Məhkəmə qərarları › İş №2(010)-5013/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5013/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5013/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon İcra və probasiya şöbəsinə (üçüncü şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh3) qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon İcra və probasiya şöbəsinə (üçüncü şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh3) qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İsmayıllı Rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin bazar qiyməti ilə deyil, əmlakların likvid qiyməti ilə müəyyən edilməsi, ipoteka predmeti olan X1 mülkiyyətində olan İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən xüsusi mülkiyyətində olan 2.2623 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 83 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 18 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndiricinin dəvət edilməsi cavabdeh İsmayıllı rayon İcra və Probasiya Şöbəsin həvalə edilməsi, Cavabdeh1 MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə 23.05.2018-ci il tarixli, 0366/18/AB nömrəli rəyin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı məhkəmədən İsmayıllı Rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli, 2(037)-10/2018 saylı qətnaməsi ilə üzərinə tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsini, bu satış qiymətinin müəyyən edilməsinə əsas olmuş mütəxəssis rəyinin ləğv edilməsini, beləliklə, mahiyyət etibarilə İsmayıllı Rayon Məhkəməsinin müvafiq qətnaməsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsini xahiş etmişdir. Belə olan halda bu tələb əsasında işə məhkəmədə baxılması mümkün deyil. İlk növbədə, ona görə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi eynən İsmayıllı Rayon Məhkəməsi kimi birinci instansiya məhkəməsidir və heç bir birinci instansiya məhkəməsinin digər birinci instansiya məhkəməsinin qətnaməsini hər hansı hissədə dəyişdirmək səlahiyyəti yoxdur. Digər tərəfdən, iddiaçının iddia ərizəsində də istinad etdiyi “Qiymətləndirmə fəaliyyəti” Azərbaycan Respublikası Qanununda məhkəmənin qərardadı ilə qiymətləndirmə təyin edilməsi qiymətləndirmə üçün əsas kimi müəyyən edilsə də aydındır ki, məhkəmə qərardadı ilə təyin edilmiş qiymətləndirici rəyinə (əgər narazılıq varsa) məhkəmə qətnaməsi qəbul edilənədək etiraz etmək lazımdır. Qətnamə qəbul edildikdən sonra qiymətləndirici rəyinə etiraz etmək qətnaməni qismən - ilkin satış qiyməti hissəsində mübahisələndirmək deməkdir. Bunun üçün isə qətnamənin mübahisələndirilən hissəsindən müvafiq apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilməlidir. İddia ərizəsində iddiaçının istinad etdiyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin isə ümumiyyətlə hazırkı işə aidiyyəti yoxdur. Çünki, burada söhbət əmlakın qiymətləndirilməsinin məhkəmə tərəfindən deyil, müvafiq icra şöbəsi tərəfindən həyata keçirildiyi haldan gedir. Hazırkı işdə isə məhkəmə qiymətləndirmə təyin etmiş, müvafiq rəylə razılşaraq rəylə müəyyən edilmiş qiyməti əmlakın ilkin satış qiyməti kimi qəbul etmiş, bununla bağlı yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Yəni, hazırkı işdə qiymətləndirmənin aparılması müvafiq İcra Şöbəsinə həvalə edilməmişdir. Sadəcə olaraq məhkəmənin qərardadı ilə qiymətləndirmə aparılaraq nəticəyə uyğun icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əgər iddiaçı müvafiq qiymətləndirmənin nəticəsindən – ilkin satış qiymətindən narazıdırsa, qətnaməni həmin hissədə apellyasiya şikayəti verərək mübahisələndirə bilər. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin iddia icraatı qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mübahisələndirilməsi yolverilməzdir. Beləliklə, işə məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə icraata məhkəmənin hazırlıq iclasında xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon İcra və probasiya şöbəsinə (üçüncü şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh3) qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi” tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilsin. İddiaçıya izah edilsin ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin istənilən hissədə mübahisələndirilməsi yalnız həmin hissədən müvafiq apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilməsi yolu ilə mümkündür. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar