Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4976/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı tərəfindən verilmiş vərəsəlik hüququnun bərpası tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) vərəsəlik hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 qızı olaraq miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Salyan rayon “ASAN xidmət” mərkəzinin notariatına müraciət etmiş, lakin vərəsəliyin qəbulu müddəti keçdiyinə görə ona imtina verilmişdir və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfindən yol verilən prosessual pozuntular:
1. İddia ərizəsinin forması və məzmuna dair tələbləri müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində mütləq şəkildə göstərilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddia etmək hüququ özündə geniş mənada iki vacib tərkib elementini – 1) iddianı təqdim etmək hüququ və 2) iddianı təmin etmək hüququnu ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddianı təqdim etmək hüququ tələbin əvvəlcə bu iddiaya cavab verməli olan şəxsə (cavabdehə) qarşı qaldırılması, ardınca iddia tələbinin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla səlahiyyətli məhkəmənin (ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə), həmçinin icraat növünün seçilməsi və baxılmaq üçün verilməsi kimi mühüm prosessual hərəkətlərin məcmusunu özündə birləşdirir. Hazırkı iddia tələbi hər hansı fiziki və ya hüquqi şəxsə qaldırılmamış, iddia tələbi dəqiq və aydın şəkildə ifadə edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məcmu şəklində təhlili nəticəsində müəyyən olunur ki, iddiaçı mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına ərizə ilə müraciət etmiş, lakin mirasın qəbulu müddəti ötürüldüyü üçün bu xahişin təmin olunması mümkün olmamış və imtina məktubu verilmişdir. İddiaçının mərhum atasının vəfatı zamanı qüvvədə olan Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilir, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilmir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, iddiaçının tələbi mirasın qəbulu müddətinin ötürülməsi ilə bağlı olsa da, iddiaçı miras əmlakın qəbulu müddətinin uzadılması tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, bu müddətin hansı səbəbdən üzrlü hesab edilməsi ilə bağlı əsaslandırma aparmamışdır. İddiaçı iddia tələbini ümumi formada vərəsəlik hüququnun bərpası kimi qeyd etmişdir ki, bu cür qeyri-müəyyənlik mülki mühakimə icraatının sonrakı gedişi baxımından yolverilməzdir.
2. Mülki mühakimə icraatı haqqında qanunvericilik iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən etməklə yanaşı, bir sıra sənədlərin iddia ərizəsinə əlavə edilməsinin məcburiliyini də təsbit etmişdir. Belə ki, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) və iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinə bir sıra sənədlər (şəxsiyyət vəsiqəsinin, nikah, doğum və ölüm haqqında şəhadətnamələrin surətləri) əlavə edilsə də, iddia tələbinin yönəldiyi şəxs və ya şəxslər iddia ərizəsində göstərilmədiyi üçün həmin sənədlərin hansı sayda surətinin işə əlavə edilməli olması qeyrimüəyyənlik doğurur.
3. İddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin iddianın qiyməti müəyyən edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən məbləğlər nəzərə alınmaqla dövlət rüsumu ödənilməli və bu rüsumun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia tələbi hər hansı qiyməti özündə ehtiva etmədiyindən və qanunla qiymətləndirilməyən iddia növünə aid edildiyindən bu tip kateqoriyadan olan tələblərlə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Təsadüfi deyildir ki, mülki qanunvericilik müəyyən edilmiş qaydada (elektron ödəniş sistemləri vasitəsilə) və məbləğdə (100 manat) dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakimin iddia ərizəsini geri qaytarmaq vəzifəsini birbaşa təsbit etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yol verilən prosessual pozuntuların hər biri iddia ərizəsinin geri qaytarılması üçün müstəqil əsas qismində çıxış edir, lakin iddia ərizəsinin geri qaytarılması pozuntuların aradan qaldırılaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə son olaraq nəzərə çatdırır ki, hazırkı qərardad iddiaçı tərəfindən yol verilmiş pozuntuları sonuncunun diqqətinə çatdıran məhkəmə aktı olmaqla, həmin pozuntuların qısa müddətdə aradan qaldırılaraq pozulmuş və ya barəsində mübahisə edilən hüquqların çevik və operativ müdafiəsi məqsədini daşıyır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş vərəsəlik hüququnun bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fəridə Rzayeva