Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5025/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Hüseynov Nazim Bəhrəm oğlunun iştirakı ilə, İddiaçı Hüseynov Nazim Bəhrəm oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Hüseynov Nazim Bəhrəm oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstesalat Birliyi tərəfindən tərtib edilmiş 22.06.2022-ci il tarixli, 0357717 saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1036, 80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 2704 ünvanda yerləşən həyat evində yaşayır. Bir müddət əvvəl o, müəyyən etdi ki, təbii qazdan istifadəyə görə abonent hesabına 1036,80 manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini dəqiqləşdirmək üçün o, “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Orada ona aktlar təqdim edildi. Həmin aktlara əsasən, müəyyən etdi ki, qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmiş, 17.06.2022-ci il tarixli, MSK 29/1710-02213-1 saylı akta əsasən, qaz sayğacı yoxlamadan keçmiş və sayğacda klapanın işlək olmaması, yivli birləşmələrin karroziyaya uğraması və s. kimi qüsurlar aşkarlanmışdır. Bundan sonra 0357717 saylı, 22.06.2022-ci il tarixli akt tərtib edilərək, 4320 kub qaz itkisi dəymiş ziyan kimi müəyyən edilmişdir. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları iddiaçıya heç bir məlumat vermədən, qaz sayğacı başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 4320 kubmetr qaz itkisi hesablanmış və onun hesabına 1036,80 manat borc yazmışlar. Bildirmək istəyir ki, evindən çıxarılmış qaz sayğaclarında baş verən nasaszlığ onun müdaxilə və ya səhvi ucbatından baş verməyib. “Azəriqaz” İstesalat Birliyinin aktlarında qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin karroziyaya uğraması və s. qeyd olunub. Belə olan halda o hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o məsuliyyət daşımır. Sayğacın klapanın işlək olmaması, yivli birləşmələrinin karroziyaya uğraması və sair qüsurlar onun təqsiri ucbatından baş verməyib. Sayğacın küçədə yerləşdiyini nəzərə alaraq, istənilən bir şəxsin sayğaca müdaxilə edə bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün lobaratoriyaya aparılmalı olduğu halda, “Azəriqaz” İstehsalat Birliyinin əməkaşları bunu da etməmişlər. Belə olan halda, hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o məsuliyyət daşımır. Onun sayğaca müdaxilə etməyi üçün heç bir əsas, sübut da yoxdur. Cavabdehin etirazı. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Seyidov Fərman Murad oğlu məhkəməyə etiraz ərizəsini göndərərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus 1202AQ10100110653 sayğac çıxarılaraq yoxlanlması üçün “Azəriqaz” İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK29/1710-02213-1 saylı Akta əsasən “sayğacın klapanın işlək deyil, hesablama mexanizminin çarxları yapışqan maddə ilə bir birinə yapışdırılmışdır, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı 22.06.2022-ci il tarixli, 0357717 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 30.06.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin məhkəmənin nəzərinizə çatdırır ki, iddia ərizənizi verilən şəxs abonent kodunu öz adına keçirilməsini və qarşılıqlı öhdəklərini yaranması üçün “Azəriqaz” İB heç bir müqavilə bağlanmamışdır. Bu səbəbdən də hesab edirik ki, başqa istehlaçının adında olan borcun silinməsi kimi tələbin irəli sürülməsində heç bir sübyektiv hüququ yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, 101220000001910 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi 2 arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçı Hüseynov Nazim Bəhrəm oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialları. 30.06.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Nazim Hüseynova (abonent kodu 101220000001910) məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 2704 ünvanında yerləşən 1202AQ10100110653 saylı sayğacda olan qüsura görə 8640 m3 həcmində dəymiş zərər hesablanmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməli idi. Hesablaşma qaydası: 4x12x180=8640 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22.06.2022-ci il tarixli, 0357717 №-li aktdan görünür ki, istehlakçı Nazim Hüseynova məxsus Suraxanı, Qaraçuxur qəs, “Şərq” y/s 2704 ünvanında yerləşən sayğaca “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, 1202AQ101001100110653 saylı sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sağ metrologiya plombu element plombu ilə eynidir, sayğacın hesablama mexanizminin çarxaları yapışqan maddə ilə bir-birinə yapışdırılmışdır, inpuls ötürücünü hərəkətə gətirən dişli çarx aşkar olunmadı. 4320 m3 hesablanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstesalat Birliyi Qaz sayğacının yoxlanılması barədə 17 iyun 2022-ci il tarixli 29/1710-02213-1 nömrəli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departemindən gətirilmiş olan G4 və markalı İtron tipli (Smart Payment, Gallus pay), Gulf və Zenner-Smart tipli qaz sayğacları, 1202AQ101001100110653 saylı sayğac da daxil olmaqla, 10 iyun 2022-ci il tarixində Dövlət yoxlaması nəticəsində yarasız hesab olunmuşdur. Yoxlamanın nəticələri: sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sağ metrologiya plombu element plombu ilə eynidir, sayğacın hesablama mexanizminin çarxaları yapışqan maddə ilə bir-birinə yapışdırılmışdır, inpuls ötürücünü hərəkətə gətirən dişli çarx aşkar olunmadı, sayğacda yaddaş arxivi oxundu, sayğacda 04.10.2017 və 20.12.2018-cü il tarixlərində Alarm-1 rejim aşkar olundu. Hüseynov Nazim Bəhrəm oğlunun 101220000001910 kodlu abonentin saldosundan görünür ki, Hüseynov Nazim Bəhram oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 2704 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilin iyun ayından 8640 m3 görə 1036,80 manat borc hesablanmışdır. Ünvanda istifadə olunan cıhazlar: 4 gözlü qaz plitələri – 1 ədəd. 22.06.2022-ci il tarixli 01220000001910 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, Hüseynov Nazim Bəhram oğlu 24.01.2013 - 13.04.2022-ci il tarixlərində qaz sərfiyyatına müxtəlif ödənişlər etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 31.05.2022-ci il tarixli, 6659963 nömrəli aktın surətindən görünür ki, istehlakçı Hüseynov Nazim Bəhram oğlunun yaşadığı ünvanında G4 “İtron” tipli 1202AQ10100110653 nömrəli qaz sayğacı çıxarılmış və G4 “Zenner” tipli digər sayğac quraşdırılmışdır. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.
3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.
4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir...
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il trixli 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, 1202AQ101001100110653 saylı sayğacın klapanı işlək olmadığını, yivli birləşmələr korroziyaya uğradığını, sağ metrologiya plombu element plombu ilə eyni olduğu, sayğacın hesablama mexanizminin çarxaları yapışqan maddə ilə bir-birinə yapışdırıldığı, inpuls ötürücünü hərəkətə gətirən dişli çarx aşkar olunmadığı qeyd olunmuşdur. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 1036,8 manat həcmində mübahisələndirilən cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq akta əsasən iddiaçıya 4320 3 m həcmində qaz itkisi hesablanmış, “dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən isə bhəmin itki 8640 m3 kimi qeyd edilmişdir və məhz həmin itkiyə görə iddiaçıdan dəymiş zərərin tələb edildiyi görünür. Bu aşkar uyğunsuzluqdur və cavabdeh onu heç nə ilə izah edə bilməyib. Belə olan halda məhkəmə hesab edir ki, aşağıdaki hesablaşmaları nəzərə alaraq, müvafiq akta əsasən 8640 m3 həcmində qaz itkisinə görə iddiaçıya hesablanmış borc onun hesabından silinməli və 720 m³ kimi müəyyən edilməlidir. Belə ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Sayğacın 2017-ci il oktyabr ayında 1 günü və 2018-ci il dekabr ayında 1 gün alarm-1 rejimdə olmasına, həmçinin göstərilmiş nöqsanlara görə 6 ay qaz itkisinin hesablanması əsassızdır. İş materiallarında olan “abonent saldosu” ilə müəyyən edilir ki, evdə yalnız 1 ədəd 4 gözlü plitə istifadə olunur və mümkün deyil ki o, 12 saat ərzində fasiləsiz işləsin. Belə olan halda hesablanma düzgün aparılmamış, qaz sərfiyatı 4 m3 saat orta günlük iş rejimi 6 saat və 30 günü ilə hesablanmalı idi. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən həmin dövr üçün müəyyən edilmiş tarifə uyğun olaraq 1 m³ = 0.12 manatdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıdaki kimi olmalı idi: plitənin istifadəsi – 4 m³/saat x 6 saat x 30 gün = 720 m³ x 0,12 manat = 86,4 manat. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı Hüseynov Nazim Bəhrəm oğluna əsassız hesablanmış 1036,8 manat məbləğində borc silinməlidir və ödəniləcək borc məbləği 86,40 manat kimi müəyyən edilməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ididaçı Hüseynov Nazim Bəhrəm oğluna tərtib edilmiş 22.06.2022-ci il tarixli, 0357717 saylı aktla dəymiş zərər kimi müəyyən olunan 1036,80 manat məbləğində borc silinirək, 86,40 manat kimi müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva