Məhkəmə qərarları › İş №2(010)-516/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-516/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-516/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə “xxxx” ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 5 saylı mənzilə işlədilmiş elektrik enerjisinə görə ödənilməli olan 418 manat məbləğində borcun ona heç bir aidiyyətinin olmamasının müəyyən edilməsi və borcun silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli NDM seriyalı 018452 nömrəli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 390,47 manat məbləğində borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək qəbz təqdim etdi və bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 95 saylı evin 10 saylı mənzilində qeydiyyatda olsa da Samir Əliyev küçəsi 206 saylı evin 5 saylı mənzilində yaşayır. Həmin həyətdə yaşayıb elektrik enerjisindən mütəmadi istifadə etmiş və öz borcunu da “xxxx” ASC-nin əməkdaşları tərəfindən ona verilmiş «bildiriş xəbərdarlıq» vərəqəsində göstərilən məbləğdə ödəmişdir. xx xxx 2020-ci ildə “xxxx” ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacda daxili nasazlığın olduğunu bildirmişlər, o isə heç bir müdaxilə etmədiyini bildirmiş və bu barədə Akt tərtib etmişlər. xx xxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən sayğac çıxarılmış, yerinə yeni sayğac quraşdırılmışdır. O, həmin torpaq sahəsində işlətdiyi enerjiyə görə borcunu ödəyən zaman “xxxx” ASC-nin əməkdaşları tərəfindən ona 418 manat borcunun olduğunu bildirmişlər. Borcun yazılmasından sonra isə müəyyən ödənişlər həyata keçirmişdir və hazırda 390,47 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi yazılmış borc əsassızdır və buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik sayğacının dövrədən keçən yükü qeyd etmədiyi və sayğacın işləmədiyi aşkar edilmişdir. Nəticədə aktlaşdırma aparılmış və sayğacın yenisi ilə əvəz olunaraq, laboratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur. Göründüyü kimi akt əsasında abonentə borc yazılmışdır. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları R.Babayev və S.İbrahimov tərəfindən ünvan 2 mənzil 5 ünvanına dair tərtib edilmiş NDM seriyalı 018452 nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacı dövrədən keçən yükü qeyd etmir, sayğac işləmir. Sayğacın yenisi ilə əvəz olnması, çıxarılan sayğacın isə laboratoriya şəraitində rəy verilməsi qeyd olunmuşdur. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, **********10003 saylı kod üzrə evin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə X3 nümayəndələri tərəfindən NDM 018452 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası (4128 kVts) məqsədilə abonentə 418.00 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildiriş xəbərdarlıq barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 17 manat ödənilmiş və qalıq borc 390,47 manat qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1 maddəsinə əsasən, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent -elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.4.-cü maddəsinə əsasən, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1.-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.19-cu bəndinə əsasən, istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 7.11.-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Göründüyü kimi, qanunvericilik elektrik qurğularının saz vəziyyətdə saxlanmasına görə istehlakçı-abonentin məsuliyyət dairəsini dəqiq müəyyən edib. Hazırkı işdə, iddiaçıya aid hesablaşma elektrik sayğacı cavabdehə məxsus mənzilin daxilində deyil, mənzilin kənarında quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda, yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “xxxx” ASC-nin NDM seriyalı 018452 nömrəli xx.xx.2020-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********10003) hesablanmış 390,47 manat məbləğində borc ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli NDM seriyalı 018452 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********10003) hesablanmış 390,47 (üç yüz doxsan manat qırx yeddi qəpik) manat məbləğində borc ləğv olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar