Məhkəmə qərarları › İş №2(010)-5031/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5031/2023

20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5031/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "0373876 saylı akt ləğv edilməsi, qaz sərfiyyatı görə hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) borcun silinməsi öhdəliyinin cavabdeh "Azəriqaz" İB-nin üzərinə qoyulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "Azəriqaz" İB-nin BRQSD-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ******* saylı akt ləğv edilməsi, qaz sərfiyyatı görə hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) borcun silinməsi öhdəliyi cavabdeh "Azəriqaz" İB-nin üzərinə qoyulması. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, dalan 5, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, Dalan 5, mənzil 1 ünvanında yaşayır. Bir gün ünvan 3 ünvanında yerləşən evinə işdən qayıtdıqda darvazanın qarşısında məktub görmüşdür. İddiaçı məktubu oxuduqda özünə ünvanladığını görmüş, zərfi açıb məktubda yazılanlarla tanış olduqda sözün əsl mənasinda şoka düşmüşdür. Belə ki, "Azəriqaz" İB-nin BRQSD-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən evinə quraşdırılmış G4 markalı **********9 saylı sayğacın çıxış plasmas borusunda deşik aşkar olunduğu üçün ******* saylı akt tərtib olunaraq müvafiq qurumlar qarşısından dəymiş ziyanın hesablanması tələb kimi qoyulmuşdular. Bundan sonra iddiaçı müvafiq orqanlar müraciət etmiş və məlum olmuşdur ki, ******* saylı akt əsasında iddiaçıya 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat qazdan qanunsuz sərfiyyat hesablanmışdır. Hazırda iddiaçı ünvan 3 ünvanında yaşadığı üçün hər həftə qazdan istifadə üçün müəyyən məbləğlədən qaza pul yükləyir və yüklədiyi pulun 50 faizini ******* saylı akt əsasında mənə hesablanmış 1555.20 manat qanunsuz sərfiyyata çıxırlar. Bu isə qüvvədə olan bütün qanunvericilik aktlarının tələblərini pozmaqla yanaşı "Azəriqaz" İB BRQSD-nin əməkdaşlarının özbaşına hərəkətlərindən başqa bir şey deyil və hesab edir ki, "Azəriqaz" İB-nin BRQSD-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən evinə quraşdırılmış G4 markalı **********9 saylı sayğacın çıxış plasmas borusunda deşik aşkar olunduğu üçün ******* saylı aktla müəyyən edilmiş 1555.20 manat qaz sərfiyyatı qanunsuz olduğu üçün silinməlidir. Belə kii, qeyd olunan aktda hansı tarixdə və hansı saatda tərtib edilməsi göstərilmədiyi üçün aktın tərtib edildiyi dəqiq tarixi bilinmir. Əlavə olaraq akt tərtib edilərkən onu "Azəriqaz" İB BRQSD-nin əməkdaşları Nəsirov Ruslan, Rüstəmov Rövşən və İsmayılov Anar imzalamışdılar. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Lakin ******* saylı aktdanda göründüyü kimi aktı bir tək işin nəticəsində maraqlı olan "Azəriqaz" İB BRQSD-nin əməkdaşları Nəsirov Ruslan, Rüstəmov Rövşən və İsmayılov Anar imzalamışdılar. Əlavə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən aktı tərtib edənlərin adı, soyadı və ata adı ilə yanaşı aktın tərtib edildiyi ünvan və tarixdə aktda qeyd olunmalıdır. Lakin aktda nəzərə yetirdikdə aktın imzalayanların soyadı və adı aktda qeyd edilsədə ata adları qeyd edilməyib. Həmçinin aktın harada və hansı tarixdə tərtib edilməsidə aktdan məlum olmur. Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpe edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən mən fiziki şəxs kimi istehlakçı olaraq sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımır. Həmçinin bu cür aktlar tərtib edildikdə iddiaçının iştirakı bir qayda olaraq təmin edilməli idi. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi qazdan istifadəni tənzimləyən bu qanunvericilik normaları qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsini, qazın verilməsinin dayandırılması və bərpa edilməsinin hər bir halda qaz päylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməsini tələb edir. Bundan əlavə iddiaçının evə aid qaz sayğacında hər hansı problemin olmasına dair həmçinin heç bir video çəkilişdə aparılmamaqla aktdada bu barədə heç bir hal qeyd olunmamışdır. İddiaçı anlaya bilmir necə ola bilər ki, 4 gözlü qaz pilitəsi istifadə edəsən və ona 12960 kub qaz sərfiyyatı hesablansın. Göstərilən sərfiyyatın nəyə əsaslanaraq aparıldığını iddiaçıya bü günədək heç kim izah edə bilmir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ünvanında quraşdırılmış G-4 markalı, 1002AQ**********5 saylı sayğac çıxarılaraq Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-3123-1 saylı aktla “Sayğacın cıxış plastmas borusu deşikdir” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 1555.20 (12960m3 x 0.12) manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 1555.20 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-00107xx/xx- 2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqavilə əsasında Cavabdeh İB tərəfindən İddiaçı məxsus mənzilin qazla təmin edilməsi razılaşdırılmışdır. Abonentin saldosundan görünür ki, ünvan 4 ünvana dair İddiaçı **********00030 saylı abonentin 03.2023-cü ildən 09.2023-cü il tarixədək qalıq və aktlar üzrə borcu 1555,20 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ünvan 5 ünvanında təbii qazın uçotu və TQİQ-nin riayət olunması yoxlanıldı və xx.xx.2023-cü il tarixli dövlət yoxlanılmasına əsasən 10-170415 saylı sayğacın klapanı işlək deyil. Sayğacın plasmas borusu deşilib. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3123-1 №-li Aktına əsasən G-4 markalı 1002AQ**********5 №li sayğacın çıxış plastmas borusu deşikdir. Cavabdeh İB-nin bildiriş xəbərdarlığından görüür ki, İddiaçı 1591.60 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt ləğv edilməli, İddiaçı (abonent kodu **********00030) Bakı şəhəri, Suraxanı rayonu, ev 59, 3 saylı mənzilinə hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt ləğv edilsin. İddiaçı (abonent kodu **********00030) Bakı şəhəri, Suraxanı rayonu, ev 59, 3 saylı mənzilinə hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar