Məhkəmə qərarları › İş №2(105)-594/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-594/2024

13.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-594/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1278/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Çinar-AN” Mənzil Tikinti Kooperativi ilə (MTK-nın sədri X7) alıcı İddiaçı arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli 397 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 54,25 kv.m. olan olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi məbləği 32.550,0 manat təşkil edir.

2. Cavabdeh2 MTK-nin sədri və mühasibi tərəfindən verilmiş maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550,0 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur.

3. Cavabdeh2 ilə (MTK-nın sədri X3) alıcı Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli 27 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, 48 nömrəli, ümumi sahəsi 59,0 kv.m. olan olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi məbləği 35.940,0 manat təşkil edir.

4. Cavabdeh2 MTK-nin sədri tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,0 kv.m. olan 1 otaqlı, 48 nömrəli mənzilin pay dəyəri 35.940,0 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur.

5. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh1 həqiqətən Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyi ünvanında C girişi, 48 saylı mənzildə yaşayır.

6. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən edilir ki, Cavabdeh2 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyində inşa etdiyi çoxmərtəbəli binasında 1 otaqlı, 48 nömrəli mənzili, 14 sentyabr 2015-ci ildə İddiaçı satılmışdır. 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə Cavabdeh1 Cahangir qızına satılmışdır. Həmin mənzil Cavabdeh1 Cahangir qızı tərəfindən təmir edilmiş və mənzildə hal-hazırda yaşayış var. Bütün bunlar MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, əlavə məlumat verə bilmirlər. Hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmişlər.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m., olan, 1 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK ilə bağladığı 14 sentyabr 2015-ci il tarixli, 397 saylı Müqaviləyə əsasən “Abşeron rayonu, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi” ünvanında inşa edilmiş yaşayış binasında mənzilin (payın) verilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 1 və 2-ci bəndlərinə əsasən Xırdalan şəhəri, BakıQuba yolunun 14-cü kilometrliyinin, qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m. olan, 1 otaqlı mənzil bir pay kimi ona verilməlidir. Həmin mənzilin (payın) dəyəri 1 kv.m. üçün 600 manat, cəmi 32.550 manat müəyyən edilmiş və həmin məbləği tam ödəmişdir. Daha sonra, mənzilə tərəfindən seyf qapı qoyulmuş, bir müddətdən sonra isə mənzildə ilkin təmir işlərinə başlamışdır. Lakin, dəniz gəmisində işlədiyinə görə uzun zamanlar dənizdə qalmağa məcbur olmağı ilə və qayıdanda da rayona ailəsinin yanına getdiyi üçün təmir işlərində ondan asılı olmayan səbəblərdən ləngimə olmuşdur. Daha sonra, 2019-cu ilin sonundan ölkədə baş verən məlum pandemiya səbəbindən təmir işlərini məcbur dayandırmalı olmuşdur. Bir müddət bundan əvvəl dənizdən qayıtdıqdan sonra mənzilinə baş çəkmək və yarımçıq qalmış təmir işlərini davam etdirmək məqsədi ilə ünvana getmiş, lakin mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilməmişdir. MTK-ya müraciət edəndən sonra, məlum olmuşdur ki, həqiqətən onun mənzili təkrar qanunsuz şəkildə ikinci cavabdehə satılmışdır. Rəsmi sorğu verdikdən sonra həmin müqavilə və vətəndaş barədə rəsmi sənədlər ona təqdim edilmişdir. Göründüyü kimi sahiblik və istifadəsində olan yuxarıda qeyd edilən mənzil, qanunsuz olaraq ikinci cavabdehə satılmış, ikinci cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi var, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və onun həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Mənzil təmirsiz, qapısız və içərisi isə zibilxana olub. Orada 7 illik qonşusu belə bunu təsdiq edər ki, mənzil boş mənzil olub, alandan sonra mənzilə qapı qoydurub, təmir etdirmişdir. Bu barədə məhkəməyə fotoşəkillər də təqdim etmişdir. Ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. İddiaçı 9 ildən sonra gəlib mənzil iddia edir.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ev alğı-satqısı ilə məşğul olur. Cavabdeh və atası onun vasitəsi ilə həmin bu mənzili almışdır. Həmin mənzili aldıqdan sonra onu mənzili necə təmir edəcəklərini məsləhətləşmək üçün ora aparmışlar. Həmin vaxt mənzil təmirsiz, pis vəziyyətdə idi, qapısı da yox idi. Usta çağırıb mənzili təmir etdirmişlər. O, isə təmir üçün lazım olan materialların alınmasında kömək etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1278/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyəti məhz mənzil əldə etmək olduğundan, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satılması barədə məlumatı olmadığından həmin müqavilə etibarsız müqavilə sayıla bilməz. Bundan başqa, mübahisəli mənzillə bağlı öhdəlik MTK tərəfindən hər iki tərəfin yəni həm iddiaçının və həm də cavabdehin xeyrinə icra edilsə də, öhdəliyin icrası Cavabdeh1 tərəfindən qəbul edildiyindən, onun tərəfindən mənzil təmir edilib hal-hazırda da orada yaşadığından iddia tələbi əsassızdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən satıcı Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 59.0 kv.m olan 1 otaqlı 48 nömrəli mənzili Alıcıya satması razılaşdırıldığı halda, iddiaçı ilə bağlanan 14 sentyabr 205-ci il tarixli müqavilədə mənzilin nömrəsi belə qeyd edilməmişdir.

14. Bununla belə, məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh2 MTK İddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından onun Cavabdeh2 MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 337.1, 337.2, 386.1, 389.1, 390.1, 399.1, 452.1, 452.2, 752.1, 752.2, 770-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1391/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1278/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov).

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4344/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1391/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov).

20. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, həmçinin iddiaçının illər ərzində gəmidə işlədiyini bildirməsini, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etdiyini, iddiaçı tərəfindən mənzilin 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərmişdir. Halbuki iş materiallarında olan sübutlarla, iddiaçının mübahisəli mənzili Cavabdeh1 daha əvvəl, 14 sentyabr 2015-ci il tarixdə alaraq, mənzilin pay dəyəri olan 32.550,0 manat məbləğində pulu Cavabdeh2 MTK-ya ödəməsi təsdiqini tapmışdır.

21. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mənzilin 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərməklə həmin sübutları şübhə altına almış, Cavabdeh1 satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini qeyd edərkən isə, iddiaçıya mənzilin satılması zamanı mənzillərin hələ nömrələnməsi, mənzilin birinci dəfə satılmasından 6 il sonra Cavabdeh1 satılması zamanı artıq mənzillərin nömrələnməsi ehtimalını nəzərə almamış, qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan formal mülahizələrinə uyğun qərar qəbul etmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə Cavabdeh1 satılmasının MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmələri barədə Cavabdeh2 MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023cü il tarixli məlumatda qeyd olunanlar da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb-edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıb-aparılmaması MTKya rəsmi sorğu verilməklə yoxlanılmamış, bu kimi nəticələr mövcud olmadığı halda isə MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması və bununla bağlı xüsusi qərardadın qəbul edilməsi məsələsi müzakirə edilməmişdir. Eyni zamanda MTK-nın xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunanlardan asılı olaraq, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə Cavabdeh2 MTKda sədr vəzifəsində işləmiş X5, həmçinin Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə Cavabdeh2 MTK-da sədr vəzifəsində işləmiş X1 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsini Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edərək, tərəflərin fikirlərini öyrənməmişdir. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək mübahisəli mənzilin Cavabdeh1 real olaraq təhvil verilməsi əsası ilə iddia tələbini rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir. Belə ki, göstərilən hallar araşdırılarkən mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya real olaraq təhvil verilməsi təsdiqini tapdığı halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsi çıxış edəcəkdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, sahiblik və istifadəsində olan mənzil, qanunsuz olaraq ikinci cavabdehə satılmış, ikinci cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi var, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550 (otuzikimin beş yüzəlli) manat iddiaçı tərəfindən tam ödənilmişdir, onun MTK-ya borcu yoxdur. Lakin məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır. Məhkəmə yalnız MTK-dan maddi zərər tələb etmək hüququnun olması qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən ikinci cavabdehlə bağlanımış müqavilənin etibarsızlığı üçün kifayət qədər əsaslar olsa da, cavabdehin mənzili təmir etməsini əsas götürmüşdür. Halbuki cavabdehin mənzili təmir etməsi əqdin etibarlı olmasına dəlalət etmir və belə olan halda ikinci cavabdeh MTK-dan ona vurulmuş maddi zərəri, təmir xərclərini tələb etməlidir. İddiaçı tərəfindən mənzilin tam təmir edilməməsi halı mənzildən imtinaya və digər hallara səbəb olmur və bağlanılmış müqavilədə bu barədə hər hansı bir qeyd-şərt yoxdur. Göründüyü kimi, cavabdeh MTK qanunsuz olaraq bu mənzili digər şəxsə satmaqla cinayət törətmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

28. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

51. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Verilmiş apellyasiya şikayətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1278/2023 nömrəli qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirilmişdir.

55. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m., olan, 1 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

57. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

58. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

59. Kollegiya əvvəla qeyd edir ki, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin nömrəsinin göstərilməməsi iddianın əsassız olması anlamına gəlmir. İşdən görünür ki, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, 14 sentyabr 2015-ci ildə İddiaçı satılmış mənzil 11 dekabr 2021-ci il tarixdə başqa bir müqavilə ilə Cavabdeh1 Cahangir qızına satılmışdır. Odur ki, tərəflər arasında eyni mənzillə bağlı mübahisənin getməsi işin faktiki halları ilə öz təsdiqini tapır.

60. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəsi gedən Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində yerləşən 1 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən İddiaçı ilə Cavabdeh2 MTK ilə müqaviləsi xx.xx.2015-ci il tarixli müqavilə qüvvədə olmuşdur, İddiaçı isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır.

61. Nəzərə alınmalıdır ki, məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mənzil MTK tərəfindən Cavabdeh1 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.

62. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

63. Kollegiya qeyd edir ki, 15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin məzmununa görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

64. Belə olan halda, İddiaçı Cavabdeh2 MTK-ya mənzilin pay dəyəri 32550 manat məbləğində pulu ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.”

67. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh2 MTK tərəfindən mübahisəli mənzilin üçüncü şəxsə satılmasına dair İddiaçı razılığı alınmadığından, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, mübahisəli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

68. Bununla belə məhkəmə kollegiyası izah edir ki, iddianın bu hissədə təmin olunması mübahisəli mənzil üçün Cavabdeh1 tərəfindən Cavabdeh2 MTK-ya ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

69. Kollegiya iddianın “mənzilə istifadə hüququnun tanınması” hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh2 MTK-ya mənzilin pay dəyərini ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etdiyindən, istifadə hüququnun tanınmasına zərurət yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğvi üçün əsasdır.

71. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m., olan, 1 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1278/2023 nömrəli qətnaməsi qismən – “Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km., qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m., olan, 1 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli 27 nömrəli müqavilə etibarsız hesab edilsin, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, 1 otaqlı 48 nömrəli mənzil Cavabdeh1 tərəfindən əşyalar götürülməklə boşaldılsın və İddiaçı təhvil verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar