığı ünvanda onun adına abonent kodu açılmış və həmin kod əsasında istifadə edilmiş su xidmətlərinin dəyəri olaraq mütəmadi hesabat aparılmışdır. Əgər, iddiaçı həmin abonent kodundan istifadə etmirdisə, ərizə ilə müraciət etməli və adına açılmış abonent kodunun bağlanmasını xahiş etməli idi. Həmin ünvan üzrə iddiaçı tərəfindən 2022 – 2023-cü illəri əhatə edən dövr ərzində ümumilikdə 101 manat, 2024-cü il ərzində isə cəmi 41 manat məbləğində ödəniş edilmişdir. İddiaçı bir abonent kimi adına açılmış kod üzrə ona yazılmış borcları mütəmadi nəzarətdə saxlamalı və ödənişləri etməlidir. Əgər, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsə idi, aralarında qarşılıqlı razılaşma əsasında mübahisənin məhkəmədən kənar həlli mümkün idi. Lakin, iddiaçı hazırda işin məhkəmə qaydasında həllini istəyir və istifadə etdiyi xidmətin dəyərini ödəməkdən yayınır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli hesab faktura vərəqəsindən müəyyən olunur ki, İddiaçı adına açılmış **********001 nömrəli abonent kodu üzrə abonentin ümumilikdə 293.60 manat (8 manat dövr borcu və 285.60 manat dövrdən əvvəlki qalıq borc) məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, **********001 kodlu abonent kartından müəyyən olunur ki, İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə həmin tarixə (əvvəlki illərdə olan qalıq borclar əlavə olunmaqla) yekun borcu 287.60 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Su Məcəlləsi Maddə 98. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri.

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Azərbaycan Respublikasnını Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanına su və çirkab sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar xx.xx.2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına **********001 nömrəli abonent kodu açılmışdır. Həmin abonent kodu üzrə su və çirkab sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı yaranmış borcları özündə əks etdirən xx.xx.2024-cü il tarixli abonent kartından çıxarışdan görünür ki, qeyd olunan ünvana 2022-ci il üzrə hesablanmış borcdan 95 manat məbləği ödənilmiş, 7 manat məbləğində borc qalmış, 2023-cü il üzrə isə 101 manat məbləğində ödəniş edilərək, 1 manat məbləğində borc qalmışdır. Lakin, həmin ünvana yekun borc kimi 287.60 manat məbləğində borcun hansı qaydada və üsulla hesablanması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda həmin abonent kartından belə bir borcun ümumiyyətlə əmələ gəlmə əsasını müəyyən etmək mümkün olmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. İşin hallarından göründüyü kimi, cavabdeh məhkəmə tərəfindən şərait yaradılmasına baxmayaraq borcun hansı formada hesablanmasını təsdiq edən sübutları, borcun yaranma dövrünü əhatə edən hesab-fakturaları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı yaşadığı ünvana hesablanmış 293.60 manat borcun silinməsini məhkəmədən xahiş etsə bu , hesab fakturadan da göründüyü kimi həmin borcun 8 manat hissəsi dövr borcuna (hər ay istifadə edilən xidmətə görə hesablanan və ödənilməli olan məbləğ) aid olduğundan və iddiaçı tərəfindən istifadə etdiyi xidmətlərə görə ödənilməli olduğundan cavabdeh həmin məbləğin ödənilməsini tələb edilməkdə haqlı olmuşdur, yəni hesablanan dövr borcu (8 manat) əsaslıdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı **********001 nömrəli abonent kodu üzrə hesablanmış 285.60 manat məbləğində borc silinməli və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı **********001 nömrəli abonent kodu üzrə hesablanmış 285.60 (iki yüz səksən beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar