Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-521/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2 qarşı “mənzildən kənar şəxslərin çıxarılması, mənzilin sahiblik və istifadəyə verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər "xxxx" MTk və Cavabdeh2 qarşı “mənzildən kənar şəxslərin çıxarılması, mənzilin sahiblik və istifadəyə verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 30 iyun 2014-cü il tarixli, 74 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən, 4-cü giriş, 7-ci mərtəbə, 273 saylı, 3 otaqlı, ümumi sahəsi 111,4 kv/m olan mənzildən kənar şəxslərin çıxarılması, mənzilin ona təhvil verilməsi və həmin mənzilə onun sahiblilk və istifadəmə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən Badü-Kübə MTK-ya gedərək MTK-nın sədrinə müraciət etmiş və mənzil almaq istədiyini bildirmişdir. MТК-nın X1 ilə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 34 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən, 4-cü giriş, 7-ci mərtəbə, 273 saylı, 3 otaqlı, ümumi sahəsi 111,4 kv/m olan mənzili ona satmağı və təhvil verməsi barədə icraçı tərəfindən üzərinə öhdəlik götürülür. Bunun müqabilində isə o, 67.000 (altmış yeddi min) manat məbləğində pul vəsaitini cavabdehə ödəməli idi. Müqavilədə nəzərdə tutulan müddəalara uyğun olaraq qeyd edilən pul vəsaitini cavabdehə ödəmiş və bu barədə maliyyə arayışı almışdır. Bir neçə il sonra binanın inşası başa çatmış və onun müqavilə ilə sahibliyində və istifadəsində olan mənzil də tikilib yekunlaşmışdır. Son dövrlərdə binaya mənzilinə baş çəkməyə gedən zaman binanın komendantı binada yenidənqurma və digər fasad işlərinin görülməsi ilə əlaqədar mənzilə baxmağa şərait yaratmamışdır. Bir neçə dəfə gedib gələndə yenidən təkrar həmin bəhanələrlə qarşılaşmışdır. Belə olan halda orada mübahisə yaradaraq məcburi şəkildə mənzilinə qalxaraq baxış keçirən zaman başqa mənzərə ilə rastlaşmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə mənzilinə baxmağa gedən zaman ona məlum olmuşdur ki, ona məxsus olan mənzildə tanımadığı kənar şəxslər kirayə qalırlar. Yəni onun mənzili qanunsuz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və həmin şəxs də sözügeden mənzili təmir edib kənar şəxslərə kirayə vermişdir. Bu barədə binanın rəhbərliyinə şikayət etdikdə onlar da onun şikayətimə məhəl qoymadı. Bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Polisə şikayət zamanı Ədalət Qəməborv izahatında bildirmişdir ki, istintaqın ilkin mərhələsində cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, 2 il gedən istintaq zamanı günahının olmadığı müəyyən edildiyindən onun təqsirləndirilən şəxs statusuna xitam verildiyini və o məhkəmədə şahid qismində çıxış etdiyini qeyd etmişdir. İddiaçı "Badukubə MTK"-da yerləşən 273 saylı mənzilin əsl sahibi olmasını, lakin istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadıqlarından və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ona "rəhbərliyin göstərişidir deyilərək" mənzilləri başqa şəxslərə verməyini bildirdiklərindən Maisin mənzili digər 12 mənzil kimi ayrı-ayrı şəxslərə, sırf Maisin mənzilinin isə MTK tərəfindən dəyəri ödənilmədən Cavabdeh2 verildiyini bildirmişdir. Cavabdeh2la MTK arasında olan müqavilədə də həmin mənzilin dəyəri ödənilmədən Cavabdeh2 verilməsinin qeyd edildiyini, hər hansı bir gəlir və ya başqa maraq müqabilində Maisin evini Məzahirə vermədiyini, sadəcə dövlətin göstərişini yerinə yetirdiyini qeyd etmişdir. Yuxarıdakı izahatdan da görünür ki, Ədalət Qənbərov qanunsuz və əsassız olaraq dəyəri onun tərəfindən ödənilmiş mənzili, heç bir dəyəri və maddi vəsait ödənilmədiyi halda başqa şəxsə, yəni Cavabdeh2 verdiyini təsdiqəmişdir. Özü də izahatında qeyd etmişdir ki, hansına şəxslərin qanunsuz təyziqi və göstərişi əsasında bunu etmişdir. Hesab edir ki, bu tamamilə qanunsuz və əsassızdır. Cavabdeh2 mənzili qanunsuz və əsassız olaraq əldə edərkən həmin mənzilin başqa şəxsə,yəni ona məxsus olmasını bilmişdir. Belə ki, Cavabdeh2 Ədalət Qənbərova ünvanladığı 30 iyun 2014-cü il tarixli ərizəsindən də görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən, 4-cü giriş, 7-ci mərtəbə, 273 saylı, 3 otaqlı, ümumi sahəsi 111,4 kv/m olan mənzilin mübahisəli mənzil olduğunu bilir və həmin mənzillə təmin olduğu üçün kooperativə qarşı əlavə heç bir tələbi yoxdur. Hətta tərəflər arasında 30 iyun 2014-cü il tarixdə mübahisəli mənzilin Cavabdeh2 sahiblik və istifadəsinə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Belə ki, ona 67.000 manat müqabilində satılan mənzil 5 il sonra dəyəri 43.825 manat göstərilməklə qanunsuz olaraq Cavabdeh2 satılmışdır. Halbuki, mənzilin dəyəri 5 il sonra daha artmaq əvəzinə müqaviləyə əsasən dəyərinin düşdüyünü görürük. Bu hal da bir daha həmin müqavilənin qanunsuz şəkildə yalnız formal olaraq görüntü məqsədilə guya dəyəri ödənilməklə bağlandığının əyani təzahürüdür. Qeyd olunan faktiki hallarla bağlı xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-yə müraciət edərək Badü Kübə MTK-nin X1ndan şikayət etmişdir. Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Cavid İskəndərov tərəfindən Ədalət Qənbərovun əməlində cinayət tərkibinin olmaması və aralarındakı mübahisənin mülki xarakterli mübahisə olması əsası ilə cinayət işinin başlanamsının rədd edilməsi barədə 07 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdehin dəyəri tərəfimdən tam ödənilmiş, ona məxsus mənzili başqa şəxsin sahiblik və istifadəsinə verməsi tamamilə qanunsuz və əsassız hərəkət olmaqla onun qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulmasına yönəlmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş edir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, Ağayev Rafiq MTK-nı məhkəməyə verib. Bütün mərhələlərdə o, qalib gəlib. 2014-dən 2021-ə kimi özü yaşamış, daha sonra kirayəyə vermişdir.
6. Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsini qəbul etməyərək bildirdi ki, Ağayev Rafiqlə cavabdehin aralarında razılaşma olub, müqavilə bağlanıb. Anoloji olaraq 2023-də hakim Rübabə Qafarovanın icraatında bu formada işə baxılıb və iddia rədd olunub.
İş materialları
7. Cavabdeh1 MTK-da yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2009-cu il, 34 nömrəli müqavilədən görünür ki, Cavabdeh1, sonralar “İcraçı” adlanacaq Kooperativin Nizamnaməsinə uyğun hərəkət edən Kooperativin X1 bir tərəfdən, digər tərəfdən şonradan “Alıcı” adlanacaq İddiaçı “İcraçı” ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK -nın təsisçiləri və “Alıcı” ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 273 saylı mənzil təklif edir. Həmin müqavilənin şərtlərinə görə icraçı yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın İV giriş, 7-ci mərtəbə, 273 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 67000 manat müəyyən edilmişdir.
8. xx.xx.2009-cu il tarixli, 34 nömrəli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binasının "xxxx" MTK-nın təsisçilərinin və “Alıcı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın 4-cü giriş, 7-ci mərtəbə, ümumi sahəsi 111.4 kv.m 3 otaqlı, 273 saylı mənzilin ümumi dəyərindən 67000 (altmış yeddi min) manat “alıcı” İddiaçı tərəfindən ödənilmişdir.
9. xx.xx.2014-cü il tarixli "xxxx" MTK–da yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, “İcraçı” ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın üzvləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin xx.xx.2012 c.i.tarixli ərizəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2014cü il tarixli tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə və dəyər vergisi MTK-nın ödənilməyən, yaşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X9 imzası ilə 20 Fevral 2007ci il tarixli "xxxx" MTK-nın saxta müqaviləsi əsasında Cavabdeh2 verilmiş mənzil, digər boşaldılmış mənzillə, dəyəri ödənilmədən əvəzləşdirilir. X15 tərəfindən imzalanmasına baxmayaraq, mənzilin dəyəri Cavabdeh2 tərəfindən Zaur Cabbarova ödənilmişdir. (20. 02 2007-ci il tarixli saxta müqavilə və Cavabdeh2 ərizəsinin surəti bu müqaviləyə əlavə edilir.).
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017ci il tarixli, 2(102)4097/2017 nömrəli qərarından görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(010)-379/2016, hakim E.Z.Ağayev) iddiaçı X5 iddiası təmin edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4-cü giriş, 7-ci mərtəbə, üç otaqlı 273 saylı mənzilə dair 30 iyun 2014-cü il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(103)-8348/2016, hakimlər N.Ş.Cəfərov, C.İ.Səfiyeva və V.T.Həsənov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, “Badu-Kübə" MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2, X12 və X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4-cü giriş, 7-ci mərtəbə, üç otaqlı 273 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Kassasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. X13 tərəfindən yazılmış 09 dekabr 2017-ci il tarixli notarial ərizədən görünür ki, icra sənədinə əsasən borclu Cavabdeh2 yaşadığı Bakı şəhəri, suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış sahəsindəki 13M nömrəli binanın 4-cü girişinin 7-ci mərtəbəsində yerləşən, sahəsi 114,4 kv.m təşkil edən 3 otaqdan ibarət 273 saylı mənzili boşaldıb ona təhvil verməlidir. Ərizəçi bildirmişdir ki, həmin mənzilin tam dəyəri borclu Cavabdeh2 tərəfindən ona ödənildiyi üçün ondan heç bir tələbi yoxdur. Mənzilin onun tərəfindən istifadə edilməsinə və onun mülkiyyətində qalmasına razıdır. Xahiş edilmişdir ki, 2 (103)-8348/2016 saylı, xx.xx.20217-ci il tarixli icra sənədinin icraatına xitam verilsin, söhbəti gedən mənzillə bağlı heç bir iddia və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaq.
İşin faktiki halları
12. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan mənzilin mülkiyyət sənədi yoxdur. Hər iki tərəfin həmin mənzillə bağlı müqavilələri mövcuddur. İddiaçı mübahisə obyekti olan mənzillə bağlı onun müqaviləsinin daha əvvəl bağlandığına, Cavabdeh2 isə müqaviləsinin ondan sonra bağlandığına istinad edərək mənzillə bağlı onun hüquqlarının təsdiq edilməli olmasını bildirir. Digər müqavilənin isə tarix baxımından özünün tərəf olduğu müqavilədən sonra bağlandığına görə etibarsız hesab edilməsini xahiş edir. Cavabdehin etirazı ondan ibarətdir ki, o, uzun müddətdir ki, (12 il) həmin mənzildə yaşayır, bu mənzillə bağlı onun əvvəllər də 3-cü şəxslə məhkəmə mübahisələri olmuş, sonda məhkəmələr 3-cü şəxsin xeyrinə qərar qəbul etsələr də, onlar icra mərhələsində aralarında razılaşmışlar və o 3-cü şəxsə ödəniş etməklə mənzilə yenidən sahiblənmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
14. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
15. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə obyekti olan mənzillə bağlı iddiaçı xx.xx.2009-cu ildə, cavabdeh isə 30 iyun 2024-cü ildə müqavilə bağlamışdır. İşin hallarından o da müəyyən olunur ki, cavabdeh 12 ildir həmin mənzildə yaşayır, onun bu mənzillə bağlı Rafiq Ağayev adlı şəxslə də məhkəmə mübahisələri olmuşdur. İddia tələbinin 30 iyun 2014-cü ildə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qərarından görünür ki, həmin müqavilə işə baxan məhkəmələr tərəfindən artıq etibarsız hesab edilmişdir. Odur ki, mübahisələndirilən müqavilə faktiki olaraq mövcud deyildir. Cavabdehin mübahisə obyekti olan mənzilə sahibliyinin əsasının müəyyən edilməsi baxımından qeyd edilməlidir ki, cavabdehin həmin mənzilə sahibliyi sonradan məhkəmələr tərəfindən etibarsız hesab edilən müqavilə əsasında başlamışdır. O da qeyd edilməlidir ki, 273 saylı mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə işləri olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmələr tərəfindən araşdırılmış və məhkəmələr hesab etmişlər ki, 273 saylı mənzilin qanuni sahibi X7r. 30 iyun 2014-cü il tarixli müqavilənin məhkəmələr tərəfindən etibarsız hesab edilməsi və mənzilin əsl sahibi X13 ilə Cavabdeh2 notarial razılaşması ilə cavabdehin mübahisəli mənzil üzərində sahibliyinin əsası dəyişmişdir. Belə olan halda, mübahisə obyekti olan 273 saylı mənzilin X8 məxsus olması məhkəmələr tərəfindən müəyyən edildiyindən, sonradan mənzilin hüquq sahibi olan həmin şəxs ilə Cavabdeh2 yeni anlaşma bağladıqlarından, həmin anlaşma əsasında mənzilin əsl sahibi olan şəxs mənzillə bağlı hüquqlarını Cavabdeh2 güzəşt etdiyindən, eləcə də Cavabdeh2 mübahisəli mənzilə sahibliyi 12 ildir ki davam etdiyindən, məhkəmə hesab edir ki, həmin mənzilə iddiaçının istifadə və sahiblik hüquqlarının tanınması qanuni və ədalətli hesab edilə bilməz. Ona görə ki, cavabdeh həmin mənzilə istifadə və sahiblik hüquqlarını mənzilin qanuni sahibindən əldə etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçı ona vurulan ziyanın əvəzinin ödənilməsi tələbini özündə saxlayır və hazırkı iddianın rədd edilməsi onun bu tələbini aradan qaldırmır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
19. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2 qarşı “mənzildən kənar şəxslərin çıxarılması, mənzilin sahiblik və istifadəyə verilməsi, alq-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2 qarşı “mənzildən kənar şəxslərin çıxarılması, mənzilin sahiblik və istifadəyə verilməsi, alq-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov